İki əsrdən sonra bərpa edilən “Məclisi-fəramuşan” poeziya məclisinin növbəti görüşləri Şuşada keçiriləcək

Tokio, 8 aprel , /AJMEDIA/

Özbəkistanda Azərbaycan mədəniyyət günləri təşkil edilib. Tədbir həmin ölkədəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı, hər iki ölkənin Mədəniyyət nazirliklərinin və Azərbaycanın Özbəkistandakı səfirliyinin dəstəyi ilə baş tutub.

AJMEDIA xəbər verir ki, əvvəlcə Daşkənddə və Surxandərya vilayətində keçirilən Azərbaycan mədəniyyəti günləri Özbəkistanın Mədəniyyət və Sənət İnstitutunda davam etdirilib. Azərbaycan nümayəndə heyətinin tərkibində Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Milli Məclisin Azərbaycan-Özbəkistan Dostluq qrupunun üzvü Müşfiq Cəfərov, Azərbaycan Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov və digərləri yer alıblar.

Özbəkistan Mədəniyyət və Sənət İnstitutunun rektoru, professor İbrahim Yuldaşev Bakıdan gələn qonaqları salamlayaraq xalqlarımızın tarixən bir-birinə bağlı olduqlarını diqqətə çatdırıb. Rektor iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini bildirərək, Özbəkistan və Azərbaycanın dövlət başçılarının səmimi dostluq münasibətlərini xüsusi vurğulayıb. İki ölkə arasındakı mədəni əlaqələrin gündən-günə genişləndiyini qeyd edən İ.Yuldaşev Özbəkistan və Azərbaycanın ali təhsil ocaqları arasında əlaqələrin gücləndirilməsinin vacibliyindən danışıb. Onun sözlərinə görə, hər il Özbəkistanın ayrı-ayrı şəhərlərdə keçirilən Azərbaycan mədəniyyəti günləri qardaş ölkənin zəngin, təkrarsız mədəniyyəti ilə daha dərindən tanış olmağa imkan verir.

AMM-nin direktoru Samir Abbasov dövlətlərimiz arasında mədəniyyət, elm, təhsil sahələrində əməkdaşlıq, həyata keçirilən böyük layihələr haqqında məlumat verib. O rəhbərlik etdiyi qurumun bu istiqamətdə fəaliyyətindən söhbət açıb. Mərkəzin direktoru Azərbaycan mədəniyyətinin Özbəkistanın regionlarında tanıdılması, regionlarda Azərbaycan mədəniyyəti, ədəbiyyatı günlərinin keçirilməsi, vilayətin kitabxanalarına Azərbaycana dair nəşrlərin hədiyyə edilməsi istiqamətindəki görülən işlərdən bəhs edib. S.Abbasov “Şuşa İli” çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Özbəkistanının Termez Dövlət Universitetində Xurşidbanu Natəvan adına Mədəniyyət Ocağının açılacağını diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan və Özbəkistanın gənc şairlərinin iştirakı ilə 2 əsrdən sonra bərpa edilən “Məclisi-fəramuşan” poeziya məclisinin növbəti görüşləri Şuşada keçiriləcək və Özbəkistanın Xivə şəhəri ilə Azərbaycanın Şuşa şəhəri arasında “Qardaşlaşmış şəhərlər” layihəsi reallaşdırılacaq.

Milli Məclisin Mədəniyyə komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan ilə Özbəkistan arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyini bildirərək, xalqlarımızın dost, qardaş olduğunu vurğulayıb. Komitə sədri şair və yazıçılarımızın dostluğundan söhbət açaraq Səməd Vurğunla Qafur Qulamın dostluğunun bir örnək olduğunu diqqətə çatdırıb. Ölkələrimiz arasında mədəni-humanitar sahədə əməkdaşlıq əlaqələrindən danışan Q.Paşayeva bu istiqamətdə Özbəkistanla birgə mühüm layihələrin həyata keçirilməsinin vacibliyini qeyd edib. O, 44 günlük Vətən müharibəsində Özbəkistanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi üçün minnətdarlığını ifadə edib.

Müşfiq Cəfərov Azərbaycanla Özbəkistan arasında bütün sahələrdə əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini bildirib, parlamentlərarası əlaqələrin daha da genişləndirilməsi istiqamətində atılan mühüm addımlardan danışıb. Bildirilib ki, bu günlərdə Azərbaycan Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistanda olub və yüksək səviyyədə görüşlər keçirib.

Azərbaycan Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli mədəni sahədə əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində görülən işlərdən danışıb və bu işdə Mədəniyyət nazirliklərinin əməkdaşlığı, Özbəkistanda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin mühüm rolunu qeyd edib. Nazirlik rəsmisi gələcəkdə nəzərdə tutulan birgə layihələrdən də söhbət açıb.

İnstitutun tələbələri azərbaycanlı modelyer Afaq İsmayılzadənin hazırladığı Azərbaycan və özbək milli libaslar kolleksiyasını nümayiş etdiriblər. Geyimlərdə hər iki ölkəyə məxsus naxışların əks olunduğu libaslar sərgilənib.

Tədbir geniş konsert proqramı ilə davam edib. Azərbaycanın Xalq artisti Gülyanaq Məmmədova muğamlarımızı, xalq mahnı və təsniflərimizi, İlham Abdullayev sazda qədim el havalarını, institutun ansamblı isə Azərbaycan və özbək mahnılarını ifa ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts