Prezident İlham Əliyev və Azərbaycanda mədəniyyətin dirçəliş illəri

Tokio, 24 dekabr, /AJMEDIA/

Prezident İlham Əliyevin hakimiyyətdə olduğu son illərdə Azərbaycan mədəniyyəti xüsusi inkişaf mərhələsi keçib. “Mədəniyyət” sözü burada geniş mənada işlənir. Bu genişlikdə bir məna dərinliyi və üfüq vardır. Düşünürəm ki, genişlik, dərinlik, üfüq dedikdə, son bir il içində leksikonumuzda yerini möhkəmləndirmiş bir müəyyənliyi vurğulamaq yetərlidir: Şuşa – Azərbaycanın Mədəniyyət paytaxtıdır və Şuşaya aparan yollar burada qurtarmır.

Prezident İlham Əliyevin müqəddəs kitabımız Qurana, Azərbaycanın Dövlət Konstitusiyasına əl basıb, and içdiyi ilk gündən başlayaraq, bütün sahələrdə böyük mədəniyyət quruculuğu ilə məşğul oldu. Bura əcdadlarımızın hərb mədəniyyəti, savaş ləyaqəti, dövlətçilik, vətənpərvərlik, xalqa məhəbbət, uzaqgörənlik, mədəniyyətlərarası və sivilizasiyalararası uzlaşma, rifah, yeni nəsillərə yol açma mədəniyyəti vardı. Bütün bunların hamısının kompleks nəticəsini biz 30 illik işğala 44 gün içində son verən Azərbaycanın Vətən müharibəsində parlaq şəkildə ortaya çıxdı. 44 gün və tarixi Zəfər!

AJMEDIA xəbər verir ki, bu fikirlər Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın “Prezident İlham Əliyev və Azərbaycanda mədəniyyətin dirçəliş illəri” sərlövhəli məqaləsində yer alıb.

Məqalədə bildirilir: “Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanı, xalqımız isə öz dövlət başçısı ilə həmrəylik nümayiş etdirərək, işğaldan azadlığa keçidi təmin etməklə, dünyaya xalqımızın xarakterini göstərmiş oldu. Sübut etdik ki, biz müharibə aparmağı da, sülh təsis etməyi də bacarırıq.

Bu mövzu yetərincə dərin mövzudur, çünki ən azı ermənilərin Qarabağda məskunlaşdırılması ilə başlayan, İrəvan, Zəngəzur və Göyçənin separatçılar yuvasına döndərilməsi, gözü doymayan azğın etnik qrupun formalaşması ilə davam edən və dünya erməniliyinin dəstəklədiyi bir bəladan danışırıq. Prezident İlham Əliyev öz xalqına inamı, siyasi iradəsi, prinsipiallığı və qardaş ölkələrə etibarı ilə bu taleyüklü məsələni kökündən həll etdi. Bax, bu böyük Azərbaycan siyasətinin, mədəniyyətinin parlaq hadisəsi, təntənəsi idi!

Çoxvektorlu siyasət meydanlarında ən düzgün gediş, ən doğru məqam, ən yaxşı yol seçimi özü yüksək mədəni səviyyənin məhsuludur. Fərqli ideoloji-siyasi və etnik mədəniyyətə malik dövlətlərlə qonşuluqda, çoxmillətli Qafqazda – maraqların uzlaşdırılması çətin olan bir bölgədə Zəfərə imza atmaq özünəinamla yanaşı, diplomatiya mədəniyyətinin göstəricisidir.

Uğur 44 gün içində qazanılsa da, onun arxasında uzun illər boyu aparılan gərgin iş, titanik çalışmalar, məhsuldar əmək, zehni proses dayanır. Bu, öz işinə, haqqa xidmətə inamın, xalqı səfərbəretmə mədəniyyətinin ifadəsidir: necə deyərlər, gücün mədəniyyəti, mədəniyyətin gücü.

Uzun illər “qalib ədası” ilə gəzən, “məğlubedilməz ordu” mifi ilə dolanan Ermənistan siyasi-hərbi hakimiyyəti, deyəsən, dünya erməniliyini də, bir sıra dairələri də inandırmışdı ki, doğrudan da, onlar mədəni xalq, qalib ölkə, qədim mədəniyyət sahibləridir. Ancaq soruşan yox idi ki, bəs işğalçılıq, terrorçuluq, yerlə-yeksan edilən şəhərlər, kəndlər, Xocalı soyqırımı və Birinci Qarabağ müharibəsində 4 minə yaxın Azərbaycan vətəndaşının taleyi üçün kim cavab verəcək? Bütün bunların müqabilində ATƏT-in Minsk qrupunun həmsədrləri daxil, bir sıra güclər açıq, gizli şəkildə Azərbaycana reallıqlarla barışmağı təklif edirdi. Guya bir qalib tərəf, bir də məğlub tərəf var, reallıq var və bu reallıqla barışmaq lazımdır. İndi necədir? Qalib Azərbaycan yüksək humanizm göstərir, qalib ləyaqəti göstərir, kommunikasiyaların açılmasına töhfələr verir, dinc yanaşı yaşamağa töhfələr verir, əsir-girovların qaytarılmasını həyata keçirir.

Qırx dörd günlük müharibədən ötən aylar içində yüzlərlə erməninin cəsədi bizim razılığımızla aşkarlanıb və qarşı tərəfin götürməsinə imkan yaradılıb. Qalib Azərbaycan necə deyərlər, “yıxdığını kəsmir”, ağıllanmağa dəvət edir. Zəfər qazanmış Azərbaycan danışıqlar masasında ləyaqət, ciddiyyət göstərir, sözünü, tələbini açıq deyir. Yəni biz oyun oynamırıq, oyun oynayanlara da yerini “Dəmir yumruq”la artıqlaması ilə göstəririk. Beləliklə, keçilməz xətlərin, yarılmaz səngərlərin üzərinə yeriyən, yeni texnikanın “dil”ini bilən, əcdadın hərb ənənəsi ilə çağdaş elektron hərb sənətinin ortaq yürüdülməsini modelləşdirən oğullar texnoloji mədəniyyətə, tarix şüuruna bir günün içində yiyələnməmişdi. Belə oğulları yetişdirmək ailə, məktəb mədəniyyətinin gücüdür.

Prezident İlham Əliyevin ali hakimiyyət illəri içində təmir edilən, əsaslı şəkildə yenidən qurulan mədəniyyət müəssisələrinin, yeni tikilən sənət ocaqlarının, keçirilən çoxsaylı beynəlxalq festival, yarışmaların, haqq edənlərin dövlət mükafatları ilə təltif edilməsinin, istedadların üzə çıxarılmasının siyahısı uzundur. Bunlar ardıcıl, məqsədyönlü siyasətin tərkib hissəsidir.

Dövlətin mədəniyyət siyasətinə ayrılan büdcə vəsaiti ilbəil artmaqdadır. Dövlət başçısı torpağın altındakı mədəni xəzinələrimizin üzə çıxarılmasına da, Azərbaycanın dünya kosmos ailəsinin üzvü olmasına da eyni diqqət və qayğı ilə yanaşıb.

Pandemiya və müharibə dövründə ölkənin mədəniyyətinə, klassik irsinə sədaqət nümayiş etdirilib. “Nəsimi İli”, “Nizami Gəncəvi İli”, Aşıq Ələsgərin 200 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi, sosial müdafiəyə ehtiyacı olan mədəniyyət işçiləri, incəsənət xadimlərinin qayğı ilə əhatə olunması, beynəlxalq müstəvidə mədəni sərvətlərimizin qorunması diqqətdə saxlanılıb. Bir sözlə, mədəniyyət Prezident İlham Əliyevin xüsusi önəm verdiyi əməli fəaliyyət sahələrindəndir.

Dövlətimizin başçısı 2021-ci ilin ilk ayında Şuşanı Mədəniyyət paytaxtı elan etdi və bu il ölkəmizdə “Nizami Gəncəvi İli” kimi qeyd olunur.

Mədəni irsin inkişafı baxımından baxışlarımız Şuşada əzəmətlə dalğalanan bayrağımızdan Zəngəzura, Göyçəyə, İrəvana mədəniyyət, sənət şüaları kimi, işıq seli kimi axmaqdadır – o torpaqlar öz əzəli sahiblərinin dönüşü ilə dinclik tapacaqdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts