“National Geographic” jurnalında Azərbaycan mətbəxi ilə bağlı məqalə dərc olunub

Tokio, 9 iyun , /AJMEDIA/

Amerikanın “National Geographic” jurnalında Azərbaycan mətbəxinə həsr olunmuş məqalə dərc olunub.
AJMEDIA xəbər verir ki, Emili Luş-un yazdığı məqalədə Azərbaycan mətbəxinin yeməklərinin rəngarəngliyindən və zənginliyindən söz açılır. Qeyd olunur ki, Azərbaycanın doqquz iqlim qurşağı insanlara çoxlu təzə məhsullar, o cümlədən şaftalı, nar, alma, əncir, zəfəran və şirin bibərlə təmin edir.
Azərbaycan mətbəxinin şahı olan zəfəranla dəmlənmiş plov hər məclisin yaraşığıdır. Bununla bərabər şış kababları, dolma və soyuq salatlar da təqdim edilir. Bunları çox vaxt bir stəkan Azərbaycan şərabı və ya şərbəti, limon, şəkər, zəfəran və təzə meyvələrdən hazırlanmış təravətləndirici sərinləşdirici içki müşayiət edir. Məclislər ənənəvi olaraq bir dilim limonla içilən və armudu stəkanlarında təqdim edilən çayla tamamlanır.
Müəllif Azərbaycanın paytaxtı Bakını təmsil edən yemək kimi düşbərəni seçib. Qeyd olunur ki, düşbərə türk mənşəlidir və italyan mətbəxini rəmzi olan tortelliniyə bənzəyir. Düşbərə ölkənin hər yerində yeyilir, lakin paytaxt Bakıda xüsusilə məşhurdur.
Daha sonra qeyd olunur ki, Lənkəranın ən məşhur qida ixracı olan ləvəngi qoz, kişmiş, soğan, sumaq, yaşıl alça və narşərabın qarışığı ilə doldurulmuş balıq və ya toyuqdan ibarətdir. Şəki bölgəmizə gəldikdə isə, müəllif pitini belə təsvir edir: “Pitinin adı onun hazırlandığı və süfrəyə verildiyi gil qabdan götürülüb”. Daha sonra qeyd olunur ki, Naxçıvan bölgəsi “qovurma” adlanan yeməklə tanınır. Müəllifin sözlərinə görə, dana və ya əti doğrandıqdan sonra bir gün qurudulur, bişirilir, daha sonra yağda qızardılır. Sürhüllü isə Qaxın dağlıq bölgəsinə aiddir. Məqalədə həmçinin bildirilir ki, Azərbaycanın şah plovu ən azı 40 regional reseptə uyğun hazırlanır. Sonda qeyd olunur ki, hər bölgənin öz forması və içliyi ilə seçilən kətəsi var, lakin bu zəngin kalorili, nostalji yeməyin ən çox sevilən növü Azərbaycanın cənub-qərbindəki Qarabağ bölgəsindən gəlir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts