Tokioda təşkil edilən caz konsertində Azərbaycan mahnıları və rəqsləri sürəkli alqışlarla qarşılanıb VİDEO

Tokio, 27 dekabr, /AJMEDIA/

Tokioda tanınmış caz ifaçısı, “Excellence Award” mükafatının qalibi xanım Kyoko Yamamotanın Azərbaycan dilində səsləndirdiyi “Sarı gəlin” və “Bana-bana gəl” mahnıları və soydaşımız Dilarə Qazıyeva-Sato tərəfindən nümayiş etdirilən milli rəqslər tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb.

AJMEDIA xəbər verir ki, Yaponiya paytaxtının məşhur Qinza əyləncə mərkəzindəki “Swing Jaz Club”da təşkil olunan konsert zamanı müxtəlif dünya xalqlarının caz musiqisi ilə yanaşı, Azərbaycan mahnıları da səslənib, rəqsləri ifa edilib.

Yapon tamaşaçılara Azərbaycan musiqisinin və rəqslərinin əsrarəngizliyi barədə məlumat verən K.Yamamota öz gözəlliyi ilə bura gələn qonaqları heyran edən Bakının həm Avropa, həm də Asiya mədəniyyətinin parlaq nümunəsi olduğunu deyib.

Biznes əlaqələri qurmaq üçün ölkəmizə səfər edən yapon xanım burada həm də çox zəngin musiqi ilə qarşılaşdığını bildirib. Qeyd edib ki, Azərbaycan musiqisi ritmlərin fərqliliyi, xüsusilə pop musiqisinin çox maraqlı olması ilə onun diqqətini cəlb edib. Qərara alıb ki, orijinallığı ilə seçilən Azərbaycan musiqi nümunələrini öz repertuarına daxil etsin. “Sarı gəlin” və “Bana-ban gəl” mahnılarının yapon tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanacağına əmin olduğunu vurğulayan K.Yamamota qeyd edib ki, bundan sonrakı fəaliyyətində də Azərbaycan musiqisi nümunələrinə geniş yer verəcək.

Yaponiyada caz improvizasiyasında səslənən “Sarı gəlin” və “Bana-bana gəl” mahnıları yapon tamaşaçılar tərəfindən böyük diqqətlə dinlənilib və sürəkli alqışlarla qarşılanıb.

Konsertdən sonra təəssüratlarını AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri ilə bölüşən K.Yamamota söyləyib ki, Azərbaycan mahnılarının və rəqslərinin yapon tamaşaçılar tərəfindən alqışlarla qarşılanması onu gələcəkdə yeni mahnılarımıza müraciət etməyə sövq edir: “Bu konsert Yaponiya Mədəniyyət Nazirliyinin icazəsi ilə “Gələcək üçün incəsənət” layihəsi çərçivəsində təşkil edilib və pandemiyaya baxmayaraq, maraqlı əyləncə üçün əlverişli fürsət idi. Repertuara Latın Amerikası və yapon mahnıları ilə yanaşı, Azərbaycan mahnıları da daxil edilməsi tamaşaçıların böyük marağına səbəb oldu. Həmçinin ifa etdiyim mahnılar fonunda azərbaycanlı rəqqasə Dilarə Qazıyeva-Satonun Azərbaycan milli rəqslərini ifa etməsi alqışlarla qarşılandı. Siz özünüz Azərbaycan musiqisinin tamaşaçılara xoş təsirinin və onlar tərəfindən yüksək qiymətləndirilməsinin canlı şahidi oldunuz. Çox sevinirəm ki, Yaponiya ilə Azərbaycan arasında uzun məsafənin olmasına baxmayaraq, sizin musiqiniz belə rəğbətlə qarşılandı. Yaxın gələcəkdə Azərbaycan musiqisinin yeni nümunələri üzərində işləməyi planlaşdırıram. Düşünürəm ki, Azərbaycan musiqisinin Tokioda səslənməsi bu zəngin mədəniyyəti Yaponiyada tanıtmaqla yanaşı, həm də iki dost xalq arasında əlaqələrin daha da möhkəmlənməsinə mühüm təsir göstərəcək”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts