Xalqa bağışlanmış ömürdən anlar: 1996-cı ilin yanvarı

Tokio, 9 yanvar , /AJMEDIA/

AJMEDIA müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini – xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X X X

4 yanvar. Prezident Heydər Əliyev Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Krallığı arasında investisiyaların qarşılıqlı qorunması haqqında sazişin imzalanması mərasimində iştirak etdi.

5 yanvar. Gürcüstan Parlamentindəki azərbaycanlı deputatlarla görüşdü.
8 yanvar. Azərbaycan Respublikasının Konstitusiyasının qəbul olunmasından sonra Nazirlər Kabinetinin ilk iclasında çıxış etdi.
10-11 yanvar. Fransanın eks-prezidenti Fransua Mitteranın dəfn mərasimində iştirak etmək üçün bu ölkədə səfərdə oldu. Səfər çərçivəsində bir çox ölkələrin dövlət başçıları ilə görüşdü, Fransa televiziyasına müsahibə verdi.
17-19 yanvar. MDB üzvü olan ölkələrin başçılarının Moskvada keçirilən sammitində iştirak etdi.
20 yanvar. Şəhidlər xiyabanını ziyarət etdi.
Respublika Sarayında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbirdə nitq söylədi.
24 yanvar. ABŞ-ın Azərbaycandakı səfiri Riçard Kozlariçlə görüşdü.
26 yanvar. İslam Konfransı Təşkilatının BMT-dəki daimi nümayəndəsi Əhməd Engin Ansayı qəbul etdi.
29 yanvar. Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Baş katibi Corc Veberlə görüşdü.
Görkəmli alim Sara Aşurbəylinin 90 illiyinə həsr olunmuş tədbirdə iştirak etdi.
31 yanvar. 1996-cı ilin büdcə layihəsinin müzakirəsinə həsr olunmuş müşavirə keçirdi.

X X X

Ümummilli Liderin ölkə rəhbərliyinə qayıdışı ilə bir çox sahələrdə genişmiqyaslı islahatların, o cümlədən qanunvericilik islahatlarının həyata keçirilməsinə başlanıldı. 1995-ci il noyabrın 12-də referendum yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi ən mühüm hadisələrdən biri oldu. Milli Konstitusiya xalqımızın müstəqil, suveren dövlət qurmaq, dünya birliyində layiqli yerini tutmaq əzmini bir daha nümayiş etdirdi.

1996-cı il yanvarın 8-də Azərbaycan Respublikasının yeni Konstitusiyasına uyğun olaraq, icra və idarəetmə işlərinin təkmilləşdirilməsi ilə bağlı Respublika Nazirlər Kabinetinin ilk iclası keçirildi. İclasda nitq söyləyən Ulu Öndər Heydər Əliyev vurğuladı ki, hər bir dövlət orqanı, ilk növbədə, konstitusiyadan irəli gələn vəzifələri yerinə yetirməlidir.
Sitat: “İndi bizim konstitusiyamız var – müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyası. Bu konstitusiyada, xüsusən 114-cü maddədən başlayaraq Nazirlər Kabinetinin statusu, günün vəzifələri, səlahiyyətləri müvafiq maddələrdə göstərilib. İndi, bir də deyirəm, məqsəd konstitusiyanın həyata keçirilməsi, onun əsasında konkret tədbirlər görməkdir”.
Heydər Əliyev xaricə hər səfəri zamanı Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində davamlı səylər göstərirdi. Bu baxımdan, Ulu Öndərin Fransanın sabiq prezidenti Fransua Mitteranın dəfn mərasimində iştirak etmək üçün Parisə səfəri də diqqət çəkir. Səfər çərçivəsində Fransa hökumətinin rəhbərləri, ABŞ-ın vitse-prezidenti, Türkiyə, Rusiya, Polşa, Litva, Ermənistan, Misir, Yəmən, Ukrayna və Estoniyanın prezidentləri, Fələstin rəhbəri, həmçinin İsrailin, İrlandiyanın baş nazirləri ilə görüşüb danışıqlar aparan Heydər Əliyev, həmçinin Fransa televiziyasının müxbirinə – Azərbaycan haqqında 300 dəqiqəlik filmin müəllifi Aluni de Poliniyə müsahibə verdi. Müsahibəsində siyasi və dövlətçilik fəaliyyətinin əsas məqamlarını xatırladaraq gördüyü işlərin Azərbaycan xalqı tərəfindən qiymətləndirildiyini diqqətə çatdırdı.
Sitat: “Mən öz xalqıma, millətimə, dövlətə həmişə sədaqətlə xidmət etmişəm. Bilirsiniz ki, mən keçmişdə də uzun müddət, çox illər Azərbaycanda rəhbər olmuşam. Bundan sonra mən Sovetlər İttifaqının rəhbərlərindən biri olmuşam. Ancaq sonra bir neçə il mən cəmiyyətdən təcrid olunmuşam. Hətta mənə qarşı repressiyalar da etmişdilər. Mən üç il Naxçıvanda, doğulduğum yerdə, blokada şəraitində olan xırda bir şəhərdə yaşamışam. Ancaq 1993-cü ilin iyun ayında Azərbaycanda vətəndaş müharibəsi başlayarkən xalq mənim yenidən Azərbaycanda rəhbərliyə qayıtmağımı tələb etdi”.
Ümumiyyətlə, Heydər Əliyevin titanik fəaliyyəti kütləvi informasiya vasitələrinin marağına səbəb olurdu. Jurnalistlər fürsət düşdükcə, ondan müsahibələr almağa, müxtəlif məsələlərə dair fikirlərini öyrənməyə can atırdılar. Ulu Öndər də öz növbəsində, mətbuata açıq lider idi. 1996-cı il yanvarın 17-də Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan ölkələrin dövlət başçıları şurasının iclasında iştirak etmək üçün Moskvaya yola düşməzdən əvvəl hava limanında jurnalistlərə müsahibəsində Heydər Əliyev onları maraqlandıran məqamlara aydınlıq gətirdi. Həmçinin MDB və müasir dövrlə bağlı fikirlərini bölüşərək dedi: “Biz onsuz da narahat zəmanədə yaşayırıq və əgər maneələrdən qorxsaq, onda ümumiyyətlə iş görmək lazım deyil”.
Moskvada Rusiya Prezidenti Aparatı İnformasiya İdarəsi rəisinin müavini Marina Nekrasova ilə müsahibəsində isə keçid dövründə həyatın müxtəlif sahələrində yaranmış çətinliklərin aradan qaldırılması üçün birliyə ehtiyac olduğunu vurğulayan Heydər Əliyev Azərbaycanın üzləşdiyi problemlərdən, xüsusən Ermənistanın təcavüzü nəticəsində yaranmış çətinliklərdən danışdı: “Azərbaycan yeddi ildir Ermənistan tərəfindən təcavüzə məruz qalır. Bunun nəticəsində Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş, işğal edilmiş torpaqlardan bir milyondan artıq vətəndaşımız zorla qovulmuşdur və qaçqın kimi ağır şəraitdə, çoxları çadırlarda yaşayırlar. Məhz bu, Azərbaycanın həyatını olduqca çətinləşdirən faktdır”.
Yanvarın 20-də Moskvadan Bakıya yola düşməzdən əvvəl “Vnukova-2” aeroportunda jurnalistlərə bəyanat verən Ulu Öndər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasında Rusiyanın oynaya biləcəyi rol barədə fikirlərini bildirdi.
Heydər Əliyev tarix yaradan bir şəxsiyyət olmaqla yanaşı, həm də tarixi hadisələrə ən doğru-düzgün qiymət verən mütəfəkkir dövlət xadimi idi. 20 Yanvar faciəsinin altıncı ildönümündə şəhidlərin xatirəsinə həsr olunmuş tədbirdəki nitqi də bu baxımdan səciyyəvidir. Ulu Öndər çıxışında bu qanlı hadisəni həm böyük faciə, həm də Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində şanlı səhifə kimi dəyərləndirdi. Eyni zamanda, şəhid ailələrinə, yanvar hadisələri nəticəsində əlil olmuş şəxslərə diqqət və qayğının vacibliyini bir daha diqqətə çatdırdı.

X X X

Heydər Əliyevin 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbirdəki nitqindən

* Bu təcavüz xalqımızı mənəvi cəhətdən çox sarsıtdı, əzdi. Ancaq onun mənliyini tapdalaya bilmədi. Bizim qürurumuzu sındıra bilmədi. İtkilər verdik, ona görə də bu gün matəm günü keçiririk. Ancaq eyni zamanda o gün və ondan sonrakı günlər Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə yeni böyük bir səhifə yazdı. Biz o günü matəm günü kimi, qəm-qüssə, kədər ilə xatırlayırıq. Ancaq eyni zamanda biz bu hadisələri böyük qürur hissi, iftixar hissi ilə xatırlayırıq. Çünki Azərbaycan xalqı bir daha dünyaya nümayiş etdirdi ki, o yenilməzdir, qəhrəmandır, ona nə qədər güclü təcavüz, təzyiq olsa da, onun iradəsini sındırmaq mümkün deyil.

* Bu gün şəhidləri yad edərək bir daha bəyan edirik ki, xalqımız yenilməzdir və heç vaxt başını aşağı salmayacaqdır. Biz əldə etdiyimiz milli azadlığımızı qoruyacağıq, saxlayacağıq və onu əbədi edəcəyik. Dövlət müstəqilliyimizi qoruyub inkişaf etdirəcəyik və o, əbədi olacaqdır. Şəhidlərin xatirəsi qəlbimizdə əbədi yaşayacaq, milli azadlığımız əbədidir, dövlət müstəqilliyimiz əbədidir. Heç bir qüvvə bizi bu yoldan döndərə bilməz, heç bir qüvvə bu iradəmizi sındıra bilməz. Ona görə də bu gün matəm günü olsa da, eyni zamanda bu gün bizim dövlət müstəqilliyimizin, xalqımızın qəhrəmanlığının xatirə günüdür.
* Şəhidlərin ailələrinə qayğı, diqqət, 20 Yanvar hadisələrində xəsarət alanlara, müharibə əlillərinə qayğı, diqqət bizim borcumuzdur və borcumuzu yerinə yetirməliyik. Hər bir kəs bu borcunu yerinə yetirməyə çalışmalıdır və heç vaxt bunu unutmamalıdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts