Naxçıvan Dövlət Tarix Muzeyinə yeni eksponat hədiyyə olunub

Tokio, 18 iyul , /AJMEDIA/

Naxçıvan Dövlət Tarix Muzeyində Azərbaycanın maarifçi ziyalısı Mirzə Məhəmməd Zamanbəylinin nəticəsi Anar Zamanbəyli tərəfindən muzeyə hədiyyə edilmiş tarixi fotonun təqdimatı olub.
AJMEDIA xəbər verir ki, tədbirdə çıxış edən muzeyin direktoru, sənətşünas Fizzə Quliyeva M.Ə.Rəsulzadə, Ə.Topşubaşov, M.M.Zamanbəyli ilə yanaşı, o dövrün bir çox tanınmış tarixi şəxsiyyətlərinin də yer aldıqları tarixi fotonun muzeyə hədiyyə olunmasına görə Anar Zamanbəyliyə təşəkkürünü bildirib, fotonun dəyərindən bəhs edib, muzey fondlarının zənginləşdirilməsində vətəndaşların rolunun vacibliyini qeyd edib. Bildirib ki, Mirzə Məhəmməd Zamanbəyli dövrünün tanınmış maarifçisi və xeyriyyəçisi olmaqla bərabər, Azərbaycan xalqının milli azadlığı, istiqlalı uğrunda mətinliklə mübarizə aparan ziyalılarından biri idi. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında bir çox tarixi şəxsiyyətlərlə yanaşı, Zamanbəylinin rolu və əməyi danılmazdır. Paris Sülh Konfransının iştirakçısı olan Mirzə Məhəmməd Zamanbəylinin vəsaiti hesabına Qori Müəllimlər Seminariyasında təhsil alan onlarla yeniyetmə sonradan Azərbaycan xalqının maariflənməsinə öz töhfələrini veriblər.
Anar Zamanbəyli çıxışında tarixi fotonun ailə arxivində saxlanıldığını, fotonun ona babası, ulu öndər Heydər Əliyevin müəllimi olmuş Qafar Zamanovdan yadigar qaldığını bildirib. Anar Zamanbəyli Naxçıvan hakimi Kərim xanın nəticəsi olan Mirzə Məhəmməd Zamanbəyli haqqında ətraflı məlumat verib, ulu babası ilə bağlı xatirələrini bölüşüb.
Tədbirdə çıxış edən Bəhruz Kəngərli Muzeyinin direktoru Səbinə Əlincəli Mirzə Məhəmməd Zamanbəylinin görkəmli rəssam Bəhruz Kəngərlinin rus dili müəllimi olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, Bəhruz Kəngərli 1917-ci ildə müəlliminin portretini yüksək ustalıqla işləyib. Kömürlə işlənmiş qrafik lövhədə rəssam öz müəlliminə rəğbətini gizlətməyib, əsərdə müəllimini nurani simalı ziyalı kimi tamaşaçıya təqdim edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts