Türkiyədə zəlzələdən zərər çəkmiş ailələr Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Tokio, 15 may , /AJMEDIA/

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəvəti ilə Azərbaycanda səfərdə olan Türkiyədə zəlzələdən zərər çəkmiş yeddi ailə və qardaş ölkənin Ailə və Sosial Xidmətlər Nazirliyinin nümayəndələri mayın 15-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə tər güllər qoyublar.
AJMEDIA xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstəsi qoyulub, əziz xatirəsi ehtiramla anılıb.
Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının da məzarlarını ziyarət edib, üzərinə tər güllər düzüblər. Eyni zamanda, “Əbədi məşəl” abidəsi də ziyarət olunub.
Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Qonaqlar, həmçinin şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini də ziyarət edib, önünə gül dəstələri qoyublar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts