“Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsinə yeni şeirlər təqdim olundu

Tokio, 27 aprel , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, “Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsinə yeni şeirlər təqdim olundu.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, AYB-nin üzvü, yazıçı-publisist, şair Bədirə Rza Həsənqızı kitabxanada həyata keçirilən “Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsinə yeni şeirlər təqdim etdi.
“Siz ağlamayın…”, ”Şəhidlərim şahiddirlər!” adlı şeirlərini müəllif torpaqlarımızın azad olunması uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan igid, qəhrəman Vətən oğullarına həsr edib. Şeirlər oxuculara təqdim olunur.
Siz ağlamayın…

Ayrılığın ağrısıdır göz yaşı,
Onun həsrət tablosudur baş daşı…
Hansı namərd unudar bu yaddaşı???
Şəhid ömürləri sevən daşısın!

Torpağı Vətən edər o mərd ürəklər,
Haqqın rəğbətini seçən biləklər,
Şəhadət şərbətin içən diləklər
Şəhid könülləri bilən daşısın!

Gəzin bağça-bağda, hənirin seçin,
Hər ömrü yad edin, sevərək keçin…
Sağından, solundan ətrini seçin
O nakam qəlbləri görən daşısın!

Ağırdır bağrında yara dolanmaq,
Oğul həsrətinə yanmaq, od olmaq…
Vətənə ömrünü verib, yaşamaq!
Behişt qönçələrin duyan daşısın!

Şəhidlərim şahiddirlər!

Qarış-qarış gəzmişəm mən,
Şəhid adlı ocaqları…
Hər qapıda bir kəs daha
Çəkmişəm mən bala dağı…

Yanıb-yanıb közərmişəm,
O məsumlar atəşinə…
Alıb qələm köçürmüşəm,
Ölümsüzlük təşnəsinə…

Bir şərəfdir nəsillərə,
Vətən qeyrəti üzləri…
Unudulmaz ötsə illər
Könül dolu o sözləri…

Şəhidlərim şahiddirlər,
Haqqın müzəffər yoluna.
Fəda edib can qoydular
Bu yurdun ZƏFƏR yoluna!

Bayrağımda qaldı qanı,
Hərb yolumda qaldı şanı,
Sevgi dolu xatirəsi
Ürəklərdə qaldı adı…

Follow us on social

Facebook Twitter Youtube

Related Posts