Nizami Gəncəvinin əsərlərinin motivləri əsasında çəkilmiş miniatürlərdən ibarət sərgi açılıb

Tokio, 10Dekabr, /AJMEDIA/

Bakı Xətai Sənət Mərkəzində Nizami Gəncəvinin əsərlərinin motivləri əsasında “Beynəlxalq Mahmud Kaşqari” Mükafatı laureatı, rəssam-heykəltəraş Natiq Camal Afşarın çəkdiyi miniatürlərdən ibarət sərgisi açılıb.

AJMEDIA xəbər verir ki, əvvəlcə iştirakçılar Azərbaycan torpaqlarının azadlığı, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sərginin açılış mərasimində Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı deyib: “Azərbaycan xalqı, cəmiyyətimizin aparıcı üzvləri, o cümlədən yaradıcı insanlar Nizaminin əsərlərinə zaman-zaman özünəməxsus münasibət göstərib. Azərbaycan miniatür sənəti XIII yüzildən inkişaf etməyə başlayıb, sonrakı dönəmlərdə Təbriz miniatür məktəbinə çevrilərək dünyada şöhrət qazanıb. Çağdaş dönəmdə bu sənəti yaşadan rəssamlarımızdan biri Natiq Camal Afşardır. Bugünkü sərgi rəssamın Nizami irsinə, Azərbaycan miniatür məktəbi ənənələrinə peşəkar yanaşmasının, məhəbbətinin bir nümunəsidir”.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Beynəlxalq Rəssamlar Günü münasibətilə müəllifi və sərgidə iştirak edən rəssamların timsalında bütün fırça ustalarını təbrik edib. Bildirib ki, ümummilli lider Heydər Əliyev dahi Azərbaycan şairi Nizami Gəncəvinin irsinə, adının ölkədə və xaricdə əbədiləşdirilməsinə, əsərlərinin kütləvi tirajlarla nəşrinə və başqa dillərə çevrilməsinə yüksək diqqət və qayğı göstərib. O, Ümummilli Liderin sərgidə nümayiş olunan böyük ölçülü portretini də Natiq Camal Afşarın ən gözəl əsərlərindən biri kimi xarakterizə edib.

Nizami Gəncəvi irsinə, yüksək diqqət və qayğı ilə yanaşan ölkə Prezidenti və Birinci vitse-prezidentə minnətdarlığını bildirən Qənirə Paşayeva deyib: “Tarixi Zəfərimizdən sonrakı ilk təqvim ilinin Nizami ili, Şuşanın Mədəniyyət Paytaxtı elan edilməsi, işğaldan azad olunmuş ərazilərimizdə mədəni infrastruktur bərpası, Aşıq Ələsgərin 200 illik yubileyi ilə bağlı Sərəncam verilməsi və dövlət rəhbərliyinin mədəniyyətə, incəsənətə göstərilən diqqət və qayğısı kimi yadda qaldı”.

Bildirib ki, Nizami Gəncəvi irsi Azərbaycan, eləcə də, bütün dünyanın mədəniyyət tarixi üçün önəmlidir. Dahi şairin irsinin qorunması, təbliğ edilməsi dövlət mədəniyyət siyasətimizin bir hissəsidir.

“Bu gün əsərləri sərgilənən rəssam Natiq Camal Afşarla biz vaxtaşırı görüşür, məsləhətləşirik. Keçən ay onun emalatxanasına baş çəkdik, əsərləri ilə bir daha yaxından tanış olduq. Görəndə ki, Natiq müəllim Nizami yaradıcılığına davamlı şəkildə müraciət edib və artıq bir sərgiyə yetəcək qədər əsəri var, biz təşəbbüs irəli sürərək bu sərginin təşkil edilməsinə qərar verdik. Paytaxtımızın gözəl sənət ocaqlarından birinə çevrilmiş Xətai Sənət Mərkəzində, dahi söz ustadının 880 illiyinə həsr edilmiş sərginin keçirilməsini özlüyündə bir mədəniyyət hadisəsi hesab edirəm. Çünki burada Nizami Gəncəvinin, o cümlədən Azərbaycan miniatür məktəbinin adına layiq əsərləri sərgilənir”, -deyə Q.Paşayeva bildirib.

Mərasimdə Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günel Seyidəhmədli Azərbaycan miniatür sənəti tarixi, ənənələri, o cümlədən Natiq Camal Afşarın miniatür yaradıcılığı mövzusunda məruzə edib.

Tədbirdə digər çıxış edənlər Natiq Camal Afşara ürək sözlərini çatdırıblar.

Tədbirdə “Vektor”un rəhbəri Professor Elçin İsgəndərzadə, “Hədəf” təhsil brendinin yaradıcısı Şəmil Sadiq və Dünya Gənc Türk Yazarlar Birliyi başqanı İntiqam Yaşar təmsil etdikləri qurumlar adından Natiq Camal Afşara plaket, fəxri fərman və diplom təqdim ediblər.

Sonda rəssam-heykəltəraş Natiq Camal Afşar tədbirin təşkilatçılarına, əsərlərini alan sənətsevərlərə, sərgini işıqlandıran media nümayəndələrinə öz təşəkkürünü bildirib.

Qeyd edək ki, sərgidə 20-dən artıq əsər nümayiş olunub. Əsərlərin hamısı tədbirdə iştirak edənlər tərəfindən satın alınıb.

Bildirilib ki, alınan əsərlər qardaş Özbəkistan, Türkiyə, eləcə də, digər türk ölkə və topluluğunda Nizami Gəncəvi irsinə maraq göstərən ünvanlara göndəriləcək, nüfuzlu nizamişünaslara, Azərbaycan dostlarına hədiyyə olunacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts