Ştutqartda azərbaycanlı bəstəkar Günay Mirzəyevanın konserti olub

Tokio, 24 aprel , /AJMEDIA/

Almaniyanın Ştutqart şəhərindəki “La Lune” teatrında azərbaycanlı bəstəkar Günay Mirzəyevanın trombon və fortepiano üçün “Via “ŞUR” (“Şur” muğamına gedən yol”) əsərinin premyerası böyük uğurla keçib. Trombon partiyasını Heydər Nəsrulla, fortepiano partiyasını Günay Mirzəyeva ifa ediblər.
AJMEDIA xəbər verir ki, əsər Almaniya Mədəniyyət Nazirliyinin, Almaniya Bəstəkarlar Assosiasiyası və Ştutqart Aktual Musiqi Assosiasiyasının dəstəyi ilə hər il keçirilən layihə çərçivəsində yazılıb. Bu dəfə layihə muğam musiqisinə həsr olunub.
Qeyd etmək yerinə düşər ki, bəstəkarın Fadel Boubakerin udda müşayiəti ilə ifa etdiyi iki mahnı – “Sarı gəlin” və “Bana bana gəl” mahnıları alqışlarla qarşılanıb.
Günay Mirzəyeva Almaniyada Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, “2007-2015-ci illərdə Azərbaycanın gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın Prezident təqaüdçüsü, Ştutqart Konservatoriyasının, Romanın Santa Çeçiliya Konservatoriyasının məzunudur, Karlsrue Konservatoriyasında dünyaşöhrətli bəstəkar, professor Volfqanq Rimin sinfində oxuyub.
O, uzun illərdir ki, Azərbaycan musiqisini və mədəniyyətini Avropa İttifaqı ölkələrində uğurla tanıtdırır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts