Yaponiya portalı Azərbaycan və Fransa prezidentlərinin telefon danışığından yazıb

Tokio, 6 avqust , /AJMEDIA/

Yaponiyanın “ajmedia.jp” portalı Fransa dövlətinin başçısı Emmanuel Makronun Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng etməsi barədə məlumatlar yayıb.
AJMEDIA xəbər verir ki, yapon və ingilis dilində yayılan məlumatlarda avqustun 4-də E.Makronun Prezident İlham Əliyevə zəng etməsi və danışıq əsnasında son günlərdə regionda yaranmış gərginlikdən narahatlığını ifadə etdiyi bildirilib. Qeyd olunub ki, telefon danışığı zamanı Ermənistanla Azərbaycan arasında danışıqların davam etdirilməsinin və 2020-ci 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarının həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Məlumatlarda Prezident İlham Əliyevin fransalı həmkarına Ermənistan tərəfindən törədilmiş növbəti hərbi təxribat barədə məlumat verdiyi, Azərbaycan ərazisində baş vermiş bu təxribat nəticəsində hərbi qulluqçumuzun həlak olduğu qeyd edilib. Dövlətimizin başçısının Azərbaycan Silahlı Qüvvələrinin bu təxribatın qarşısını aldığını, lazımi cavab tədbirləri gördüyünü dediyi və baş vermiş gərginliyə görə bütün məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirdiyi əksini tapıb.
Həmçinin Prezident İlham Əliyevin Azərbaycanın Qarabağ bölgəsində mövcudluğunu davam etdirən Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni hərbi birləşmələrinin ərazimizdən çıxarılması təmin edilməli olduğunu vurğuladığı qeyd edilib. Ermənistan tərəfindən bunun hələ də təmin edilmədiyi diqqətə çatdırılıb.
Eyni zamanda, telefon danışığı zamanı dövlətimizin başçısının Laçın dəhlizinə alternativ yeni yolun inşasının başa çatdırılmaqda olduğunu və bu işlər yekunlaşan kimi Rusiya sülhməramlı qüvvələrinin həmin yola dislokasiya olunmasının nəzərdə tutulduğunu bildirdiyi qeyd edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts