Yapon qılınc döyüş sənəti Heydər Əliyev Mərkəzində

Tokio, 3 fevral , /AJMEDIA/

Fevralın 3-də Bakıda Heydər Əliyev Mərkəzində “TATE-Hatoryu” qrupunun ifasında “Ənənəvi Yapon Qılınc Döyüş Sənəti üzrə Səhnə Performansı” təqdim edilib.
AJMEDIA xəbər verir ki, əvvəlcə Yaponiyanın ölkəmizdəki səfiri Vada Cuniçi TATE incəsənət növü haqqında məlumat verərək, bu sənətin özündə qədim samuray döyüş növü, rəqs və Kabuki elementlərini birləşdirən unikal bir səhnə performansı olduğunu bildirib: “Nyu-York daxil olmaqla, ABŞ-ın müxtəlif ştatları və Yaponiyada çoxsaylı səhnə performansları ilə çıxış edən “TATE Hatoryu” qrupu TATE incəsənət növünü təbliğ edir, eyni zamanda, bir çox hadisə və döyüş filmləri üçün səhnələrin çəkilişində dəstək göstərir”.
İki ölkənin coğrafi olaraq bir-birindən uzaqda yerləşməsinə baxmayaraq, Yaponiya ilə Azərbaycan arasında bu cür mehriban münasibətlərin, qarşılıqlı hörmət və etimadın qurulmasının təqdirəlayiq olduğunu bildirən səfir, ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Vada Cuniçi, eyni zamanda, Azərbaycan və Yaponiya arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi, mədəni, humanitar sahələrdə birgə layihələrin həyata keçirildiyini məmnunluqla qeyd edib.
Sonra qılınc hərəkətləri ilə çıxışlar nümayiş olunub.
Qeyd edək ki, tədbir Yaponiyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı, “ITOCHU, JTI Azərbaycan” və “ISR Auto, Landmark Bakı”nın dəstəyi ilə təşkil olunub. Bu ilin fevral-mart aylarında Yaponiya səfirliyi Azərbaycanda “Yapon küləyi” adlı silsilə tədbirlər də keçirəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts