“Şəhidliyin zirvəsi” adlı sərgi açılıb

Tokio, 1 avqust , /AJMEDIA/

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Azərbaycanın Milli Qəhrəmanı Fəxrəddin Musayevin xatirəsinə həsr olunan “Şəhidliyin zirvəsi” adlı sərgi açılıb.
İdarədən AJMEDIA-ya bildirilib ki, sərgidə şəhidin həyatını və döyüş yolunu əks etdirən şəkillər, məqalələr və kitablar yer alıb.
Qeyd edək ki, Fəxrəddin Musayev 1957-ci il iyulun 30-da Türkmənistan Respublikasının Bayraməli şəhərində dünyaya göz açıb. 1964-cü ildə məktəbə gedib, 1974-cü ildə orta təhsilini başa vurub. Sonra Fəxrəddin Musayev Qorki Politexnik İnstitutunun Gəmiçilik fakültəsinə qəbul olub. 1975-ci ildə ordu sıralarına göndərilib.
Hərbi xidmətini əvvəlcə Çexoslovakiyadakı Şimal Qoşun Qrupunda, sonra isə Orenburq vilayətinin Orsk şəhərində keçirib. Ordu sıralarından tərxis edildikdən sonra, Bakı Məişət Kondisionerləri Zavodunda işləyib. 1979-cu ildə Sasovski adına Mülki Aviasiya Məktəbinə daxil olub. 1982-ci ildə həmin məktəbi fərqlənmə diplomu ilə bitirib, təyyarələrin uçuş istismarı ixtisasına yiyələnib. Bakıya qayıdaraq öz ixtisası üzrə işə başlayıb. 1987-ci ildə Kremençuq Hava Uçuş Məktəbində vertolyotun idarə edilməsi ixtisasına yiyələnib. İşləyə-işləyə Leninqrad Hidrometeorologiya İnstitutunun Meteorologiya fakültəsinə daxil olub. Artıq Milli Ordu yarandıqdan sonra o, təhsilini yarımçıq qoyaraq, Hərbi Hava Qüvvələrində xidmətə başlayıb. Qarabağda keçirilən hərbi əməliyyatlarda fəal iştirak edib. O, dəfələrlə döyüş bölgələrinə uçuşlar edib, erməni yaraqlılarına qarşı mərdliklə döyüşüb. 1992-ci il aprelin 11-də baş leytenant Fəxrəddin Musayev Füzuli rayonu ərazisində düşmənə raket zərbələri endirərkən faciəli surətdə həlak olub. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Musayev Fəxrəddin Musa oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Bakı şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilib. Qusar rayonundakı mərkəzi küçələrdən biri qəhrəmanın adını daşıyır. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts