QƏLBİN GÖZÜ İLƏ GÖRÜLƏN YAPONİYA

Tokio, 8 sentyabr, /AJMEDIA/

Millət vəkili Qənirə Paşayevanın “Addım-addım Yaponiya” (Bakı, “CBS PP”, 2021) kitabı nəşr edilib. Azərbaycan-Yaponiya əlaqələrinin geniş panoramı barədə bitkin təsəvvür yaradan kitabın redaktoru Əkbər Qoşalı, ön söz müəllifi Azərbaycan Respublikasının Yaponiyadakı Fövqəladə və səlahiyyətli səfiri Gürsel İsmayılzadə, rəyçiləri DGTYB Məsləhət Şurasının üzvü Dos.dr. Təranə Turan Rəhimli, AZƏRTAC-ın Yaponiyadakı xüsusi təmsilçisi Vüqar Ağayevdir.

Yaponiya – fərqlilik deməkdir. Yaponiya haqqında yazmaq, onun çoxçalarlı mədəniyyətini, qədimliklə müasirliyin vəhdətindən doğan gözəlliklərini olduğu kimi görüb təsvir etmək, bu ölkəni heç vaxt görməyən oxucunun təsəvvüründəki Yaponiya obrazını yaratmaq olduqca çətindir. Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Yaponiya parlamentlərarası işçi qrupunun üzvü professor Qənirə xanım Paşayeva “Addım-addım Yaponiya” kitabında bu çətinliyin öhdəsindən uğurla gəlib. Yapon həyatının bütün sahələri haqqında aydın təsəvvür yaradan, bu gözəl xalqın müdrik həyat fəlsəfəsi, əxlaq meyarları, yüksək insani keyfiyyətləri barədə təsəvvürlərimizi bütövləşdirən kitabda Yaponiyanın bitkin panoramını görürük. Yaponiyanın milli-mənəvi zənginlikləri, dəyərləri, yapon milli psixologiyası, həyat tərzinə hopan din fəlsəfəsi, çoxəsrlik adət-ənənələri gözlərimiz önündə canlanır.
Qeyd etmək lazımdır ki, son illərdə Azərbaycanda Yaponiya ilə bağlı əsərlər, kitablar ərsəyə gətirilsə də, onların sayı yetərli olmadığı kimi yapon həyatının özünəməxsusluğu haqqında da hərtərəfli təəssürat yaratmır. Digər tərəfdən, bu kitabların çoxunda yapon şəxs adları, yer adları rusdilli tərcümələrə əsaslandığından təhriflərlə doludur. Xatırladaq ki, bu əsrarəngiz ölkənin adını belə rusların təhrifi ilə bir çox xalqlar Yaponiya adlandırır.
Belə ki, Avropalılardan ilk dəfə Uzaq Şərqə səyahət edən italyan səyyahı Marko Polo XIII əsrdə Orta Asiya yolu ilə Çinə gedir. O, Çinin yaxınlığındakı ölkəni Çin adına uyğun olaraq Cipanqo (sonralar Cipanqo – Ciapan – Capan – Japan kimi dəyişikliklərə uğramışdır) adlandırır. Bu ad Avropalıların dilinə düşüb əslində gerçək adı Nihon (“gündoğan” mənasını ifadə edir) olan ölkənin Uzaq Şərq ölkələrindən başqa bütün dünyada “Japan”, yaxud rusların latın əlifbasındakı “J” hərfini kiril əlifbasına uyğun “Y” kimi dəyişdirməsi ilə təhrifə uğrayan “Yaponiya” tək tanınmasıyla nəticələnir.
Keçmiş sovet respublikalarında, eləcə də Azərbaycanda yapon ədəbiyyatından tərcümələr, yaxud ölkə haqqında məlumat xarakterli yazılar rus dilindən tərcümə edildiyindən rusların öz qrammatik qaydalarına uyğunlaşdıraraq təhrif etdikləri xüsusi adlar olduğu kimi təkrarlanıb. Buna görə də sovet dövrü mənbələrində əzəmətli Fuci dağının adını “Fudzi”, klassik şair Matsuo Başonun adını Matsuo Basyo, Hiroşima şəhərinin adını Xirosima kimi tanıyırdıq. Belə örnəklərin sayını yetərincə artırmaq olar. Qənirə Paşayevanın “Addım-addım Yaponiya” kitabında bu mənzərənin tam əksini görmək xüsusilə razılıq doğurur. Müəllif ölkə haqqında məlumatların əhatəliliyi, fakt və sənədlərin dəqiqliyi ilə yanaşı, hər bir adı orijinalda olduğu kimi yazmağa, bir çox dillərdə təhrifə uğrayan çətin yapon sözlərini düzgün şəkildə qeyd etməyə son dərəcə həssaslıqla yanaşmışdır.
Kitabda uzaq əsrlərdən bəri öz xoşbəxtliyini reallaşdırmağı bacaran azad Yaponiyanın, düşünən və düşündürən yaponların dərin cizgilərini təsvir edən mükəmməl portreti var. Bu portretin unudulmazlığını şərtləndirən səbəbləri isə Qənirə Paşayeva yaponların yazılmamış həyat qanunları ilə yanaşı tarixin uzaq qatlarındakı həqiqətlərlə də əlaqələndirir. Yaponları dünya xalqlarından, eləcə də bir çox ortaq dəyərlərə malik olduğu digər Uzaq Şərq xalqlarından fərqləndirən özünəməxsusluqlar kitabın bütün bölmələrində müəllifin diqqət mərkəzindədir.
Məlumdur ki, Yaponiya XIX əsrdə baş verən Meyci inqilabına qədər milli mədəniyyətini qorumaq üçün əsrlərlə öz qapılarını Avropaya, eləcə də qonşu olduğu ölkələrə açmayan yeganə ölkədir. Yaponiyanın dünya ölkələri ilə əlaqələrinin tarixi 1868-ci ildən başlanır. Çünki hələ Yamato şequnluğu dövründən etibarən yüzilliklər boyu imperatorların əmri ilə ölkəyə gediş-gəlişin qadağan edilməsi siyasi məqsədlərlə bağlı olmuş, Yaponiyanı yadellilərdən qorumaq məqsədi daşımışdır. Çoxəsrlik adət-ənənələri, milli dəyərləri olduğu kimi qoruyub saxlamaqda bu amil də önəmli rol oynayıb.
“Addım-addım Yaponiya” kitabını oxuduqda bir daha əmin olursan ki, ötən əsrlər yaponlardan bir millət kimi heç nə qoparmayıb, dünyaya, həyata baxış tərzini, adətlərini dəyişə bilməyib. Elm və texnologiya irəliləsə də, yaponlar bu sahədə birinci olsa da, öz sadə həyat tərzinə və yüzilliklərin vərdişinə əsla vida etməyiblər.
Qənirə Paşayeva Zen fəlsəfəsində deyildiyi kimi “əgər kainatın bir qəlbi varsa, deməli, hər qəlb bir kainatdır” düşüncəsinə inamla Yaponiyanın əsrarəngizliyinin, gözəlliyinin sirrini ölkəni bu qədər unudulmaz edən insanlarının qəlblərində görür. O, estetikanı duyan və həyatı gözəlləşdirməyi bacaran bu millət haqqında yazır: “Bütövlükdə yapon düşüncəsi istənilən hadisədə gizli, sirli gözəlliyin mövcudluğunu axtarır. Bu düşüncə gözəl qəlbi olanlar və gözəlliyi duyanlara daha yaxındır” (Paşayeva Q. Addım-addım Yaponiya, Bakı, 2021, s.101).
Yaponlardan dünyanın ən nəzakətli xalqlarından biri kimi söz açan Qənirə Paşayeva vurğulayır ki, “Yaponiyada heç kim bir-birinin işinə qarışmır”, “gözünü kiməsə zilləyib baxmaq ayıb sayılır, ona görə qatarlarda, metroda yatmasalar da, hamı gözünü yumub özünü yuxululuğa vurur”, “yapon dilində söyüş yoxdur”, “kişi ilə qadın arasında ən böyük dava, bəlkə də, qapını bir az bərk örtmək”dir. Bu sətirləri oxuyanda qeyri-ixtiyari xatırlamalı olursan ki, nəzakət forması olub cümlənin əvvəlində işlənən, xahiş bildirən “O” hissəciyi yalnız yapon qrammatikasında var. “O genki deska?” (mənası: Xahiş edirəm, deyin necəsiniz?) Hal-əhval tutarkan belə bunu xahişlə soruşmaq dünyada yalnız yaponlara məxsus bir nəzakətdir.
Təbiətin hər zərrəsinin qədri bilinən Yaponiyada təkcə ölkənin rəmzi sayılan sakuralar qiymətli deyil, hər bir ağac qiymətli olduğu üçün ağacların pasportu belə var. Şintoist düşüncəyə görə, hər ağac bir insanın taleyidir, budağını zədələdiyin, zərif davranmadığın ağac öz taleyin də ola bilər. Buna görə ölkədə ağaclara insan qədər hörmətlə yanaşılır. Yaponların təbiətlə belə munis təması Qənirə xanımı dərindən düşündürür.

Aramızda yadlar yoxdu,
Biz hamımımz qardaşıq
Çiçəkli sakura altda.

Hayku ustası Kobayaşi İssa poeziyasından örnək verilən bu misralar bütövlükdə kitabın ümumi ruhu ilə bağlıdır. Təbiətin insanları doğmalaşdırması, kimsəyə fərq qoymadan hamını eyni dərəcədə sevməsi, gözəlliklərini, nemətlərini insanlar arasında səxavətlə bölüşdürməsi, insanla təbiət arasındakı harmoniyanın vacibliyini xatırlatması bu üç misralıq şeirin nə qədər dərin mətləbləri özündə ehtiva etdiyini göstərir. Uğurla seçilmiş bu bəndin yaratdığı ovqat kitabın əvvəlindən sonunadək davam edir.
Millət vəkilimiz, professor Qənirə Paşayevanın “Addım-addım Yaponiya” kitabı yapon milli özünəməxsusluğunun bütün sahələrini dolğun surətdə özündə əks etdirir. Yaponiyanın coğrafi mövqeyindən başlayıb Zen fəlsəfəsinin yaponların həyatındakı yerinədək, ölkənin flora və faunasından tutmuş fərqli idman növlərinədək, milli mədəniyyətin çay ritualı, mətbəx fərqliliyi kimi xırdalıqlarına qədər Qənirə Paşayevanın kitabında öz təzahürünü tapıb. Mən bu qənaətdəyəm ki, insan ruhuna rahatlıq verən, Qənirə xanımın təbirincə desək, “film kimi” bu ölkə haqqında bundan daha yaxşı yazmaq mümkün deyil. Çünki oxucunun əlindən tutub onu Yaponiyanın bir-birindən fərqli şəhərlərində küçə-küçə gəzdirən bu kitabda Yaponiyanın ilk şequnluğu Yamato dövründən əzəmətli Nara epoxası, Heyan, Kamakura, Muromati, Edo dövrləri, Meyci inqilabından başlayan Müasir Yaponiya mərhələsinədək böyük bir tarixin izləri ilə rastlaşırıq. Tarixi eramızdan əvvəl 300-710-cu illərə dayanan Yaponiyanın qədim dövrlərdən bu günə qədərki inkişaf yolu müəllifin diqqət mərkəzindədi.
Oxucu müəllifin “İnsan ilk görüşdən bir ölkəyə, bir topluma aşiq ola bilərmi?” sualının cavabını elə kitabın içində tapır. Yaponiyanı qəlbinin gözü ilə görən, qədim Kiotonun dar küçələrində gəzərkən təbiətin verdiyi rahatlıq hissindən zövq ala-ala Zen fəlsəfəsinin yetirdiyi yapon düşüncəsinə valeh olan Qənirə Paşayeva bu ölkəyə heyranlığın sirrlərini kəşf edir. Sanki Fuci dağının qarlı zirvəsindən sübh mehi ilə ölkə üzərinə enən bu məsum gözəlliyin sirlərini qədim Qızıl məbəddə – Kinkakuçidə, Kamiqamo, Şimoqamo kimi minlərlə məbədlərin tarixin hər üzünü görmüş divarlarının yaddaşında arayıb tapır. Bütövlükdə yapon həyatının hər bir sahəsində, eləcə də ədəbiyyatında, incəsənətində əcdadlara müraciət, keçmişə sədaqət tendensiyasının güclü göründüyü isə kitabda xüsusi vurğülanır.
Ölkənin ən modern şəhəri, meqapolisi Tokiodan böyük rəğbətlə, əzəmətli imperatorluğun paytaxtı olmuş qədim Kiotodan xüsusi ehtiram və valehlik hissilə, bəşər tarixinin ən böyük faciəsini yaşamıs Hiroşima və Naqasakidən qayğı və canıyananlıqla söz açan müəllif yapon həyatında hər şəhərin öz statusunu müəyyənləşdirir. Eləcə də bu şəhərlərin gözəlliyini və özünəməxsusluğunu şərtləndirən məkanlar haqqında dolğun təsəvvür yaradır, gələcək ziyarətçilərə gərəkli tövsiyələr verir.
Kitabın “Acısı ilə bizə yaxın Yaponiya”, “Yaşadıqlarını unutmayan və unutdurmayan şəhər: Hiroşima” bölümləri isə təkcə müəllifin Xocalı soyqırımı faciəsi ilə dərd ortaqlığı müqayisəsinə görə deyil, bütövlükdə bəşər faciəsi kimi dərin kədər hissi doğurur. Burada bombardmanın tarixi ilə bağlı əhəmiyyətli faktlara istinad edən müəllif tarixin üz qarası, siyasi hegemonluğun heç cür bağışlanmayacaq günahı Hiroşima və Naqasaki faciəsinin dəhşətlərindən, onilliklərlə davam edən ağır nəticələrindən söz açır: “Hiroşima və Naqasakiyə atom bombası atan pilot sonralar necə bir suç işlədiyini anlayınca ağlını itiribmiş. Qaçıb ot tayasının altında gizlənirmiş ki, insanlar onun zalım sifətini görməsin. Özü-özünü lənətləyibmiş; amma Xocalı soyqırımını törədənlərin hələ də belə bir əzabı, tövbəsi yoxdu…” (Paşayeva Q. Addım-addım Yaponiya, Bakı, 2021, s.104).
Kitabda Azərbaycan-Yaponiya əlaqələrinin inkişafı sahəsində görülən işlər də ətraflı şəkildə öz təzahürünü tapıb. Müəllif Yaponiyanı Azərbaycanın milli müstəqilliyini tanıyan ilk dövlətlərdən biri kimi yüksək dəyərləndirir, Yaponiyanın 28 dekabr 1991-ci il tarixli bəyanatından sonra ölkəmizlə diplomatik əlaqələrin qurulması, ümummilli lider Heydər Əliyevin gündoğar ölkəyə rəsmi səfəri, bu səfərin dövlətlərarası əlaqələrin inkişafı baxımından əhəmiyyəti və s. məsələlərdən söz açaraq bu əlaqələrin tarixi haqqında dolğun təsəvvür yaradır.
Azərbaycan prezidenti İlham Əliyevin 7-10 mart 2006-ci ildə Yaponiyaya rəsmi səfərindən sonra iki ölkə arasında əlaqələrin və hərtərəfli əməkdaşlığın daha da inkişaf etdiyini vurğulayan müəllif bu səfəri dövlətlərarası münasibətlərin yeni mərhələyə qədəm qoymasında mühüm addım kimi dəyərləndirir.
Q.Paşayevanın Azərbaycan-Yaponiya parlamentlərarası işçi qrupunun üzvü kimi yapon ictimaiyyətçiləri ilə görüşləri də bu əlaqələri genişləndirmək, eləcə də Azərbaycan həqiqətlərini Yaponiyada olduğu kimi çatdırmaq məqsədinə xidmət edir. Qeyd etmək lazımdır ki, Xocalı haqqında gerçəkliklərin, Qarabağ müharibəsi həqiqətlərinin yaponlara təhrifsiz çatdırılması xüsusilə əhəmiyyətlidir. Xatırlatmaq istərdim ki, Yaponiyada bu həqiqətlərin təhrif olunduğu kitablar və dövri nəşrlərdə yer alan məqalələr də var. Tokiolu diplomat Sato Masaru “Yenidən nəfəs alan Rusiya imperiyası” (“Yomiqaeru Rosia Teikoku”) siyasi kitabında Qarabağ müharibəsindən dini münaqişə kimi söhbət açır. Həmin müəllif bu “münaqişə”ni ruslardan və kommunist əqidəli rusdilli azərbaycanlılardan aldığı müsahibələr əsasında izah etdiyindən Qarabağ müharibəsinin mahiyyəti nəinki açılmamış qalır, yapon oxucusu bunu bəsit bir dini ayrıseçkilik məsələsi kimi qavrayır. Bu baxımdan Qənirə Paşayevanın Yaponiyanın müxtəlif şəhərlərində dövlət rəsmiləri, ictimai təşkilat rəhbərləri və media nümayəndələri ilə görüşlər zamanı Azərbaycan həqiqətləri, xüsusilə Qarabağ müharibəsi, Xocalı soyqırımı haqqında verdiyi bilgilər ciddi önəm daşıyır. Eləcə də millət vəkilinin Yaponiyada keçirilən Dünya Qadın Zirvə Toplantısındakı çıxışı bu baxımdan əhəmiyyətlidir.
“Addım-addım Yaponiya” kitabı ölkəşünaslıq, kulturologiya, milli mədəniyyətlərin müxtəlif sahələrinin öyrənilməsi üçün zəngin bir mənbədir. Kitabın yapon şairlərinin haykularından gətirilən örnəklərlə süslənən cümlələri, bölmələrin poetik ovqatı isə Qənirə xanımın şair-yazar ruhu ilə bağlıdır və oxucuya fərqli bir duyğu təlatümü yaşadır. Eyni zamanda, bu poetik örnəklər Qənirə xanımın yapon ədəbiyyatı nümunələrinə çox yaxından bələdliyinin, bu ədəbiyyata sevgisinin göstəricisidir. Kitabda Matsuo Başo, İssa Kobayaşi, Kaneko Misuzu, Ki no Tsurayuki, Uecima Onitsuro, Nozava Bonço və başqa klassik yapon şairlərinin əsərlərindən verilən, müxtəlif bölmələrin məzmununa uyğun örnəklər yapon bədii təfəkkürünün orijinallığı, fəlsəfi çalarları, inkişaf özəllikləri, poetik düşüncənin xalq müdrikliyi və milli dəyərlərlə əlaqəsi haqqında aydın təsəvvür yaradır.
Kitabda Azərbaycan və Yaponiya mədəni əlaqlərinin genişləndirilməsi sahəsində görülən işlər də nəzərə çatdırılır. Bakı Dövlət Universiteti və Yaponiya Səfirliyinin təşkilatçılığı, yaponşünas tələbələrin xüsusi fəallığı ilə keçirilən Yaponiya Mədəniyyəti Festivalı, hər iki ölkənin universitetləri arasındakı tələbə mübadiləsi, yapon yazıçıları haqqında tədqiqatlar aparılması, əsərlərinin dilimizə tərcümə edilməsi, Abdulla Şaiqin “Tıq-Tıq xanımın nağılı”, Təranə Turan Rəhimlinin “Qız qalası” əsərlərinin yapon dilinə tərcüməsi və səhnələşdirilməsi, yapon tələbələrin tar alətində ifası, “Sarı gəlin”, “Nazəndə sevgilim yadıma düşdü” xalq mahnılarının yaponca səslənməsi, yapon alimlərinin Qəbələdə arxeoloji qazıntılar apararaq Azərbaycan tarixinə öz töhfəsini verməsi, Azərbaycanın İsmayıllı şəhəri ilə Yaponiyanın İto şəhəri arasında “Dostlaşmış şəhərlər mübadiləsi” haqqında Saziş imzalanması önəmli faktlar kimi vurğulanır.
Milli mədəniyyətlərin inteqrasiyasına ciddi əhəmiyyət verildiyi çağdaş dövrdə Yaponiya ilə bağlı bu kitabın tolerantlığın və kulturalizmin örnəyi olan ölkə kimi Azərbaycanda nəşr edilməsi diqqətəlayiqdir. Kitabın rəyçilərindən biri kimi Azərbaycan-Yaponiya əlaqələrinin geniş panoramı barədə bitkin təsəvvür yaradan kitabı heyranlıqla oxudum. Və hesab edirəm ki, “Addım-addım Yaponiya” hər iki ölkənin əməkdaşlıq münasibətlərinin inkişafına dəyərli töhfədir. Bu ölkəyə böyük sevgiylə qələmə alınmış kitabı oxuduqdan sonra təsvir edilən sonsuz gözəlliklərin təəssüratı ilə qeyri-ixtiyari Qənirə xanım Paşayevanın bu sözlərini pıçıldayırıq: “Gözəldi Yaponiya, gözə gəlməsin!”

Təranə Turan Rəhimli,
filologiya üzrə fəlsəfə doktoru, dosent

Follow us on social

Facebook Twitter Youtube

Related Posts