Milli Kitabxanada “Şuşanın görkəmli şəxsiyyətləri. Bülbül” adlı virtual sərgi açılıb

Tokio, 22 iyun , /AJMEDIA/

İyunun 22-də opera müğənnisi, mahir təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan professional vokal sənətinin banisi, Xalq artisti Bülbülün 125 illiyi münasibətlə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Şuşanın görkəmli şəxsiyyətləri. Bülbül” adlı virtual sərgi açılıb.
Kitabxanadan AJMEDIA-ya bildirilib ki, virtual sərgidə rəsmi sənəd, fotolar, Xalq artisti Bülbül haqqında yazılan kitab və məqalələr nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Bulbul/index.htm linkindən istifadə edə bilərlər.
Bülbül professional musiqi sənətinin inkişafı tarixində bütöv bir mərhələ, geniş diapazonlu fəaliyyətə malik böyük şəxsiyyət olub. O, xalq xanəndəliyindən opera müğənnisi, vokal sənəti müəllimi və alimədək geniş yaradıcılıq yolu keçib, dünya vokal sənəti təcrübəsində əvəzi olmayan fenomendir. Spesifik Şərq məktəbindən Avropa vokal məktəbinə keçmiş ilk vokalçı, Azərbaycan milli muğam oxuma sənətinin ən yaxşı üsullarını rus və Avropa vokal məktəbi ilə birləşdirərək Azərbaycanda yeni oxuma məktəbi yaratmış, Zaqafqaziya, Orta Asiya, Yaxın və Orta Şərq ölkələri xalqlarının oxuma sənətinə səmərəli təsir göstərib.
Bülbül vokal sahəsində musiqi tədrisi və elmi-tədqiqat prosesinin zirvəsinə yüksəlmiş ilk azərbaycanlı professordur. Azərbaycan vokal sənəti böyük realizm aləminə daxil olmasında, rus və Avropa vokal sənətinin nailiyyətləri əsasında inkişaf edərək və təkmilləşərək məzmunca dövrün ruhuna uyğun zənginləşməsində Bülbülün yaradıcılıq irsinə borcludur.
O, Azərbaycanda ilk dəfə olaraq folklor nümunələrinin toplanılması və öyrənilməsi üzrə elmi-tədqiqat kabineti təşkil etmiş, təcrübəli xalq yaradıcılığı bilicilərini, gənc və istedadlı bəstəkarları və musiqiçiləri klassik xalq melodiyaları irsinin öyrənilməsi və onunla daimi ünsiyyətin təmin olunması məqsədilə buraya cəlb etmişdir. Məhz bunun nəticəsində bir çox Azərbaycan muğamları Azərbaycan və dünya musiqi sənətinin korifeylərindən Q.Qarayevin, F.Əmirovun, Niyazinin, R.Hacıyevin, S.Hacıbəyovun, S.Rüstəmovun, C.Cahangirovun, C.Hacıyevin, T.Quliyevin və bir çox başqalarının opera, balet, simfonik, kamera, instrumental və vokal əsərlərində, mahnı və romanslarında öz parlaq ifadəsini tapıb.
Azərbaycan folklorunun tədqiqi üzrə bir sıra sanballı elmi işlər Bülbülün qələminə məxsusdur, o, Azərbaycanda nəşr olunmuş ilk dünya klassikası və Azərbaycan xalq mahnıları toplularının redaktoru və tərtibatçısıdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts