Milli Kitabxanada “Əməkdar mədəniyyət işçisi Şəmsəddin Axundov” adlı virtual sərgi hazırlanıb

Tokio, 28 dekabr , /AJMEDIA/

Milli Kitabxananın əməkdaşları tərəfindən “Əməkdar mədəniyyət işçisi Şəmsəddin Axundov” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub.
Kitabxanadan AJMEDIA-ya bildirilib ki, sərgi Milli Aviasiya Akademiyasının prorektoru Şəmsəddin Axundovun 90 illik yubileyi münasibətilə hazırlanıb.
Virtual sərgidə fotolar, Şəmsəddin Axundovun müəllifi olduğu kitablar, tərtibçisi və redaktoru olduğu əsərlər, dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilərlər.
Qeyd edək ki, Şəmsəddin Axundov 1932-ci il dekabrın 3-də Bakı şəhərində anadan olub. Bakı şəhərindəki 51 nömrəli orta məktəbi əla qiymətlərlə başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Jurnalistika şöbəsinə daxil olub və 1956-ci ildə universiteti bitirib.
Şəmsəddin Axundov 1956-1965-ci illərdə Mədəniyyət Nazirliyində metodist-inspektor, baş metodist, şöbə müdiri vəzifələrində çalışıb. 1965-cı ildən Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində məsul katib, 1967-ci ildən sədr vəzifələrində çalışan Ş.Axundov 1969-1981-ci illərdə Azərbaycan Həmkarlar İttifaqları Şurasında şöbə müdiri işləyib.
Şəmsəddin Axundov 1981-1987-ci illərdə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının Elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb. 1988-ci ildə o, Mədəniyyət Nazirliyinin Mədəni-maarif Müəssisələri İdarəsinə rəis təyin olunub, 1991-2001-ci illərdə nazir müavini işləyib, həmçinin Azərbaycan Respublikası Nazirlər Sovetinin qərarı ilə Mədəniyyət Nazirliyi Kollegiyasının üzvü təyin edilib.
Şəmsəddin Axundov 2005-ci ildən Milli Aviasiya Akademiyasında prorektor vəzifəsində çalışır. O, burada Aviasiya Tarixi Muzeyinin fəal qurucularından biri və ilk direktoru olub. Onun gərgin əməyi sayəsində Muzeydə Azərbaycanda aviasiya tarixinə dair, xalqımızın ilk qəhrəman aviator oğul və qızları haqqında zəngin material toplanıb.
Topladığı məhz bu dəyərli materiallar əsasında Azərbaycanda ilk dəfə olaraq Azərbaycan və rus dillərində aviasiya tarixinə dair “Azərbaycanda aviasiyanın tarixi: Biblioqrafiya” adlı fundamental kitab tərtib edib.
Şəmsəddin Axundov “Şərəf nişanı”, “Qırmızı Əmək Bayrağı” ordenləri, “Əla mədəniyyət işçisi” medalı, Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif edilib, “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts