“Kitabi Dədə Qorqud” indiki Ermənistan ərazisinin qədim Oğuz eli olduğunu təsdiq edən əsaslı mənbədir

Tokio, 24 iyul , /AJMEDIA/

“Kitabi-Dədə Qorqud” dastanı orada rast gəldiyimiz adların, hadisələrin cərəyan etdiyi coğrafiyanın türk xalqlarına aid olduğunu tam şəkildə sübut edir. Bu məntiqlə əsaslandıra bilirik ki, “Kitabi-Dədə Qorqud” dastanı indiki Ermənistan ərazisinin qədim Oğuz eli olduğunu təsdiq edən ən əsaslı mənbədir. Dədə Qorqud türk xalqlarının tarixi-mənəvi birliyinin bərpası üçün güclü stimuldur.
Bu fikirləri AJMEDIA-ya açıqlamasında azərbaycanlı alim, filologiya üzrə fəlsəfə doktoru dosent Nailə Əskər ifadə edib.
Türkiyənin Bayburt şəhərində keçirilən 26-cı Beynəlxalq Dədə Qorqud Mədəniyyət və Sənət Festivalı çərçivəsində aparılan müzakirələrin böyük əhəmiyyət daşıdığını bildirən alim deyib ki, indiyədək Azərbaycanda Dədə Qorqud irsi ilə bağlı nümunəvi işlər görülüb. Lakin türk dövlətləri bu istiqamətdə birgə fəaliyyət göstərməklə daha böyük uğurlar qazana bilərlər.
Nailə Əskər bildirib: “Kitabi-Dədə Qorqud”un türk dünyasını təmsil edən alimlər tərəfindən birgə tədqiqi ortadakı mövcud fikir ayrılıqlarının aradan qalxmasını təmin edə bilər. Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatı bu məsələni gündəmə gətirib həll etmək imkanındadır. Təşkilat ümummilli lider Heydər Əliyevin 1997-ci ildə imzaladığı “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin keçirilməsi ilə əlaqədar Fərmanında müəyyən edilmiş strategiyanı indi ortaq fəaliyyət istiqaməti kimi yenidən gündəmə gətirər və böyük nəticələr əldə edə bilərik”.
Qeyd edək ki, Azərbaycanın Türkiyə və Qazaxıstan ilə birgə təqdim etdiyi “Dədə Qorqud irsi: dastan mədəniyyəti, xalq nağılları və musiqisi” çoxmillətli mədəniyyət nümunəsi kimi 2018-ci ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts