“İRS-İsan” beynəlxalq jurnalının yapon dilində növbəti nömrəsi nəşr olunub

Tokio, 3 Dekabr, /AJMEDIA/

Azərbaycan haqqında həqiqətlərin bütün dünyada yayılmasında mühüm rol oynayan “İRS” beynəlxalq jurnalının yapon dilində növbəti nömrəsi nəşr olunub.

AJMEDIA xəbər verir ki, jurnalın bu nömrəsi baş redaktor Musa Mərcanlının “Ədalətin uzun müddət gözlənilən təntənəsi” başlıqlı ön sözü ilə başlanır. Baş redaktor ön sözdə yazır ki, “İRS-İsan” jurnalının növbəti nömrəsinin nəşri Azərbaycanın Vətən müharibəsində qələbəsinin birinci ildönümünün təntənə ilə qeyd olunduğu günlərə təsadüf edir. Bildirir ki, Qarabağ mövzusu 30 ildən çoxdur Azərbaycanda ümummilli əhəmiyyətə malik problem kimi xalqımızın və hökumətin diqqət mərkəzindədir. 2020-ci il sentyabrın sonunda cəbhə xəttində Ermənistanın növbəti silahlı təxribatlarından biri Azərbaycan Ordusunun genişmiqyaslı əks-hücumuna səbəb oldu, İkinci Qarabağ müharibəsi başlanıb. Noyabrın 10-da işğal altında olan ərazilərin əsas hissəsi azad ediləndən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması və davamlı sülhün bərqərar olmasına yönəlmiş bir sıra tədbirlərin nəzərdə tutulduğu birgə Bəyanat imzalayıblar.

M.Mərcanlı qeyd edir ki, ötən ilin payızında işğal altında olan torpaqların azad edilməsi ilə Azərbaycan xalqının çoxdan gözlədiyi tarixi ədalət öz yerini tapıb. Bu qələbə ilə regionda tamamilə fərqli vəziyyət yaranıb, strateji və taktiki üstünlük birmənalı şəkildə Azərbaycanın əlinə keçib.

Jurnalda ötən ilin payızında baş verən və cəmi 44 gün davam edən müharibədə Azərbaycanın parlaq qələbəsindən sonra yeni geopolitoloji vəziyyətin formalaşması barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun “Postmüharibə dövrünün reallıqları” adlı məqaləsində də geniş bəhs olunur. Həmçinin müharibə dövründə Ermənistanın Azərbaycan şəhərlərinə və kəndlərinə raket hücumları barədə informasiyaya yer verilir.

Həmçinin bu mövzuya yaxın olan digər məqalələr də jurnalın səhifələrində yer alıb. Belə ki, Tokionun Keyo Universitetinin professoru Yoko Hirosenin Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümünə həsr edilən məqaləsində ölkəmizin ötən dövrdə qazandığı uğurlara geniş yer verilir. “Azərbaycan müstəqilliyin bərpasının 30-cu ildönümünü qeyd edir” adlı məqaləni ölkəmiz müstəqilliyi bərpa etdikdən sonra onun yeni tarixinin kiçik oçerki də adlandırmaq olar. Məqalədə Azərbaycanın Ermənistan tərəfindən qarşılaşdığı təcavüzə geniş yer verilir. Ötən ilin sentyabrında başlayan və Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatan Vətən müharibəsi haqda ətraflı məlumatla yanaşı, burada ölkəmizin ötən 30 ildə qazandığı iqtisadi uğurları, artan hərbi gücü, mədəni zənginliyi və regionda mühüm rolu barədə bəhs olunur. Azərbaycan ilə Yaponiya arasında artan əməkdaşlığa da yer verilir.

Jurnalda Azərbaycan-Yaponiya əlaqələrindən bəhs edən digər material kimi Yaponiyanın Azərbaycandakı səfiri Cuiniçi Vadanın müsahibəsi də diqqəti cəlb edir. 2020-ci ilin avqustunda Azərbaycana gəldikdən sonra bu əsrarəngiz ölkədə qarşılaşdığı gözəlliklər barədə ətraflı məlumat verən səfir, Azərbaycan haqda öz təəssüratlarını bölüşməklə yanaşı, iki ölkə arasında gələn il qeyd ediləcək diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə hazırlıq barədə də geniş məlumat verir.

Jurnalda böyük Azərbaycan mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880-ci ildönümü mövzusuna da xüsusi diqqət yetirilir. Bildirilir ki, bu il dahi Azərbaycan şairi və mütəfəkkiri, Şərq ədəbiyyatının klassiki Nizami Gəncəvinin anadan olmasının 880 illiyi qeyd edilir. Şairin həyat və yaradıcılığı barədə icmalda yapon oxuculara böyük Azərbaycan şairi barədə ətraflı bəhs olunur.

Bundan başqa, jurnalda Azərbaycanda artıq ənənə şəkli almış “Nar bayramı”, Qarabağ adı çəkilən ilk sikkələr, yüksək dağ kəndi Buduq haqda məlumatların əks olunduğu məqalələr də yapon oxuculara ölkəmiz haqda daha geniş məlumat almaq imkanı yaradır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts