Qazaxıstanda nəşr olunan “Xocalı soyqırımı: şahidlərin dilindən” kitabının təqdimatı olub

Tokio, 28 fevral, /AJMEDIA/

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı keçirilən beynəlxalq onlayn konfransda türk dünyasına və dünyanın hər yerində yaşayan türk əsilli insanlara çağırış edib.

AJMEDIA xəbər verir ki, konfransda, həmçinin Qənirə Paşayevanın həmmüəllifi olduğu və Qazaxıstanda nəşr olunan “Xocalı soyqırımı: şahidlərin dilindən” kitabının təqdimatı keçirilib. Nəşrin digər həmmüəllifi Həvva Məmmədovadır. Kitabı qazax dilinə Erkinberk Serikbay tərcümə edib. O həm də “Qarabağ hekayələri” əsərinə qazax dilinə çevirib.

Konfransda Milli Məclisin deputatları, türkdilli dövlətlərin tanınmış ziyalıları iştirak ediblər.

Tədbirin aparıcısı, Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı tədbirin təşkilində dəstəyə görə Beynəlxalq Türk Akademiyası, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyi, “NƏFƏS” İctimai Birliyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının rəhbərliyinə təşəkkür edib.

30 il bundan əvvəl Xocalıda baş verən hadisələri Azərbaycanın, türk dünyasının və ümumilikdə, tərəqqipərvər bəşəriyyətin əleyhinə böyük vandallıq aktı olaraq xarakterizə edən Ə.Qoşalı bu günlərdə Xocavənddə, Edilli kəndində kütləvi məzarlıq aşkarlandığını konfrans iştirakçılarının diqqətinə çatdırıb. O, başqa kütləvi məzarlıqların yerinin də təsbit edildiyini bildirib: “Bunlar soyqırımı, vandallıq, insanlıq dramının Ermənistan və ermənilər üçün xarakterik hal olduğunu bir daha sübut edir”.

Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Ermənistanın və havadarlarının azərbaycanlılara, ümumən türklərə, habelə dilindən, dinindən asılı olmayaraq, ermənilərin işğalçılıq niyyətlərini qəbul etməyən, haqq-ədaləti müdafiə edən hər kəsə qarşı törətdiyi çoxsaylı cinayətlərdən danışıb.

Q.Paşayeva ümummilli lider Heydər Əliyevin vaxtı ilə “31 mart – Azərbaycanlıların Soyqırımı Günü” haqqında Fərmanın imzalanmasından sonra Xocalı soyqırımına hüquqi və siyasi qiymət verilməsindən, bu faciə ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasından danışıb.

Komitə sədri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Xocalı soyqırımının dünya ölkələri, beynəlxalq qurumlar tərəfindən tanınması üçün aparılan sistemli işin əhəmiyyətindən danışıb. Q.Paşayeva Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə başlayan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində çoxsaylı peşəkar əsərlərin meydana gəldiyini, abidələr qoyulduğunu, mühüm çağırışlar, bəyanatlar qəbul edildiyini söyləyib.

Deputat Vətən müharibəsində tarixi Zəfərimizdən danışaraq, Xocalı soyqırımı qurbanlarının qanının yerdə qalmadığını, onların intiqamının məhz döyüş meydanında alındığını vurğulayıb.

Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidli çıxışında Xocalı soyqırımından 30 il keçsə də, bu hadisəni sağalmayan yara kimi qiymətləndirib. “Xocalı soyqırımı: şahidlərin dilindən” kitabının əhəmiyyətindən danışıb.

Çıxışlarda Xocalı soyqırımı şəhidləri ehtiramla yad edilib və ermənilərin azərbaycanlılara, ümumilikdə, türklərə qarşı ötən yüzillikdən bəri törətdikləri sistemli cinayətlər haqqında danışılıb. Ermənilərin bu cinayətlərində arxalandığı güclər, erməni havadarları qınanıb.

Türk dünyasının böyük simalarından olan Əhməd Yəsəvi, Mövlana, Yunis Əmrə, Hacı Bektaş Vəli, Nəsimi kimi mütəfəkkirlərimizin insanlıq haqqında fikirləri işığında əcdadımızın heç zaman soyqırımlar törətmədiyi vurğulanıb. Mədəniyyətində, tarixində soyqırımı törətmə cinayəti olmayan türklərin soyqırımına məruz qaldığı halda, guya 1915-ci ildə türklərin ermənilərə qarşı soyqırımı törətməsi kimi əsassız iddiaların qəbuledilməzliyi vurğulanıb.

Natiqlər Xocalı soyqırımını təkcə Azərbaycanın deyil, türk dünyasının, bütün tərəqqipərvər insanlığın faciəsi olaraq qeyd edib. Həmçinin vurğulanıb ki, bu böyük faciə beynəlxalq məhkəmələrə daşınmalı, qatillər mütləq cinayətə cəlb olunmalıdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts