Milli Dirçəliş Günü münasibətilə “N” saylı hərbi hissədə “Bir nəfəs qədər” tamaşası nümayiş olunub

Tokio, 21 noyabr , /AJMEDIA/

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının kollektivi Milli Dirçəliş Günü münasibətilə “N” saylı hərbi hissədə “Bir nəfəs qədər” tamaşasını nümayiş etdirib.
AJMEDIA xəbər verir ki, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Vətən uğrunda mübarizədə canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Rejissor Samir Qulamovun pyesi əsasında və quruluşunda ərsəyə gələn “Bir nəfəs qədər” tamaşasını elə müəllifin özü şəxsi heyətə təqdim edib. Səhnə əsərinin qürur mənbəyimiz olan şəhidlərə, qazilərə və Zəfərimizin əsas simasına çevrilən analarımıza həsr olunduğu diqqətə çatdırılıb.
Qeyd edək ki, SSRİ Xalq artisti Fikrət Əmirovun musiqisi əsasında hazırlanan bu tamaşanın ideya müəllifi və bədii rəhbəri, teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Leyla Ağayeva, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur.
Tamaşada Prezident təqaüdçüsü, gənc pianoçu Kamil Həsənovun fortepiano musiqisindən də istifadə olunur.
Hərbi hissənin səhnəsində Əməkdar artist Nahidə Orucova, aktyorlar Gülnarə Abdullayeva, Əmrah Dadaşov, Gülcahan Salamova, Hüseyn Əlili, Səmədzadə Xasiyev, İbrahim Əlizadə, Ofeliya Məmmədova, Nəzrin İsmayılzadə, Murad Əliyev, Əli Kərimov, balet artistləri Məhəmməd Abdullayev və Röya Mehralızadə iştirak ediblər. Onların çıxışları şəxsi heyət tərəfindən böyük rəğbət və sürəkli alqışlarla qarşılanıb.
Əsgər və zabitlər də “Bir nəfəs qədər” tamaşası barədə təəssüratlarını bölüşərək tamaşanın süjet xəttinin onlara çox doğma olduğunu qeyd ediblər. Onlar 44 günlük Vətən müharibəsində Ordumuzun döyüş meydanında göstərdiyi şücaətdən danışaraq, o günləri həm böyük qürur, həm də həyəcan hissi ilə xatırlayıblar.
Sonda Musiqili Teatrın direktoru, fəlsəfə doktoru Əliqismət Lalayev və quruluşçu rejissor Samir Qulamov başda olmaqla, layihənin bütün iştirakçıları hərbi hissənin rəhbərliyi tərəfindən diplomlarla təltif olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts