“Qarabağ”ın sabiq futbolçusu: Əsas məsələ sabahkı sınaqdan üzüağ çıxmaqdır

Tokio, 21 fevral , /AJMEDIA/

“Qarabağ”ın “Braqa” ilə ikinci matçda da yaxşı nəticə qazanacağına inanıram”.

Bu sözləri AJMEDIA-ya açıqlamasında 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin məşqçisi Emin İmaməliyev “Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində Bakıda Portuqaliya “Braqa”sına qarşı keçirəcəyi cavab matçı ilə bağlı danışarkən deyib.

Veteran yarımmüdafiəçi ilk görüşdə rəqibini 4:2 hesabı ilə məğlub edən Ağdam təmsilçisindən bu cür nəticə gözləmədiyini bildirib: “Meydandakı mübarizə inanılmaz idi. Qurban Qurbanov heç bir rəqibdən çəkinmədiklərini bir daha sübut etdi. Braqadakı matçda məni məyus edən məqamlardan biri Nəriman Axundzadənin matçın son anlarında əlinə düşən fürsətdən istifadə edə bilməməsi oldu. Kaş, həmin epizod qolla yekunlaşardı”.

Onun sözlərinə görə, səfərdəki qələbə Azərbaycan çempionunu arxayınlaşdırmamalıdır: “Bakıda “Qarabağ”ı çətin oyun gözləyir. Rəqib erkən qol vurmağa çalışacaq. İlk dəqiqələrdə qapımızdan qol buraxmasaq, bu, bizim üçün əlavə üstünlük olacaq. Rəqib avrokuboklar tarixində ilk oyunlarda iki və daha artıq top fərqi ilə uduzduğu duellərdə geridönüş edə bilməyib. Ümid edirəm ki, bu ssenari sabah da təkrarlanacaq”.

Vaxtilə “Qarabağ”da çıxış etmiş E.İmaməliyev sabiq komandasının 1/8 finala çıxacağına inandığını söyləyib: “İndi futbolçular bütün fikirlərini “Braqa” ilə cavab matçına kökləməlidirlər. Növbəti mərhələlərdə daha ciddi və güclü rəqiblərlə qarşılaşmaq ehtimalımız var. Ancaq indi əsas məsələ sabahkı sınaqdan üzüağ çıxmaqdır”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts