Özbəkistanda Əlişir Nəvainin Bakıda Azərbaycan dilində çap edilən “Xəmsə”sinin təqdimatı olub

Tokio, 29 dekabr, /AJMEDIA/

Özbəkistan Yazıçılar İttifaqında (ÖYİ) böyük özbək şairi Əlişir Nəvainin Bakıda Azərbaycan dilində çap olunan “Xəmsə”sinin təqdimatı olub.

AJMEDIA xəbər verir ki, “Xəmsə”ni Azərbaycan dilinə Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, professor Ramiz Əskər çevirib.

Təqdimatda Özbəkistanın elm və mədəniyyət xadimləri, şair və yazıçılar, ədəbiyyatşünaslar iştirak ediblər.

Təqdimatı ÖYİ-nin sədri Siraciddin Səyyid açaraq Ramiz Əskərin yaradıcılığı haqqında məlumat verib, bildirib ki, professor 2010-cu ildən başlayaraq özbək ədəbiyyatının təbliği, tərcüməsi və tədrisi ilə məşğul olur. O deyib ki, Ramiz Əskər son üç ildə dahi şair və mütəfəkkir Əlişir Nəvainin əsərlərinin tərcüməsi üzərində çalışıb. Nəvainin məşhur “Xəmsə”si (“Heyrət ül-əbrar”, “Fərhad və Şirin”, “Leyli və Məcnun”, “Səbayi-səyyar” və “Səddi-İskəndəri”) R.Əskərin tərcüməsində bu il Azərbaycan dilində nəfis tərtibatla çap olunub. Bundan əlavə Ramiz Əskər Əlişir Nəvainin beş risaləsini, o cümlədən “Məhbub ül-qülub” əsərini Azərbaycan dilinə tərcümə edib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov 2021-ci ilin Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə böyük Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi ilə bağlı ölkəmizdə “Nizami Gəncəvi İli” elan edildiyini və Özbəkistanda da böyük özbək şairi Əlişir Nəvainin 580 illik yubileyinin geniş qeyd olunması ilə bağlı Prezident Şavkat Mirziyoyev tərəfindən sərəncam imzalandığını iştirakçıların diqqətinə çatdırıb. O bildirib ki, Ramiz Əskər 2011-ci ildə “XX əsr özbək poeziyası antologyası”nı hazırlayıb və çap etdirib. Klassik özbək şairlərindən Sultan Hüseyn Bayqaranın və Zəhirəddin Məhəmməd Baburun divanları Azərbaycan dilinə uyğunlaşdırılaraq Bakıda işıq üzü görüb. Alimin Azərbaycan dilinə çevirdiyi Baburun məşhur “Baburnamə” əsəri çapdan çıxıb. Ümumiyyətlə Ramiz Əskər indiyədək özbək ədəbiyyatına dair 15 kitabı oxuculara təqdim edib. Hazırda alim Əlişir Nəvainin həyatı və yaradıcılığı haqqında “Nəvainin lirikası” monoqrafiyası üzərində işləyir.

S.Abbasov bildirib ki, bu günlərdə Ramiz Əskər Astanada Əlişir Nəvai qızıl medalına layiq görülüb, Özbəkistanın “Turan” Elmlər Akademiyasının (TEA) İdarə heyətinin qərarı ilə TEA-nın akademiki adını alıb.

Ramiz Əskər təqdimata onlayn qoşularaq deyib: “Mən Əlişir Nəvainin “Xəmsə”sini niyə tərcümə etdim? Çalışdığım universitetdə Əlişir Nəvai 6 saat tədris olunur. Tələbələrə bu böyük şairin əsərlərini oxumaq üçün tapşıranda məlum oldu ki, bu əsərlərin heç biri azərbaycanca yoxdur. Məhz ona görə də bu çətin işi öz öhdəmə götürdüm və uğurla yerinə yetirdim”.

Alim vurğulayıb ki, ilk “Xəmsə”ni Nizami Gəncəvi yazıb. Nizami Gəncəvidən sonra müxtəlif dövrlərdə 100-ə yaxın “Xəmsə” qələmə alınıb. Nizami Gəncəvi, Əmir Xosrov Dəhləvi, Əbdürrəhman Cami və Əlişir Nəvainin “Xəmsə”ləri daha populyardır. Bu şairlərin üçü “Xəmsə”ni farsca, Əlişir Nəvai isə türkcə yazıb.

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov, professorlar Nurbay Jabborov, İbrahim Hakkul, dosent Gülbahar Aşurova və başqaları Ramiz Əskərin yaradıcılığına yüksək qiymət verib, alimə gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts