Türkmənistanda Arkadağa – ilk “ağıllı” şəhərə həsr olunmuş mediaforum keçirilib

Tokio, 1 iyul , /AJMEDIA/

Türkmənistanda, yeni “ağıllı” şəhər – Arkadağda bu şəhərə həsr olunmuş beynəlxalq mediaforum keçirilib.
AJMEDIA xəbər verir ki, Dövlətməmməd Azadi adına kitabxanada təşkil olunan tədbirdə yerli və xarici KİV-lərin təmsilçiləri iştirak ediblər.
Türkmənistan Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutu nəzdindəki Strateji Araşdırmalar Mərkəzinin direktoru Şiri Şiriyev tədbirdə çıxışında bildirib ki, dövlət əhəmiyyətli şəhərin tikintisinin birinci mərhələsinin istismara verilməsi təkcə türkmən xalqının müasir tarixində xüsusi bir dövrü açmayıb. Çünki Arkadağ nəinki Türkmənistanda, həmçinin Mərkəzi Asiya regionunda ilk “ağıllı” şəhərdir, dünyanın mühəndis-texniki və şəhərsalma sahələrində ən qabaqcıl meyilləri özündə təcəssüm etdirir.
O, şəhərdə yaradılan infrastruktur obyektləri, “ağıllı şəhər” sistemi, eləcə də tətbiq olunan “yaşıl” texnologiyalar barədə ətraflı söhbət açıb. “Cari ilin martında Prezident Sərdar Berdiməhəmmədov Arkadağ şəhərinin tikintisinin 2023-2026-cı illərdə ikinci mərhələsini həyata keçirmək barədə qərar imzalayıb. İkinci mərhələdə ikimərtəbəli yaşayış evləri kompleksi, park zonaları, müasir kommunikasiya sistemləri xətti, eləcə də yol hərəkətinin statistik məlumatlarının elektron ötürülməsinin proqram təminatının tətbiqi planlaşdırılıb. Arkadağ şəhərinin tikintisinin ikinci mərhələsinə, həmçinin sənaye obyektləri daxil ediləcək, bütün ekoloji tələbatlara cavab verən yerli xammalın emalı üzrə istehsal komplekslərinin inşası da nəzərdə tutulur”, – deyə Ş.Şiriyev əlavə edib.
Mediaforum “Arkadağ şəhəri – regionda ilk “ağıllı” şəhər”, “İnnovasiyalı şəhərsalma sistemində ekoloji mədəniyyətin yaradılması”, “İnkişaf edən “Sağlam şəhərlər” paradiqmasında Arkadağ şəhərinin əhəmiyyət qazanması” mövzularında panel sessiyalarla davam edib.
Xatırladaq ki, iyunun 29-da Türkmənistanda Prezident Sərdar Berdiməhəmmədovun iştirakı ilə sabiq dövlət başçısı Qurbanqulu Berdiməhəmmədovun şərəfinə adlandırılan ilk “ağıllı” şəhərin – Arkadağın açılış mərasimi keçirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts