Naxçıvan Dövlət Universitetində Yaponiyada yaşayan azərbaycanlı alimin “Optik məsələlərin müzakirəsi və tədqiqatda tətbiqi” adlı vebinarı keçirilib

Tokio, 5 Dekabr, /AJMEDIA/

Naxçıvan Dövlət Universitetində “Optik məsələlərin müzakirəsi və tədqiqatda tətbiqi” adlı vebinar keçirilib. Vebinarı Yaponiyada yaşayan həmyerlimiz Qlobal Optik Məsələlər Mərkəzinin baş tədqiqatçısı, eletronika üzrə elmlər doktoru, professor Xəlil bəy Kələntər keçib. Tədbiri giriş sözüylə açan universitetin rektoru Elbrus İsayev mövcud şəraitdə bu cür tədbirlərin əhəmiyyətini qeyd edib. Görkəmli alimin elmi fəaliyyəti və nailiyyətləri haqqında məlumat verən rektor bildirib ki, Xəlil Kələntər əvvəlki və yeni nəsil monitorların yaradılmasında əvəzsiz xidmətləri olan alimdir. Vurğulanıb ki, bütün dünyada elektronika sahəsində tədris olunan onlarla kitabın, eləcə də çoxsaylı elmi məqalələrin müəllifi olan Xəlil Kələntər həm də Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvüdür. Rektor diqqətə çatdırıb ki, çoxsaylı patent və ixtiraların müəllifi olan Xəlil Kələntər Yaponiyada yaradılmış və bütün dünyada geniş istifadə olunan texnologiyaların- fotoaparatlar, kameralar, elektron şüa qurğuları, mikrosxemlər, plazma monitorları, maye kristal monitorların hazırlanmasında böyük xidmətlər göstərib.
Yaponiyada yaşayan həmyerlimiz, dünyaşöhrətli azərbaycanlı alim proyeksiya ekranları barədə danışıb və ilk dəfə belə ekranların tətbiqinin verə biləcəyi mənfəət açıqlanıb. Bildirilib ki, proyeksiya ekranları son illər sürətlə böyüyən bazarlardan birinə çevrilib. Bu displeylər kiçikdən böyük ölçülərə, aşağıdan yüksək parlaqlığa qədərdir. Xəlil Kələntər smartfonlarda maye kristal displey texnologiyası, arxa fon işıqlarının iş prinsipini əyani surətdə nümayiş etdirib. Maye kristallar və onun inkişaf perspektivlərindən söz açan professor vurğulayıb ki, LED işıqları (maye kristal displeyin arxa fon işıqları) televizor, kompüter və mobil telefonların əsas hissələrindən biridir. Bu texnologiyadan smartfonlar, mobil telefon və kompüterlərdə, həmçinin avtomobillərdə geniş istifadə olunur. O, eyni zamanda, özünün müəllif olduğu və bütün dünya ölkələrində geniş istifadə olunan “Backlight unit” və “Backlight optics” texnologiyaları barədə məlumat verib. Professor ənənəvi və müasir televizorların arxa fon işıqlarının strukturu, maye kristal ekranlar, 3D displeylər və digər ekran texnologiyaları (Mini-LED, Micro-LED, LCOS) barədə də danışıb. Həmçinin 1995-2011-ci illərdə apardığı tədqiqatların nəticələrini, ixtira və patentlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Alimin məruzəsi vebinar iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, elektronika sahəsi üzrə dünyada tanınan azərbaycanlı alim Azərbaycanda dünyaya göz açıb. 1981-ci ildən Yaponiyada yaşayan X. Kələntər Naqoya və Tohoku universitetlərində doktorluq dərəcəsi alıb. Elektronika mühəndisliyi, yeni nəsil ekranların yaradılması sahəsində 100-ə yaxın patentin, yapon dilində üç kitabın, 130-dan artıq elmi məqalənin müəllifidir. Azərbaycanlı alim LCD televizor, kompüter və mobil telefonların əsas hissələrindən birinin – maye kristal displeyin arxa fon işıqlarının yaradıcısıdır.
Yaponiyanın “ajmedia.jp” saytının təsisçisi və AZƏRTAC-ın bu ölkə üzrə xüsusi müxbiri Vüqar Ağayevin də muxtar respublika haqda təəssüratları dinlənilib.
Sonda müəllim və tələbələrin mövzu ilə əlaqədar sualları cavablandırılıb.
Səadət Əliyeva NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri

Follow us on social

Facebook Twitter Youtube

Related Posts