RF XİN: Rusiya Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin hazırlanmasına kömək etməyə hazırdır

Tokio, 10 dekabr , /AJMEDIA/

Rusiya Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin hazırlanmasına hər vasitə ilə kömək etməyə hazırdır.
AJMEDIA xəbər verir ki, RF Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar bu fikri TASS agentliyinə müsahibəsində söyləyib.
Diplomat deyib: “Biz Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasına və Bakı ilə İrəvan arasında sülh müqaviləsinin hazırlanmasına bundan sonra da hər vasitə ilə, o cümlədən Rusiya ərazisində yüksək səviyyədə müvafiq üçtərəfli görüşlərin təşkil edilməsi yolu ilə kömək göstərməyə hazırıq. Hər iki tərəf üçün son dərəcə həssas olan bu proseslər qarşılıqlı məqbul və uzunmüddətli həllər axtarıb tapmağı tələb edir”.
Onun sözlərinə görə, danışıqların təfərrüatının açıqlanması və tərəflərin mövqelərinin mətbuatda müzakirə edilməsi heç də həmişə işin xeyrinə olmur.
D.Qonçar deyib: “Biz iki ölkənin ictimaiyyəti və ekspert birlikləri xətti ilə növbəti kontaktları hazırlayırıq. Birgə səylərimizin bu mühüm istiqaməti Ermənistan-Azərbaycan münasibətlərində etimad ab-havası yaratmağa kömək etməlidir”. Onun sözlərinə görə, üçtərəfli parlamentlərarası dialoq da bu prosesə töhfə verə bilər. Belə bir təşəbbüs Soçidə keçirilən zirvə görüşündə dəstəklənib. Diplomat deyib: “Müvafiq görüşlərin keçiriləcəyi müddətlər lazımi vaxtda elan ediləcək”.
D.Qonçar diqqətə çatdırıb ki, bu il oktyabrın 31-də Soçidə keçirilmiş sammitdə Rusiya, Azərbaycan və Ermənistan liderləri 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli üçtərəfli razılaşmalara dönmədən riayət etmək əzmində olduqlarını təsdiq ediblər. Bu razılaşmalar və sözügedən Soçi görüşünün yekunları üzrə bəyanat Ermənistan-Azərbaycan münasibətlərinin kompleks şəkildə normallaşdırılması üçün yol xəritəsidir.
O deyib: “Rusiya sülhməramlı kontingentinin yerləşdirildiyi zonada təhlükəsizliyin təmin edilməsində onun mühüm rolunu bir daha vurğulamaq istərdim. Üç ölkənin liderləri Soçi sammitində bu məqamı xüsusi qeyd edib və regionda vəziyyətin sabitləşdirilməsində bizim sülhməramlıların səylərinə ehtiyac olduğunu bildiriblər”.
Diplomat xatırladıb ki, dekabrın 6-da Moskvada Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin birgə sədrliyi ilə üçtərəfli işçi qrupunun 11-ci iclası keçirilib. RF XİN Departamentinin direktoru deyib: “Dəmir yollar tikintisi, üç ölkə arasında və regionda dəmir yolların inkişafı və daşımaların təşkili məsələləri hərtərəfli müzakirə edilib. Azərbaycan və Ermənistan tərəfləri nəqliyyat kommunikasiyalarının açılması üzrə səylərdə Rusiyanın müsbət rolunu qeyd ediblər”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts