“Müharibənin səsi” kitabının təqdimatı olub

Tokio, 11 noyabr , /AJMEDIA/

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində Zəfər Günü münasibətilə yazıçı və şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Nərminə Məmmədzadənin “Müharibənin səsi” kitabının təqdimatı olub.
Mərkəzdən AJMEDIA-ya bildirilib ki, kitab “Olmayan müsahibə” layihəsi çərçivəsində üç dildə (Azərbaycan, ingilis və rus dillərində) nəşr edilib və 44 günlük Vətən müharibəsinin qəhrəman şəhidlərinin xatirəsinə həsr olunub.
Təqdimat mərasimində bildirilib ki, kitaba daxil olunmuş 50-dən çox qısa müsahibə real hadisələrə əsaslanır. Müəllif hər müsahibədə bir şəhidin ruhu ilə söhbət aparır. Hər bir hekayə bir igidin səsidir, o şəhidlərimizin nurlu simalarını bizə açır və əbədi yaşadır. Müsahibələrdə qəhrəmanların kim olduğu, onların uşaqlıq illəri, yaxınları, dostları, ailələri, arzu və istəkləri haqqında danışılır.
Tədbirdə həmçinin şəhidlərin ailə üzvləri və digər iştirakçılar çıxış edərək kitab haqqında fikirlərini bölüşüblər.
Vurğulanıb ki, müəllifin böyük ürək yanğısı ilə yazıldığı kitabda yer alan hər bir yazı göz yaşı, qəlb ağrısı ilə oxunsa da, lakin bu əsərin qəhrəmanlarının hər biri xalqımızın yaddaşında, qəlbində xilaskar döyüşçü, şərəf və ləyaqət sahibləri kimi daim yaşayacaq.
Tədbirdə kitabdan hekayələr oxunub.
İştirakçılara minnətdarlığını bildirən Nərminə Məmmədzadə kitabı yazarkən keçirdiyi hissləri bölüşüb.
Tədbir bədii hissə ilə davam edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts