Yaponiyada 34-cü Tokio Beynəlxalq Film Festivalı başlayıb

Tokio, 30 Oktyabr, /AJMEDIA/

Oktyabrın 30-da Yaponiyanın paytaxtında Azərbaycan filminin də daxil edildiyi 34-cü Tokio Beynəlxalq Film Festivalının açılış mərasimi keçirilib.

AJMEDIA xəbər verir ki, əvvəlcə tanınmış kino ulduzları və qonaqlar ənənəvi qırmızı xalça üzərindən keçiblər. Mərasim festivalın yutub kanalında birbaşa nümayiş etdirilib.

Festivalın sədri Hiroyaşu Ando bildirib ki, koronavirus pandemiyasına görə təşkilatçılar festivalın cari ildə baş tutacağı ilə bağlı narahatlıq keçiriblər. Lakin Tokioda pandemiya ilə bağlı vəziyyətin sabitləşməsi festivalın tamaşaçılarla birlikdə təşkilinə imkan yaradıb. Cari ildə festivalın əsas meydançasının dəyişdirildiyini qeyd edən H.Ando onun paytaxtın kinematoqrafiyaya daha yaxın olan Hibiya və Yurakuço rayonlarında keçiriləcəyini bildirib. Sədr qarşıdakı on günün kinosevərlər üçün maraqlı və zəngin hisslərlə yadda qalacağına ümidvar olduğunu da deyib.

Mərasimdə videomüraciətlə çıxış edən Baş nazir Fumio Kişida bildirib ki, koronavirus pandemiyasının davam etdiyi indiki vaxtda festivalın təşkili çox əhəmiyyətlidir. Təşkilatçılar festivalın həm canlı, həm də onlayn formatda təşkilinə nail ola biliblər. F.Kişida, həmçinin ümid etdiyini bildirib ki, festivala təqdim edilən yapon filmləri və animelər xarici qonaqlarda xoş təəssürat doğuracaq.

Qeyd edək ki, festival ümumilikdə doqquz seksiyada davam edəcək.

Festivalda kinosevərlərin tamaşa edəcəyi ilk ekran əsəri ABŞ rejissoru Klint İstvudun özünün baş rolda çəkildiyi “Kişi göz yaşları” (2021-ci il) filmi olacaq. Festival noyabrın 8-də ABŞ kinorejissoru və yazıçı Steven Çboskinin lentə aldığı “Əziz Evan Hansen” filminin nümayişi ilə başa çatacaq.

Qeyd edək ki, cari ildə festivalın təşkilatçıları onun proqram direktorunu dəyişərək bu vəzifəyə Takeşi Kitanonun filmlərindən tanınmış prodüser Şyozo İçiyamanı təyin ediblər. Eyni zamanda, cari ildə ki, proqrama əvvəlki illərlə müqayisədə daha çox dünya premyerası daxil edilib. Builki proqram daha çox Asiya filmlərini əhatə edib.

Tokioda tamaşaçıların kino zallarına daxil olmasına gəlincə, bu qadağanın artıq aradan qaldırıldığını deyə bilərik. Lakin bunun müqabilində məhz pandemiya səbəbindən viza verilmədiyinə görə festivala əcnəbi qonaqlar dəvət edilməyiblər.

Ötən il pandemiyaya görə əsas mükafatın verilməsindən imtina olunmasından fərqli olaraq, təşkilatçılar müsabiqə proqramını bərpa ediblər. Bu çərçivədə festivalda 15 film nümayiş etdiriləcək. İddiaçılar arasında azərbaycanlı kinorejissor Hilal Baydarovun “Durna Çırağı” (2021-ci il) filmi də yer alıb. Filmdə Hüquq fakültəsinin məzunu olan qızın dörd qadını oğurlamaqda ittiham edilən kişi arasında münasibətdən bəhs edilir. Maraqlı burasındadır ki, həmin qadınlar ona qarşı şahidlik etməkdən imtina edirlər.

Məlumat üçün bildirək ki, “Durna çırağı” filmində Orxan İskəndərli, Elşən Abbasov, Hüseyn Nəsirov, Rəna Əsgərova, Aytəkin Mirişova, Məryəm Nağıyeva, Nigar İsayeva, Səda Həsənova, Kamran Hüseynov kimi aktyorlar rol alıblar. Filmin bəstəkarı Kənan Rüstəmlidir.

Festivalda müsabiqəyə buraxılan filmlər arasında Azərbaycan filmi ilə yanaşı, Çin, Qazaxıstan, Cənubi Koreya, Yaponiya, Albaniya və İran filmləri də yer alıb.

Festivalın müsabiqə hissəsinə daxil edilən 15 filmdən 10-nu dünya premyerası olacaq. Bu filmlər dünyanın 113 ölkəsindən və regionundan 1533 film arasından seçilib. Oktyabrın 30-dan noyabrın 8-dək davam edəcək 34-cü festivalın münsiflər heyətinin sədri məşhur aktrisa İzabel Yupperdir.

Ənənəyə müvafiq olaraq, Tokio festivalına yapon filmləri və animeləri də daxil edilib. Burada, həmçinin klassik filmlər də nümayiş etdiriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts