Peşələr Festivalına Bakıda yekun vurulub

Tokio, 8 iyun , /AJMEDIA/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ilk dəfə təşkil edilən Peşələr Festivalının Bakı şəhərində yekun tədbiri olub.
AJMEDIA xəbər verir ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, təhsil nazirinin müavini İdris İsayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov, Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli, Milli Məclisin deputatları və başqaları iştirak ediblər.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, festival Şamaxı, Bərdə, Qazax rayonlarını, Şirvan, Şəki, Mingəçevir, Gəncə, Lənkəran, Bakı və Sumqayıt şəhərlərini əhatə edib. Tədbirə ümumilikdə 50 mindən çox şəxs qatılıb. Ölkənin 10 rayon və şəhərində “Öyrən, Əylən, Peşəni seç” devizi altında müxtəlif peşələr üzrə ekspertlərin iştirakı ilə keçirilən festivalda iştirakçılar peşələr üzrə hansı bacarıqların tələb olunduğunu öyrənmək şansı qazanıblar.
Nazirin sözlərinə görə, onlar gələcəkdə əmək bazarının necə formalaşacağı və peşələr üzrə hansı bacarıqların tələb olunacağı barədə məlumatlar, peşələrlə əyani şəkildə tanış olmaq imkanı əldə ediblər.
Gənclər və idman nazirinin müavini İndira Hacıyeva, təhsil nazirinin müavini İdris İsayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov çıxış edərək yeniyetmə və gənclərin müasir əmək bazarı barədə məlumatlılığının və peşələrə marağının artırılmasında, əmək bazarının tələblərinə uyğun peşə seçimində festivalın rolu yüksək qiymətləndiriblər.
Festival boyunca ziyarətçilər üçün aşpaz, dərzi, bərbər-vizajist, frontend developer, qrafik dizayner, interyer dizayner, kompüter proqram təminatı, barista, turizm agenti, elektron cihazların təmiri peşələri üzrə peşəkar ekspertlər tərəfindən təqdimat və vörkşoplar keçirilib.
Festivala qatılan şəxslərə Mərkəzi Karyera filialının məsləhətçiləri tərəfindən peşəyönümü məsləhəti xidməti də göstərilib, “Alo, Karyera” dəstək xidməti və cvyarat.az platforması barədə məlumat verilib.
Agentliyin Peşə Hazırlığı Mərkəzləri də festivalda təmsil olunub. Peşə biliklərini təkmilləşdirmək və ya yeni peşəyə yiyələnmək istəyən işsiz və işaxtaran şəxslərə tədris olunan sahələr barədə məlumatlar verilib, müraciətləri qeydiyyata alınıb.
İştirakçılar festivalda təqdim olunan peşələrin stendləri ilə tanış olub, ekspertlərlə söhbət ediblər.
Festival konsert proqramı ilə başa çatıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts