Yaponiyada keçirilən beynəlxalq sərgidə “Balxurma” şirkətinin məhsulları böyük maraqla qarşılanıb VİDEO

Tokio, 19 Noyabr, /AJMEDIA/

Noyabrın 17-də Yaponiyanın Osaka şəhərində açılan “JFEX-2021” (Yaponiya Beynəlxalq Emal Edilmiş Qida Məhsulları Sərgisi) beynəlxalq qida məhsulları sərgisində Azərbaycanın “Balxurma” şirkətinin məhsulları böyük maraqla qarşılanıb.

AJMEDIA-nın xüsusi müxbiri xəbər verir ki, Yaponiyanın üçüncü şəhəri sayılan Osakanın “İntex-Osaka” expo mərkəzində açılan sərgidə dünyanın müxtəlif ölkələrindən yüzlərlə şirkət iştirak edir. Koronavirus pandemiyasına baxmayaraq, builki sərgiyə minlərlə ziyarətçinin qatılacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycanda kənd təsərrüfatı sahəsinə investisiya yatıran Yaponiyanın “TET International Development Co. Ltd.” şirkəti Balakəndə fəaliyyət göstərən “Balxurma” şirkəti ilə alqı-satqı barədə məxsusi müqavilə imzalayıb. Müqavilənin məqsədi “Balxurma” şirkəti tərəfindən xurmadan istehsal edilən məhsulların Yaponiyada satışının təşkil edilməsidir. Azərbaycan şirkətinin məhsullarının Yaponiyada və ətraf ölkələrdə tanıdılması məqsədilə “TET International Development Co. Ltd.” şirkəti Azərbaycan məhsullarını “JFEX-2021” beynəlxalq sərgisində təqdim etmək barədə qərar qəbul edib. “JFEX” sərgiləri Asiya regionunda müxtəlif ölkələrin emal edilmiş qida məhsullarının nümayiş olunduğu ən böyük sərgilərdən biri hesab olunur. Sərgi üç istiqaməti – “Qida məhsulları”, “Şərab və spirtli içkilər” və “Ət və süd məhsulları” kimi bölmələri əhatə edir. Cari ildə sərginin hibrid formatda təşkili isə iş adamlarına Osakaya gəlmədən bu beynəlxalq tədbirə qatılmaq imkanı yaradıb.

Sərginin ilk günündə Azərbaycan şirkətinin stendi ziyarətçilərin böyük marağına səbəb olub. “Balxurma” şirkətinin meydançasını həm istehsalçı, həm də alıcı şirkətlərin çoxsaylı nümayəndələri ziyarət ediblər.

“TET International Development Co. Ltd.” şirkətinin prezidenti Taro Savada AZƏRTAC-ın Yaponiya üzrə xüsusi müxbirinə bildirib ki, məqsədimiz sərgiyə ilk dəfə qatılan “Balxurma” şirkətinin məhsullarını Yaponiya və ətraf ölkələrin bazarına çıxarmaqdır: “Şirkət üçün ayrılmış xüsusi stenddə istər Yaponiyadan, istərsə də qonşu ölkələrdən gələn və bu sahə ilə maraqlanan iş adamlarına şirkətin məhsulları haqqında hərtərəfli məlumat verməyə çalışırıq. Azərbaycana xurma təqribən 100 il bundan əvvəl Yaponiyadan aparılıb. Əminəm ki, özünün yüksək keyfiyyəti, təbiiliyi və xüsusi tamı ilə seçilən Azərbaycan xurmasından hazırlanan məhsullar ziyarətçilərin diqqətini cəlb edəcək. Azərbaycanda yerli məhsulların ixracı üçün yaradılan şərait xarici şirkətlərin fəaliyyətinə də çox əlverişli şərait yaradıb. İnanıram ki, “Made in Azerbaijan” brendi yalnız Yaponiyada deyil, ətraf ölkələrdə də geniş tanınacaq. Siz özünüz də Azərbaycan məhsuluna göstərilən böyük marağın şahidi oldunuz. Düşünürəm ki, bu, şirkətin istehsal gücünü daha da artırmağa, Azərbaycanda yeni iş yerləri açmağa kömək edəcək”.

“JFEX-2021” beynəlxalq sərgisinin təşkilatçısı olan “Reed Exhibitions Japan Ltd.” şirkətinin rəsmi nümayəndəsi Konosuke Kamiyama isə deyib ki, Azərbaycanın adı son illər Yaponiyada çox məşhurlaşıb və bu ölkənin təbii məhsullarının Yaponiyaya ixracı hər iki tərəf üçün faydalı ola bilər: “Bizim şirkət artıq 4 ildir ki, Osakada emal edilmiş qida məhsullarının sərgisini keçirir. Bu il ilk dəfə Azərbaycan şirkəti də öz məhsullarını təqdim edir. Ölkənizin zəngin təbiətə, böyük kənd təsərrüfatı potensialına malik gözəl bir yer olduğunu eşitmişəm. Qurudulmuş xurma meyvəsi qida məhsulu kimi Yaponiyada da çox istifadə olunur. İnanıram ki, Azərbaycan məhsulu həm Yaponiya, həm də ətraf ölkələrin bazarlarında öz layiqli yerini tutacaq”.

Əlavə olaraq qeyd edək ki, təşkilatçılar noyabrın 19-dək davam edəcək sərgiyə 40 minədək ziyarətçinin qatılacağını proqnozlaşdırırlar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts