Vətən müharibəsi şəhidi Məhəmmədəli İsmayıllının xatirəsi anılıb

Tokio, 8 may , /AJMEDIA/

Vətən müharibəsi şəhidi İsmayıllı Məhəmmədəli Elxan oğlunun doğum günündə xatirəsi anılıb. Şəhidin məzarı ziyarət olunaraq ruhuna dualar oxunub.
AJMEDIA xəbər verir ki, anım mərasimində şəhidin ailəsi ilə yanaşı, Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin əməkdaşları, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda Məhəmmədəlinin həyat və döyüş yolundan danışılıb. Bildirilib ki, Məhəmmədəli İsmayıllı 1996-cı il mayın 6-da Füzuli rayonunun Kürdmahmudlu kəndində anadan olub. 2002-ci ildə şəhid Ramil Əkbərov adına Füzuli rayon Kürdmahmudlu kənd tam orta məktəbinə qədəm qoyan Məhəmmədəli vətənpərvərliyi ilə seçilib. Orta məktəb vaxtından idmanla məşğul olan Məhəmmədəlinin bir çox nailiyyətləri də olub. O, 2007-ci ildə Bakı şəhərində keçirilən Azərbaycan çempionatında 35 kiloqram çəki dərəcəsində 3-cü yeri, 2007-ci ildə Füzuli rayonunda klublararası açıq çempionatda 40 kiloqram çəki dərəcəsində 1-ci yeri, 2008-ci ildə Bakı şəhər açıq çempionatında 47 kiloqram çəki dərəcəsində 1-ci yeri, 2009-cu ildə Bakı şəhər Səbail rayonunda keçirilən açıq çempionatda 50 kiloqram çəki dərəcəsində 1-ci yeri, 2011-ci ildə Gürcüstanın Poti şəhərində keçirilən beynəlxalq turnirdə 65 kiloqram çəki dərəcəsində 1-ci yeri tutub. Məhəmmədəli İsmayıllı 2011-ci ildə Türkiyənin Antalya şəhərində karate üzrə keçirilən dünya çempionatında 70 kiloqram çəki dərəcəsində 1-ci yerə çıxaraq dünya çempionu olub. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Karate Federasiyası tərəfindən fəxri fərmana layiq görülüb. Qara kəmər, 1-ci və 2-ci danla təltif olunub.
Hərbiyə marağı olan Məhəmmədəli 2013-cü ildə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olub və xidmət müddətində fərqləndiyinə görə ona “baş matros” rütbəsi verilib. Daha sonra hərbi xidmətini müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq davam etdirib. Vətən müharibəsi başlayan ilk gündən döyüşlərdə iştirak edib. Məhəmmədəli İsmayıllı 2020-ci il oktyabrın 26-da Füzuli şəhəri istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhidlik zirvəsinə yüksəlib. Məhəmmədəli İsmayıllı döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts