Kuala Lumpurda Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub VİDEO

Tokio, 29 dekabr, /AJMEDIA/

Azərbaycanın Malayziyadakı səfirliyinin təşkilatçılığı ilə Kuala Lumpur şəhərində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib.

AJMEDIA xəbər verir ki, tədbirdə Malayziyanın müxtəlif ştat və şəhərlərindən gəlmiş həmvətənlərimiz, Türkiyə Respublikasının Malayziyadakı səfiri Merve Kavakçı, qardaş ölkə səfirliyinin əməkdaşları, eləcə də Azərbaycanın Kuala Lumpurda yaşayan dostları iştirak ediblər.

Azərbaycan və Malayziyanın dövlət himnlərinin səsləndirilməsi ilə açılan tədbirdə ölkəmizin Malayziyadakı səfiri İrfan Davudov qonaqları salamlayıb. Bildirib ki, Malayziyada yaşayan azərbaycanlılar dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizlə birlikdə ulu öndər Heydər Əliyevin bizə ərməğan etdiyi bu gözəl bayramı sevinc və iftixarla qeyd edir. Səfir İ.Davudov vurğulayıb ki, müstəqilliyimizin ilk illərində dövlətimizin inkişaf strategiyasını müəyyən edən ümummilli lider Heydər Əliyev həmrəyliyin, birliyin xalqımız üçün nə qədər əhəmiyyətli olduğunu, əvəzsiz önəm daşıdığını dərindən başa düşürdü və bu günü təsis etməklə həmrəylik, birlik hissinin dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının həyat qayəsinə çevrilməsini arzu edirdi.

Qarabağ uğrunda uzun illər davam edən mübarizənin və nəhayət, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Zəfərin Ulu Öndərin uzaqgörənliyinin və siyasi dühasının növbəti təzahürü olduğunu bildirən səfir dahi liderin layiqli davamçısı, Prezident, Ali Baş Komandan İlham Əliyevin bizi qələbəyə aparan “Biz birlikdə güclüyük!” şüarının da məhz bu həmrəyliyin təcəssümü olduğunu qeyd edib.

Sonra söz tədbirin fəxri qonağı qismində iştirak edən Türkiyənin Malayziyadakı səfiri xanım M.Kavakçıya verilib. Bu əlamətdar gün münasibətilə dünya azərbaycanlılarını təbrik edən türkiyəli diplomat bu tədbirdə iştirak etməkdən məmnunluğunu dilə gətirib. O, Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin güclü dayaqlarının olduğunu, bu münasibətlərin regionda sülh və əməkdaşlığın möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.

Tədbirin növbəti hissəsində Bakı Media Mərkəzi tərəfindən hazırlanan materiallar, həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hazırladığı “Əziz Şuşa, biz qayıtmışıq!” adlı video-süjet nümayiş etdirilib, xatirə fotoşəkilləri çəkdirilib. Gecəyə xüsusi rəng qatan azyaşlı həmvətənlərimizə Azərbaycanın milli-mədəni irsini rəsm nümunələri ilə göstərən boyama kitabları hədiyyə edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts