Vyanada “Salam.Orient“ festivalı çərçivəsində muğam konserti təşkil edilib

Tokio, 3 aprel , /AJMEDIA/

Aprelin 2-də Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində “Salam.Orient” festivalı çərçivəsində Əməkdar artist, tarzən Sahib Paşazadə, Əməkdar artist, nağara ifaçısı Kamran Kərimov və gənc balaban ifaçısı Azad Əliməmmədov Azərbaycan muğamlarından ibarət instrumental konsert proqramı ilə çıxış ediblər.

AJMEDIA AZƏRTAC-a istinadla xəbər verir ki, konsertdən öncə Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova başçılıq etdiyi qurumun Azərbaycan mədəniyyətinin yüksək səviyyədə təbliği üçün müxtəlif tərəfdaşlarla əməkdaşlığa xüsusi önəm verdiyini bildirib. O, “Salam.Orient” və “Kulteurasia” təşkilatı ilə uzun illərdən bəri mövcud uğurlu əməkdaşlığı məmnuniyyətlə vurğulayıb və Azərbaycan muğamının belə bir platforma çərçivəsində təqdimatından məmnunluğunu ifadə edib.

“Salam.Orient” festivalının rəhbəri Katrin Pröll və “Kulteurasia” təşkilatının rəhbəri Daniela Libervirt Azərbaycan Mədəniyyət Mərkəzinə uğurlu əməkdaşlığa görə təşəkkür ediblər. D. Libervirt konsertin iştirakçılarına Azərbaycan haqqında ümumi məlumat verib, Azərbaycan muğamları, muğam sənəti və milli çalğı alətlərindən bəhs edib. Bildirilib ki, nüfuzlu “Şərq təranələri” festivalında Qran-Pri mükafatına layiq görülən S.Paşazadə və K.Kərimov birgə proqramla mütəmadi olaraq xarici ölkələrə qastrol səfərlərinə çıxır, festivallara qatılırlar. Artıq avstriyalı muğamsevərlərə onların ifası yaxşı tanışdır və muğam qrupu öz proqramına daha bir Azərbaycan milli musiqi aləti olan balabanı əlavə edib.

Qeyd edilib ki, muğam qrupunun Avstriyada konsert proqramı aprelin 4-də Avstriyanın Lints şəhərində davam edəcək və muğam ifaçıları “Bruknerhaus” salonunda konsert proqramı ilə çıxış edəcəklər.

Konsert “Bayatı-Şiraz” muğamı üzərində kompozisiya ilə başlayıb. Kompozisiyaya daxil edilmiş xalq mahnıları, eləcə də tar, nağara və balabanın ifasında fərqli solo ifalar tamaşaçılar tərəfindən maraqla dinlənilib. Konsertdə “Mahur-hindi” muğam dəstgahı, “Sarı gəlin” xalq mahnısı və “Şur” muğamı üzərində kompozisiya xüsusi rəğbət və sürəkli alqışlarla qarşılanıb. Konsertin zirvə nöqtəsini isə Azərbaycanın dilbər guşəsi Qarabağa həsr olunan “Qarabağ” mahnısı təşkil edib.

Tamaşaçıların xahişi ilə musiqiçilər proqramda nəzərdə tutulmayan əlavə musiqi nömrələri ifa ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts