Səfir: Azərbaycanla Malayziya arasında yüksəksəviyyəli siyasi münasibətlər qarşılıqlı etimada əsaslanır

Tokio, 20 aprel , /AJMEDIA/

Malayziyanın dövlət informasiya agentliyi BERNAMA Azərbaycanın bu ölkədəki səfiri İrfan Davudovun iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar geniş müsahibəsini dərc edib.
AJMEDIA xəbər verir ki, müsahibəsində səfir ölkələrimiz arasında yüksək səviyyədə və qarşılıqlı etimada əsaslanmaqla davam edən siyasi münasibətlər fonunda ikitərəfli iqtisadi əlaqələr üçün geniş potensialın mövcud olduğunu vurğulayıb. O, Azərbaycan Prezidenti İlham Əliyevin, xüsusilə İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə bərpaolunan enerji və “ağıllı” yaşayış məntəqələri ilə bağlı layihələrin həyata keçirilməsinə, habelə ölkəmizdə informasiya və kommunikasiya texnologiyalarının, səhiyyə infrastrukturunun inkişafına böyük əhəmiyyət verdiyinə diqqət çəkərək, Azərbaycanda malayziyalı sərmayədarlar üçün kifayət qədər münbit biznes şəraitinin olduğunu diqqətə çatdırıb.
Diplomat, həmçinin ölkəmizdə qeyri-neft sektoru sahəsində reallaşdırılan genişmiqyaslı dövlət layihələri, o cümlədən Ələt Azad İqtisadi Zonası, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı haqqında malayziyalı oxucuları məlumatlandırıb. O, Türkiyə, Böyük Britaniya, ABŞ, İtaliya, Rusiya və Çindən olan investorların Azərbaycanda onlarla uğurlu layihə həyata keçirdiyini qeyd edib.
İ.Davudov malayziyalı investorların Azərbaycana sərmayə qoyaraq mənfəət və mütərəqqi təcrübə əldə etməklə yanaşı, daha bir üstünlük də qazana biləcəklərini deyib. O qeyd edib ki, olduqca əlverişli coğrafi-strateji məkanda yerləşən Azərbaycan malayziyalı iş adamları üçün yaxın və uzaq regionlara ixracın genişləndirilməsi üçün səmərəli nəqliyyat-tranzit qovşağı rolu oynaya bilər.
Müsahibə malay və ingilis dillərində dərc olunub.
Qeyd edək ki, Azərbaycan ilə Malayziya arasında diplomatik münasibətlər 1993-cü il aprelin 5-də qurulub. Diplomatik əlaqələrin 30 illiyi münasibətilə Prezident İlham Əliyev ilə Malayziya Kralı Əlahəzrət əl-Sultan Abdullah arasında təbrik məktublarının mübadiləsi olub. Həmçinin xarici işlər nazirləri Ceyhun Bayramov və Zambri Abdul Kadir telefon danışığı keçirərək qarşılıqlı təbriklərini çatdırıblar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts