Xoşbəxt ömrün 93 ili

Tokio, 14 yanvar , /AJMEDIA/

1957-ci ildən sonra Azərbaycanın dəniz nəqliyyatı tarixində ilk dəfə
gəmiyə həyatda olan şəxsin – Xoşbəxt Yusifzadənin adı verilib
Yanvarın 14-də tanınmış neftçi-alim və geoloq, SOCAR-ın birinci vitse-prezidenti, akademik, neft tariximizin canlı əfsanəsi Xoşbəxt Yusifzadənin doğum günüdür. Azərbaycanın neft tarixini yazan akademik Xoşbəxt Yusifzadə Xəzər dənizində genişmiqyaslı axtarış-kəşfiyyat işləri aparılmasında və oradakı karbohidrogen ehtiyatlarının üzə çıxarılmasında müstəsna xidmətlər göstərib. X.Yusifzadənin iştirakı və rəhbərliyi ilə 20-dən çox neft-qaz yatağı kəşf edilərək istismara verilib.

AJMEDIA bu gün 93 yaşı tamam olan Xoşbəxt müəllimin mənalı və şərəfli həyat yolunun, zəngin fəaliyyətinin bəzi məqamlarına nəzər salır.

Akademik Xoşbəxt Yusifzadə ən yüksək mükafatlara
və adlara layiq görülüb

Xoşbəxt Yusifzadə 1930-cu il yanvarın 14-də Bakının Pirşağı kəndində anadan olub. 1952-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirərək dağ mühəndisi-geoloq ixtisasına yiyələnib. Əmək fəaliyyətinə elə həmin il SSRİ Neft Sənayesi Nazirliyinin Bakıdakı “Dövlətxüsusineftlayihə” idarəsində başlayıb, sonra “Dənizneft” Birliyində, “Gürganneft” trestində (indiki “Neft Daşları” NQÇİ), “Başdənizneft” İdarəsində, “Xəzərdənizneft” Birliyində, “Azərineft” Dövlət Konsernində və Dövlət Neft Şirkətində müxtəlif vəzifələrdə çalışıb. 2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə X.Yusifzadə ARDNŞ-nin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti, 2016-cı ildən isə SOCAR-ın birinci vitse-prezidenti təyin edilib. Onun bilavasitə iştirakı və rəhbərliyi ilə Xəzər dənizi hövzəsinin Azərbaycan, Türkmənistan və Rusiya sektorlarında 20-dən çox neft və qaz yatağı, o cümlədən dünyada məşhur olan “Azəri”, “Çıraq” və “Günəşli” yataqları kəşf olunub və istismara daxil edilib. Məşhur neftçi-alimin xarici şirkətlərlə birgə aparılmış demək olar ki, bütün işlərdə, o cümlədən “Azəri-Çıraq-Günəşli” (dənizin dərin hissəsi) yataqlarının işlənməsində, “Əşrəfi”, “Qarabağ”, nəhəng “Şahdəniz” qaz-kondensat, “Kəpəz”, “Bahar”, iri “Abşeron” kimi məşhur yataqların, eləcə də 2010-cu ildə SOCAR-ın öz gücü ilə açdığı “Ümid” yatağının kəşf edilməsində əvəzedilməz rolu olub.
Ümumiyyətlə, X.Yusifzadənin elmi araşdırmaları neft və qaz-kondensat yataqlarının kəşfində və işlənməsində qarşıya çıxan problemlərin həll edilməsi işinə böyük töhfə verib. Geologiya-mineralogiya elmləri doktoru Xoşbəxt Yusifzadə bu sahədə elmi konsepsiyanın hazırlanmasına görə “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”na, Rusiya Təbiət Elmləri Akademiyasının “Akademik Azad Mirzəcanzadə beynəlxalq gümüş medalı”na layiq görülüb. Dünya elmi və iqtisadiyyatı qarşısında xidmətlərinə görə İsveçrənin Cenevrə şəhərində fəaliyyət göstərən “UNCOPA” təşkilatının “Avropa xidmət” ordeni ilə təltif edilib. O, SSRİ-nin iki “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı” ordenlərinə, iki dəfə Dövlət mükafatına layiq görülüb. Müstəqillik illərində isə əməyi “İstiqlal”, “Şöhrət”, “Şərəf” və 1-ci dərəcəli “Əmək”, “Heydər Əliyev” ordenləri, eləcə də Heydər Əliyev Mükafatı ilə, həmçinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə qiymətləndirilib.

Uzun ömrün neft sənayesinin inkişafına həsr edilmiş 70 ili

Görkəmli mühəndis-geoloq nadir insanlardandır ki, ölkəmizdə həm bir milyardıncı, həm də iki milyardıncı ton neftin hasil olunmasında şəxsən iştirak edib. Bu böyük ömrün 70 ildən çoxu Azərbaycan neft sənayesinə həsr olunub. Xoşbəxt müəllim bu gün də iş başındadır. Bir sıra ölkələrin və beynəlxalq elmlər akademiyalarının həqiqi üzvü, fəxri akademiki, geologiya-mineralogiya elmləri doktoru olan professor Xoşbəxt Yusifzadə müxtəlif dillərdə çoxsaylı elmi məqalələrin, habelə monoqrafiyaların müəllifidir. Onun elmi məqalələri, fundamental monoqrafiyaları bu gün neftçi-geoloqların, ali məktəblərin müəllimlərinin və tələbələrin stolüstü kitablarıdır. Məşhur alim və görkəmli istehsalat təşkilatçısı, həmçinin 200-dən çox tədqiqat işinin, o cümlədən 18 monoqrafiyanın və 8 ixtiranın müəllifidir.
Neft hasilatında nanotexnologiyaların inkişaf etdirilməsi və tətbiqi sahəsində xidmətlərinə görə 2010-cu ildə UNESCO-nun xüsusi medalı ilə təltif olunub, adı bu beynəlxalq təşkilatın ensiklopediyasına daxil edilib.
Azərbaycanın yeni neft strategiyasının müəllifi Ümummilli Lider Heydər Əliyev akademik Xoşbəxt Yusifzadənin proqnozlarına inanırdı. Təsadüfi deyil ki, Ulu Öndər çıxışlarında Xoşbəxt Yusifzadənin iştirakı ilə Xəzər dənizinin Azərbaycan sektorunda kəşf olunan neft-qaz yataqlarının yalnız ölkəmiz üçün deyil, bütövlükdə region üçün böyük əhəmiyyətə malik olduğunu dəfələrlə vurğulayırdı. Ulu Öndər Heydər Əliyev onun haqqında deyirdi: “Azərbaycanda Xəzər dənizini Xoşbəxt Yusifzadə kimi bilən ikinci adam yoxdur”.

Neftçi-alim və geoloq Xoşbəxt Yusifzadənin adı yeni gəmiyə və orta məktəbə verilib

Xatırladaq ki, 2020-ci il yanvarın 15-də dövlətimizin başçısının X.B.Yusifzadənin 90 illik yubileyi ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı Sərəncamına uyğun olaraq, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin yeni gəmisinə, həmçinin Bakı şəhəri, Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki 112 nömrəli tam orta məktəbə akademikin adı verilib. 2021-ci il sentyabrın 20-də “Bakı Gəmiqayırma Zavodu” MMC-də inşa edilən və neft sənayesinin canlı əfsanəsinin adı verilən “Akademik Xoşbəxt Yusifzadə” neftdaşıyan tankeri suya salınıb. Yeni gəmi bir il sonra – ötən il dekabrın 7-də Prezident İlham Əliyevin iştirakı ilə istismara buraxılıb. Qeyd edək ki, Azərbaycanın dəniz nəqliyyatı tarixində 1957-ci ildən sonra ilk dəfədir hər hansı bir gəmiyə həyatda olan şəxsin adı verilib. Bu da akademik Xoşbəxt Yusifzadəyə diqqət və qayğının, eləcə də böyük hörmətin göstəricisidir.
Akademik Xoşbəxt Yusifzadə həmin gün AZƏRTAC-ın müxbirinə müsahibəsində sevincini belə bölüşüb: “Bu gün özümü adım kimi çox xoşbəxt hiss edirəm. Bu, mənim üçün bir bayram günüdür. Hörmətli Prezidentimiz İlham Əliyevin mənim adım verilən tankerin istismara verilməsi mərasimində iştirak etməsi mənim üçün böyük bir hədiyyə oldu. Dövlətimizin başçısı 90 illik yubileyimdə bu təkliflə çıxış etdi və bu gün də gəminin suya buraxılması mərasimində iştirak etdi”.

Xoşbəxt Yusifzadə dünya miqyasında tanınmış mütəxəssisdir

Həyatı boyu X.Yusifzadə bir çox dünya liderləri ilə görüşüb, onlara Xəzər bölgəsindəki neft və qaz yataqlarının işlənməsi ilə bağlı məsələlər barədə məlumat verib. Ümumiyyətlə, şərəfli ömür sürən və böyük əmək yolu keçən X.Yusifzadə qədirbilən və qədri bilinən ziyalı kimi xarakterizə olunur. X.Yusifzadəni təkcə Azərbaycanda deyil, xaricdə də neft sahəsinin əsl mütəxəssisi kimi tanıyırlar. O, inkişaf etmiş bir sıra ölkələrin neft şirkətləri ilə sıx əməkdaşlıq edir.
Prezident İlham Əliyev Xoşbəxt Yusifzadəni Azərbaycanda, eləcə də dünya miqyasında tanınmış mütəxəssis kimi qiymətləndirib. Prezidentin Sərəncamına əsasən, görkəmli neftçi-alim və geoloqun 90 illik yubileyi 2020-ci il yanvarın 14-də dövlət səviyyəsində qeyd olunub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yubiley tədbirində şəxsən iştirak ediblər. Xoşbəxt Yusifzadə yubiley ərəfəsində Azərbaycan neft sənayesinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilib. Həmin mərasimdə dövlətimizin başçısı çıxış edərək demişdi: “Xoşbəxt müəllim gözəl insandır, gözəl alimdir, gözəl mütəxəssisdir. Bu gün ona təqdim ediləcək ən ali mükafat bir daha onu göstərir ki, Azərbaycan dövləti və xalqı Xoşbəxt müəllimin fəaliyyətini yüksək qiymətləndirir.
Buraya gələrkən baxıb gördüm ki, Xoşbəxt müəllimdə Azərbaycanın yalnız “Vətənə xidmətə görə” ordeni yoxdur. Onu da saxlamışam 95 illik yubileyinə”.
AZƏRTAC-ın kollektivi adından Xoşbəxt Yusifzadəni doğum günü münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, gümrahlıq arzulayırıq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts