“Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyeva: həkimlik andı və vətəndaş missiyası” – yubiley tədbiri

Tokio, 19 aprel , /AJMEDIA/

Aprelin 19-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə oftalmoloq-alim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyeva: həkimlik andı və vətəndaş missiyası” mövzusunda yubiley tədbiri keçirilib.
AJMEDIA xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini anıb, məzarları önünə tər çiçəklər düzüblər.
AMEA-nın Əsas binasında keçirilən tədbirdən öncə akademik Zərifə Əliyevanın həyat və fəaliyyətini əks etdirən sərgiyə baxış keçirilib.
Tədbirdə giriş nitqi ilə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, ölkə başçısının “Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamında AMEA-ya və Səhiyyə Nazirliyinə bir sıra tapşırıqlar verilib və bundan irəli gələrək hər iki qurumun iştirakı ilə böyük tədbirlər keçirilir. Azərbaycan oftalmologiya elminin inkişafında böyük xidmətləri olmuş Zərifə Əliyevaya həsr edilmiş tədbirlərin yeni nəsil həkimlərin və elmi kadrların hazırlanması işinə də öz töhfəsini verdiyini deyən İsa Həbibbəyli bugünkü yığıncaqda alimin davamçılarının da iştirak etdiyini diqqətə çatdırıb.
“Zərifə xanım Əliyeva görkəmli elm və dövlət xadimi Əziz Əliyev kimi yüksək mövqe tutmuş bir ailədən gəlmişdir. Eyni zamanda, böyük ənənələri olan Azərbaycan Tibb Universitetində müəllimlərindən aldığı dərs, eləcə də özünün böyük səyləri ilə sözün əsl mənasında nüfuzlu həkim kimi formalaşmışdır. O, qısa və sürətlə bu istiqamətdə öz fəaliyyətini uğurla davam etdirmiş, ölkəmizdə və onun hüdudlarından kənarda şöhrət qazanan görkəmli elm xadimi kimi tanınmışdır. Zərifə xanım Əliyevanın həkimlik peşəsinə başladığı ötən əsrin 70-ci illərində Azərbaycanda göz xəstəlikləri üzrə müalicə digər sahələrlə müqayisədə bir qədər geri qalırdı. Məhz Zərifə xanım Əliyeva və onun ətrafında birləşən həkimlərin, mütəxəssislərin birgə səyləri ilə addım-addım bu gerilik aradan qaldırılmışdır. Zərifə xanımın rəhbərlik etdiyi həkim briqadası Bakıda və regionlarda dəfələrlə ardıcıl olaraq müalicə diaqnostika işləri görüblər. Zərifə xanım Əliyevanın traxoma xəstəliklərinə həsr olunduğu dissertasiyası Azərbaycanın müxtəlif bölgələrində göz xəstəliklərinə aid apardığı müşahidələr, eksperimentlər, topladığı materiallar əsasında hazırlanmışdır”, – deyə akademik İsa Həbibbəyli bildirib.
AMEA rəhbəri diqqətə çatdırıb ki, Zərifə Əliyeva, eyni zamanda, keçmiş SSRİ miqyasında ilk dəfə Azərbaycanda göz xəstəliklərinə həssas olan kimya sənayesi sahəsində, sənaye müəssisələrində, eləcə də istehsalat prosesində peşə xəstəlikləri ilə bağlı tədqiqatların əsasını qoyub. Bir çox ölkələrdən oftalmoloqların Bakıda Zərifə xanımın təşkil etdiyi beynəlxalq səviyyəli seminarlarda iştirak etmələri ölkəmizin əsas oftalmologiya mərkəzlərindən birinə çevrildiyini sübut edirdi. Zərifə xanımın yazdığı kitablar, elmi əsərlər, göz xəstəliklərinin müalicəsində xüsusi yer tutur və o, bu istiqamətdə qiymətli əsərlərin müəllifidir. Zərifə Əliyevanın 1979-cu ildə Azərbaycan SSR EA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda SSRİ-də ilk dəfə olaraq Görmə orqanının fiziologiyası və peşə patologiyası laboratoriyasını yaratdığını bildirən İ.Həbibbəyli qeyd edib ki, alim daha çox təcrübi xarakter daşıyan göz xəstəlikləri elminə öz fundamental dəstəyini verib, AMEA-nın həqiqi üzvü seçilib: “Zərifə xanım Əliyevanın fəaliyyətindən danışarkən onun Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin həyatına tam mənası ilə dəstək verməsi, onun fəaliyyətində böyük silahdaş olması nümunəsini göstərib. Zərifə xanım Əliyeva həm də böyük bir ictimai xadim idi. Onun maarifçilik və elmin populyarlaşması istiqamətində rolu danılmazdır. Alimin xidmətləri ölkəmizdə daim yüksək qiymətləndirilib, adı əbədiləşdirilib. Xalq rəssamı Ömər Eldarovun Fəxri xiyabanda hər birimizin böyük ehtiramla ziyarət etdiyi Zərifə xanımın abidəsi bütün Azərbaycan xalqının sevgisini ifadə edən Azərbaycan heykəltəraşlıq sənətinin şah əsəri sayılan bir abidədir. Həmçinin Azərbaycanın görkəmli şairləri də onun barəsində gözəl şeirlər yazıblar”.
Tədbirdə çıxış edən səhiyyə naziri Teymur Musayev qeyd edib ki, bu il adları müasir Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış iki böyük şəxsiyyətin – dahi siyasi xadim, müasir Azərbaycanın memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın elm və təbabət tarixində silinməz izlər qoymuş görkəmli alim və həkim, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmalarının 100 illik yubileyidir. Elm fədaisi, Azərbaycan tibb elminin ən parlaq və tanınmış simalarından olan Zərifə Əliyevaya həsr olunmuş tədbirin məhz elm məbədində – Azərbaycan Milli Elmlər Akademiyasında qeyd edilməsini rəmzi və qürurverici hadisə kimi qiymətləndirən Teymur Musayev bu yubiley tədbirinin görkəmli oftalmoloq-alimə, onun elmi irsinə dövlətin, xalqın, elmi ictimaiyyətin sonsuz ehtiramının ifadəsi olduğunu söyləyib. Qeyd edib ki, Zərifə xanımın nəcib və şərəfli həyat yolunun, hər bir tədqiqatçıya örnək olan elmi fəaliyyətinin öyrənilməsi elmin təbliği, gənc alimlərin tədqiqat işlərinə ruhlandırılması baxımından da böyük əhəmiyyət kəsb edir.
“Zərifə xanım öz elmi fəaliyyəti ilə sübut edib ki, sağlamlığın yolu elmdən keçir, xəstəliklərin qarşısının alınması, müalicəsinin tapılması üçün elmi araşdırmalar praktik həkimlik fəaliyyəti qədər, ondan da çox əhəmiyyət daşıyır. Zərifə xanımın namizədlik dissertasiyasının həsr olunduğu traxoma xəstəliyi də, doktorluq dissertasiyasının mövzusu olan peşə fəaliyyəti ilə bağlı göz xəstəlikləri də o dövrdə həllini tələb edən ciddi məsələlər idi. Zərifə xanımın tədqiqatları sayəsində bu tibbi-sosial problemlərin həlli mümkün oldu”, – deyə Teymur Musayev diqqətə çatdırıb. Akademik Zərifə Əliyevanın peşəkar fəaliyyətlə bağlı görmə problemlərini öyrənmək üçün dünyada sənaye müəssisəsində təşkil olunan ilk elmi-tədqiqat laboratoriyasını yaratdığını, müxtəlif maddələrin gözə təsirini kimya sənayesi işçilərinin öz iş yerində araşdırdığını deyən nazir alimin bu tədqiqatı ilə elm aləmində yeni istiqamət – peşə oftalmologiyasının əsasını qoyduğunu, bu sahədə elmi araşdırmalarının uğurlu nəticələrinə, ümumilikdə oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görüldüyünü, bu mükafatla təltif edilən ilk qadın alim olduğunu söyləyib.
Xalq rəssamı, akademik Ömər Eldarov akademik Zərifə Əliyevanın insanlara nur bəxş edən zəngin həyatına toxunub.
Azərbaycanın tanımış simalarının xatirələrinə həsr olunmuş tədbirlərin keçirilməsinə və onların irsinin gənc nəslə yenidən təqdim edilməsinə görə minnətdarlığını bildirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışında qeyd edib ki, akademik Zərifə Əliyeva Azərbaycan tibb elminin inkişafında müstəsna xidmətlər göstərib, zərif və eyni zamanda, çətin sahədə fəaliyyəti ilə bir çox insana nur bəxş edib. Vurğulayıb ki, elmə və milli-mənəvi dəyərlərə bağlı olan Zərifə xanım hər bir insana diqqətlə yanaşıb, nəzəri və təcrübi elmi tədqiqatları ilə təhlükəli sahələrdə işləyən şəxslərin göz xəstəliklərinin həllinə nail olub, vətənpərvər təəssübkeşliyi ilə cəmiyyətimiz üçün misilsiz faydalı işlərə imza atıb. Zərifə Əliyevanın tələbkar olduğu qədər, eyni zamanda, ədalətli bir insan olduğunu deyən Bahar Muradova alimin fəaliyyətinin bir çox Azərbaycan qadınına stimul verdiyini, elmdə özünə cığır açdığını, dəyərlərimizə gətirdiyi yeni çalarlarla onu zənginləşdirdiyini söyləyib.
AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova “Akademik Zərifə Əliyevanın həyatı və elmi fəaliyyəti” mövzusunda məruzəsində qeyd edib ki, Zərifə xanımın ilk tədqiqatları traxomanın və onun fəsadlarının müalicəsində o zamanlar yeni antibiotikin – sintomisinin effektiv istifadə imkanlarının və üsullarının öyrənilməsinə həsr olunub. Zərifə Əliyeva göz zədələrinin qarşısının alınması və onlara nəzarət imkanlarını öyrənib, gözün zədələnməsinin nəticələrinin cərrahi müalicəsinə mövcud metodoloji yanaşmaları təhlil edib və onların təkmilləşdirilməsi üçün bir sıra faydalı tövsiyələr verib.
“Zərifə xanımın gözün virus xəstəlikləri sahəsində əldə etdiyi elmi nailiyyətlərin tətbiqi bir çox xəstəliklərin differensial diaqnostikası və müalicəsində mühüm irəliləyişlərə səbəb olub. Zərifə Əliyeva gözün bəzi bədxassəli şişlərinin diaqnostikası və müalicəsinə də diqqət göstərib, eyni zamanda, göz melanomasının klinik gedişatının xüsusiyyətlərini öyrənib, əldə etdiyi nəticələri məqalələrdə əks etdirib. Onun monoqrafik əsərləri təkcə oftalmoloqların deyil, həm də fizioloqların stolüstü kitabına çevrilib. Zərifə Əliyeva tibbi etika məsələləri ilə də maraqlanır, həkimlərin cəmiyyətdəki roluna, müvafiq peşə fəaliyyətində əxlaqi prinsiplərin tərbiyəsinə xeyli vaxt ayırırdı. Onun həkimin etik davranışı haqqında çox dəyərli fikirləri, bu mövzuda çoxsaylı məqalə və çıxışları, kitabları həkim şəxsiyyətinin formalaşması işinə mühüm töhfələr verib”, – deyə akademik İradə Hüseynova diqqətə çatdırıb.
Tədbirdə, həmçinin akademik A.Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru professor Ulduz Həşimova “Akademik Zərifə Əliyevanın görmənin fiziologiyası və patologiyası sahəsindəki elmi xidmətləri” mövzusunda məruzə ilə çıxış edib, AMEA-nın müxbir üzvü Rafiq Qasımov isə Zərifə xanım Əliyeva ilə bağlı xatirələrini bölüşüb.
Tədbirdə akademik Zərifə Əliyevanın həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts