ÜST: COVID-19-la bağlı fövqəladə vəziyyətin ləğv edilməsi vaxtı hələ gəlməyib

Tokio, 4 dekabr , /AJMEDIA/

2020-ci ildən bəri COVID-19-la bağlı ictimai səhiyyə sahəsində beynəlxalq əhəmiyyət kəsb edən fövqəladə vəziyyətin ləğvi vaxtı hələ gəlməyib.
AJMEDIA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə deyib.
“Biz pandemiyanın fövqəladə fazasının bitdiyini söyləməyə daha yaxınıq, lakin biz hələ ona çatmamışıq”, – deyə o söyləyib. “Müşahidədə, testləşmədə, sekvenləşdirmədə və vaksinasiyadakı boşluqlar koronavirusun narahatlıq doğuran yeni variantının ortaya çıxması üçün əla şərait yaratmağa davam edir”, – deyə baş direktor qeyd edib.
O, təşkilatın qiymətləndirmələrinə görə, immunizasiya və ya keçirilmiş xəstəliklər səbəbindən dünya əhalisinin ən azı 90 faizinin SARS-CoV-2-yə qarşı müəyyən səviyyədə immunitetinin olduğunu bildirib. Bununla belə, ÜST ölkələri həm ictimai sağlamlıq, həm də insan hüquqlarını qoruyan riskə əsaslanan yanaşmanı tətbiq etməyə çağırır.
Tedros Qebreyesusun sözlərinə görə, “omikron” ştamının aşkar edilməsindən bir il sonra, koronavirus “inkişaf etməyə davam edib” və hazırda “omikron”un yüksək ötürücü olan və yuxarı tənəffüs yollarına təsir edən 500-dən çox alt növü dövr etməkdədir. Onlar koronavirusun əvvəlki variantlarına nisbətən daha az ağır xəstəliyə səbəb olurlar. Onların hamısı birlikdə immunitetin təsirindən daha asan qaçmağa imkan verən mutasiyalara malikdir.
Baş direktor qeyd edib ki, son beş həftə ərzində məlumatları təşkilata daxil olan həftəlik ölüm hallarının sayı bir qədər azalıb. Ötən həftə 8500-dən çox insanın ölümü ilə bağlı məlumatlar daxil olub. Qebreyesus vurğulayıb ki, pandemiyanın mövcud olduğu üç ildən sonra belə ölüm səviyyəsi qəbuledilməzdir, çünki indi bəşəriyyət yoluxmanın qarşısının alınması və insan həyatının xilas edilməsi üçün çoxlu vasitələrə malikdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts