Şəhid atası: övladımın səsindən Zəfər ruhunu hiss etdim

Tokio, 9 may , /AJMEDIA/

Saatlıda Vətən müharibəsi şəhidi Məmmədzadə Kəmaləddinin xatirəsinə inşa olunan bulaq kompleksinin açılışı olub.
AJMEDIA xəbər verir ki, şəhid Kəmaləddin Məmmədzadənin adını daşıyan bulağın açılış mərasimində şəhidin ailəsi ilə bərabər rayon icra hakmiyyətinin nümayəndələri, şəhid ailələri, veteran və qazilər, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri, məktəblilər iştirak edib.
Tədbir zamanı şəhidlərin xatirəsi sükutla anılıb.
Çıxış edənlər bildiriblər ki, şəhidlərimiz qanı və canı bahasına torpaqları düşməndən azad etməklə bütöv Azərbaycanı gələcək nəslə əmanət etdilər. Vurğulanıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qazandığı Qələbə tarixi Zəfərdir. Diqqətə çatdırılıb ki, “Vətən sağ olsun” deyib öz qanları, canları ilə torpağa azadlıq toxumu səpən, şəhadəti ilə tarix yazan igidlər sırasında şəhid Məmmədzadə Kəmaləddin Vüqar oğlu da var. Onun həyatından Vətənə olan sevgisindən danışanlar deyiblər ki, əslən Saatlı rayonundan olan Kəmaləddin Məmmədzadə 1999-cu ildə sentyabrın 14-ü Bakıda anadan olub. 2006-ci ildə Xətai rayonu 249 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olub, 2017-ci ildə orta məktəbi bitirib. Uşaqlıqdan idmana, musiqiyə böyük həvəsi olan Kəmaləddin, Rafiq Babayev adına musiqi məktəbinin məzunu olub. Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsinin geodeziya və xəritəçilik ixtisasına daxil olan Kəmaləddin 2 il ali təhsil aldıqdan sonra uşaqlıqdan Vətən sevgisi ilə böyüdüyündən üçüncü kursda oxuyarkən təhsilini dondurub və 2020-ci ilin yanvarında hərbi xidmətə yollanıb. O, 44 günlük Vətən müharibəsinin ilk günlərindən döyüş bölgəsində iştirak edərək, Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı, Laçın, Xocavəndin kəndləri, Şuşa şəhəri və bir çox strateji yüksəkliklərin işğaldan azad edilməsində iştirak edərək düşmənin çox sayda tankını məhv edib və düşmənə ağır zərbələr endirib. Noyabrın 8-i səhər saat 5:00-da Şuşa döyüşləri zamanı şəhid olub.
Şəhid Kəmaləddinin atası Vüqar Məmmədov övladı haqqında danışarkən bildirib: “Oğlum 21 il həyat sürdü. İgid atası kimi deyirəm ki, Kəmaləddin çox layiqli, vətənpərvər oğul olub. Ata kimi fəxr edirəm ki, övladım Vətən müharibəsinin sonuna qədər döyüşlərdə iştirak edib. Onunla danışanda deyirdi ki, hər şey yaxşıdır, Qələbə bizimlədir. Kəmaləddinin səsindən Zəfər ruhunu hiss edirdim. Sonuncu zəngi noyabrın 7-də oldu”.
Qeyd edək ki, Məmmədzadə Kəmaləddin Vüqar oğlu döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalladı ilə təltif olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts