“Şuşa – Qarabağın dünəni, bu günü, sabahı” layihəsinin növbəti təqdimatı

Tokio, 16 sentyabr , /AJMEDIA/

“Şuşa İli” çərçivəsində Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa – Qarabağın dünəni, bu günü, sabahı” layihəsi müxtəlif mövzular üzrə təqdimatlarla davam edir.
Muzeydən AJMEDIA-ya bildirilib ki, layihə çərçivəsində təqdimatlardan biri erməni vandalizminə məruz qalan abidələrdən olani, XVIII əsrdə yaşamış Azərbaycan şairi və ictimai-siyasi xadim, Qarabağ xanlığının vəziri olmuş Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinə həsr olunub.
Şuşa memarlıq üslubuna yeni nəfəs gətirən kompleksin tikintisinə 1977-ci ildə başlanılıb və dörd il davam edib. 1982-ci ildə ümummilli lider Heydər Əliyevin iştirakı ilə Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin açılışı olub. Burada Vaqifin Şuşa həyatını əks etdirən dövrə aid səksənə yaxın eksponat sərgilənirdi.
Şairin abidəsi kompozisiyanın tamlığı və formaların plastik zənginliyi ilə fərqlənir. O planda kvadrat şəkilli, aşağısı bir qədər geniş, oturacaq şəklində olan xaricdən qırmızımtıl Qarabağ mərməri ilə üzlənmiş hündür bürcdür. Türbənin oturacağının üç tərəfindən başqa bütün fasadların hündürlüyü boyunca anodlaşdırılmış alüminium şəbəkə ilə örtülüb.
Türbənin şəhərə baxan tərəfi təsirli baştağ görkəmi ilə nəzərə çarpır. Baştağın atqısında ağ mərmərdən böyük hərflərlə ölməz şairin adı həkk edilib. 18 metr hündürlükdə ağ mərmər salonun mərkəzində şairin qəbri üzərində qara mərmərdən sənduqə qoyulub.
Türbənin daxili memarlığına şəbəkələrdən süzülən işıq şüaları insanda təmtəraq və coşğunluq kimi xoş duyğular oyadır.
1992-ci ilin may ayında Şuşa şəhərinin işğal edilməsi nəticəsində kompleksin binası və burada sərgilənən onlarla eksponat məhv edilib.
44 günlük Vətən müharibəsində Şuşa azad olunmaqla Vaqifin məqbərəsi də işğaldan qurtulub və Şuşada dahi Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts