Türk parlamentari: Heydər Əliyevin 100 illik yubileyi Türkiyədə də qeyd ediləcək

Tokio, 4 fevral , /AJMEDIA/

Fevralın 4-də Milli Məclisin Mədəniyyət komitəsinin üzvləri Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AJMEDIA-ya bildirilib ki, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qonaqları salamlayaraq, dövlətlərimiz arasındakı əlaqələrin günbəgün möhkəmləndiyini deyib. O, Azərbaycan-Türkiyə münasibətlərinin güclənməsində hər iki ölkənin dövlət başçılarının önəmli rol oynadıqlarını vurğulayıb, həmçinin ölkələrimiz arasında olan birliyin hər zaman örnək olduğunu bildirib.
Komitə sədri hər iki ölkənin qanunvericilik orqanlarında fəaliyyət göstərən dostluq qruplarının parlamentlərarası əməkdaşlığın güclənməsində rolundan danışıb, qarşılıqlı səfərlərin və keçirilən görüşlərin iki qardaş ölkə arasında münasibətlərin genişlənməsinə töhfə verdiyini diqqətə çatdırıb. O, Azərbaycanın 44 günlük Vətən müharibəsində Türkiyənin göstərdiyi mənəvi-siyasi dəstəkdən söhbət açaraq, dövlətlərimizin hər zaman bir-birinin yanında olduğunu qeyd edib. Ölkəmizin Türkiyə ilə ortaq tarixə, mədəniyyətə sahib olduğunu deyən Q.Paşayeva parlamentin Mədəniyyət komitəsinin mədəni əlaqələrimizin genişləndirilməsi istiqamətində səy göstərdiyini qeyd edib.
Səmimi görüş üçün təşəkkürünü ifadə edən Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım dost və qardaş dövlətlərimiz arasında möhkəm əlaqələrdən danışıb. O, nümayəndə heyətinin ölkəmizə səfəri zamanı keçirdiyi bütün görüşlərdən aldığı xoş təəssüratları çatdırıb. 2023-cü ildə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin qeyd edildiyini vurğulayan türk parlamentari bu əlamətdar hadisə ilə əlaqədar Türkiyədə də bir sıra tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb.
Şamil Ayrım Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən sonra imzalanmış Şuşa Bəyannaməsinin müttəfiqliyimizin bariz nümunəsi olduğunu bildirib. O, Azərbaycanın torpaqlarının azad olması uğrunda apardığı mübarizəni təqdir edərək, Türkiyənin Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəklədiyini deyib.
Görüşdə Milli Məclisin Mədəniyyət komitəsinin üzvləri Sabir Rüstəmxanlı, Aqil Abbas, Cavanşir Feyziyev, Razi Nurullayev, Ülviyyə Ağayeva Azərbaycanla Türkiyənin qardaşlıq əlaqələrinin bütün müstəvilərdə inkişaf etdiyini bildiriblər. Millət vəkilləri parlamentlərimiz arasında əməkdaşlığın getdikcə daha da möhkəmləndiyini, dostluq qrupları, komitələr çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq etdiklərini söyləyiblər. Deputatlar əlaqələrin gücləndirilməsində nümayəndə heyətlərimizin səfərlərinin, aparılan danışıqların əhəmiyyətindən bəhs ediblər.
Türkiyə nümayəndə heyətinin üzvləri Orhan Erdem, Yunus Kılıç, Tülay Kaynarca Türkiyə və Azərbaycan arasında ölkələrarası və parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd ediblər. Qonaqlar təhsil, elm, mədəniyyət sahələrində əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətindən, bu istiqamətdə atılacaq addımlardan söhbət açıblar.
Söhbət zamanı qanunverici orqanları arasında əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts