Vətən müharibəsi şəhidi Qurbani Əlizadənin xatirəsi anılıb

Tokio, 13 iyun , /AJMEDIA/

Vətən müharibəsi şəhidi Qurbani Əlizadənin doğum günündə xatirəsi anılıb. Şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.
AJMEDIA xəbər verir ki, Qurbani Əlizadənin anım günündə şəhidin ailəsi ilə bərabər, Füzuli Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin əməkdaşları, məktəblilər, döyüş yoldaşları, şəhid ailələri, veteran və qazilər, sakinlər iştirak ediblər.
Qurbaninin Vətən sevgisi, döyüşlərdə göstərdiyi şücaət bir daha xatırlanıb. Bildirilib ki, Qurbani Ziyafəddin oğlu Əlizadə 1992-ci il iyunun 11-də Füzuli rayonunun Yuxarı Kürdmahmudlu kəndində dünyaya göz açıb. Hələ kiçik yaşlarından hərbçi olmaq istəyən Qurbani 2010-cu ilin iyul ayında həqiqi hərbi xidmətə də ruh yüksəkliyi ilə yola düşüb. Nümunəvi əsgər olan Qurbani həqiqi hərbi xidmətini müvəffəqiyyətlə başa vurub. Qurbani 2015-ci ildə yenidən könüllü olaraq N saylı hərbi hissədə müddətdən artıq xidmətçi kimi Vətən keşiyində dayanıb. Hərbi hissənin rəhbərliyi tərəfindən nümunəvi xidmətinə görə dəfələrlə fəxri fərmanlarla təltif olunub. 2016-cı il Aprel döyüşlərində əməliyyatlarda fəal iştirak edib və komandanlıq tərəfindən mükafatlandırılıb, daha sonra isə çavuş rütbəsinə layiq görülüb.
Vətən müharibəsi başlandığı ilk gündən Qurbani öndə gedərək düşmən üzərinə hücuma keçən ilk döyüşçülərdən olub. Qurbani ön cəbhənin yarılmasında xüsusi şücaət göstərib və Füzuli rayonu ərazisində gedən ağır döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.
Qurbani Əlizadə döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocəvəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts