“Vətən mənə oğul desə, nə dərdim?! Mamır olub qayasında bitərdim..”

Tokio, 13 aprel , /AJMEDIA/

Çağdaş Azərbaycan Kültür Dərnəyinin başkanı Camal Məmmədxanoğlu, başkan köməkçisi Murtaza Karaçantanın təşəbbüsü ilə dərnəyin Azərbaycan üzrə rəhbəri şairə-publisist, M.Ş Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Nəsibə İsrafilqızı Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda yazıçı-publisist Oktay Ərgünəşin və yazıçı Pərvanə Mehmanqızının Azərbaycan Milli Qəhrəmanı Şükür Həmidova həsr olunmuş “Vətən Sənə Oğul dedi” kitabının təqdimatını keçirdilər. Təqdimat mərasimini Azərbaycan Yazıçılar Birliyinin sədr müavini şair Rəşad Məcid açdı.

AJMEDIA xəbər verir ki, tədbirdə Qarabağ uğrunda döyüşlərdə şəhid olan Vətən övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra söz Qubadlı Yazarlar Birliyinin sədri Namiq Mənaya verildi. O qeyd etdi ki, 44 günlük müharibə qəhrəmanlarımız bir an belə olsun unudulmur.

Bu gün əgər ki, biz torpağın üstündə rahat, firavan yaşaya biliriksə bu, torpağın altında uyuyan şəhidlərimizin sayəsindədir. Onlardan biri də şəhid – polkovnik Şükür Həmidovdur. Qubadlının şəhid övladı. Ürəyində torpaq nisgili daşıyan Milli Qəhrəmanımız. Ən böyük arzusu idi Qubadlını azad görmək. Müharibənin yeni-yeni alovlandığı 1990-cı ildə Şükür Həmidov sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə vermişdir. 1993-cü ildə oradan məzun olan Şükür Həmidov, həmin ildə sənədlərini Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə (BABKM) verir. Şükür Həmidov 1993-cü il avqustun 1-də Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə qəbul olur və 1995-ci ildə oranı “Motoatıcı” ixtisası üzrə bitirir. 2006-cı ilin avqustundan isə Şükür Həmidov ixtisasının artırılması üçün Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının müdavimi olur. 2008-ci il iyunun 25-də təhsilini uğurla başa vurur… “Qubadlının azad olduğunu görmək üçün canımı verməyə hazıram,” – deyən şəhid Milli Qəhrəmanımız öz arzusuna çatır. Polkovnik Şükür Həmidov 2020-ci il oktyabrın 22-də Qubadlı rayonu istiqamətində döyüş zamanı ön xətdə şəhid olur.

Təqdimat mərasimində Milli Qəhrəmanımızın atası Nəriman Həmidov, həyat yoldaşı Könül xanım, qardaşı Əsəd Həmidov, hərbiçilər, zabitlər, qazilər, həmçinin yazarlar, akademiklər, filologiya elmlər doktoru İmaməddin Zəkiyev, Vətən Müharibəsi Qəhrəmanı Nizami Mövlanov, döyüş yoldaşları polkovnik Elmar Hüseynov, polkovnik Neymət Məmmədov, polkovnik-leytenant Şahin Ağayev, polkovnik-leytenant Bəhrəm Abdullayev, mayor İntiqam Əmirov, mayor Adilov Elşən, “Peşə təhsili və insan kapitalı” jurnalının baş redaktoru Şahbaz Balakişiyev, araşdırmaçı – tarixçi Nazim Tapdıqoğlu, Ağdaş Təhsil İşçiləri Evinin rəhbəri Nargilə Dostməmmədova, Milli Qəhrəmanlar Birliyinin sədri Hacı Ədalət iştirak etdilər.Tədbirdə söz alan iştirakçılar Milli Qəhrəmanımız haqqında öz ürək sözlərini bildirdilər. Şairə-publisist Nəsibə İsrafilqızı öz çıxışında Milli Qəhrəmanın atası Nəriman Həmidova öz ürək sözlərini dilə gətirdi. Azərbaycan-Türkiyə jurnalının təsisçi və redaktoru Anna Şahbazqızı və baş redaktor Zərnişan Turan öz çıxışlarında Milli Qəhrəmanımızın ömür yolundan bəhs etdilər. Sonda tədbir iştirakçıları Milli Qəhrəmanın ailə üzvləri ilə xatirə fotosu çəkdirdilərlər.

Şəhidimizin ailə üzvləri və “Vətən sənə oğul dedi” kitabının müəllifləri Çağdaş Azərbaycan Kültür Dərnəyinin başkanı Camal Məmmədxanoğluna, başkan köməkçisi Murtaza Karaçantaya və dərnəyin Azərbaycan üzərə rəhbəri, şairə-publisist Nəsibə İsrafilqızına təşəkkürlərini bildiridilər.
Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Şükür Nəriman oğlu Həmidov şəhidlik zirvəsinə ucalaraq adını Azərbaycan Qəhrəmanlıq səlnaməsinə qızıl hərflərlə yazdırmışdır. Şəhidlər Ölməz,Vətən Bölünməz!!!

Follow us on social

Facebook Twitter Youtube

Related Posts