Fransada Azərbaycanın mühacirət tarixindən bəhs edən “Məşəli qoruyub saxlamaq” kitabı dərc olunub

Tokio, 7 aprel , /AJMEDIA/

Fransada tanınmış Azərbaycan diplomatı, ictimai xadim, Azərbaycan emiqrasiyası tarixinin araşdırıcısı Ramiz Abutalıbovun tarix elmləri doktoru Georgi Mamulya ilə birgə hazırladığı və Azərbaycan mühacirətinin siyasi tarixindən bəhs edən (1920-1940) “Məşəli qoruyub saxlamaq” adlı kitabı Fransadakı səfirliyimizin dəstəyi ilə işıq üzü görüb.

AJMEDIA AZƏRTAC-a istinadla xəbər verir ki, “Maisonneuve et larose” nəşriyyat evi tərəfindən dərc edilmiş kitab 1920-1940-cı illərdə Azərbaycan mühacirətinin siyasi tarixinə, Azərbaycanın və bütün Qafqazın müstəqilliyinin bərpası uğrunda aparılan mübarizəyə həsr olunub. Kitabda mühacirətdə olan Azərbaycan siyasi partiya və təşkilatlarının rəhbərlərinin 1920-1940-cı illərdə Azərbaycanın və Qafqazın müstəqilliyinin bərpasına maraq göstərmiş Avropa dövlətlərinin rəsmi və qeyri-rəsmi nümayəndələri ilə münasibətləri dərindən təhlil edilib.

İndiyə qədər istifadə olunmamış arxiv sənədlərinə əsaslanan kitab bu illər ərzində Azərbaycanın siyasi mühacirət tarixinin ətraflı mənzərəsini təqdim edir. Kitabda mühacirətin son dərəcə çətin şərtlərinə baxmayaraq, Qafqazın digər xalqlarının nümayəndələri ilə daima birgə fəaliyyət göstərməyi arzu etmiş Azərbaycanın siyasi partiya və təşkilatlarının nümayəndələrinin qafqazlıları bu gündə ruhlandıra biləcək əməkdaşlıq strukturları yaratmağa və inteqrasiyanı inkişaf etdirməyə necə nail olduqları barədə məlumat verilib.

Müxtəlif dövrlərdən bəhs edən kitabda 1920-1921-ci illərdə Azərbaycanın müstəqilliyinin bərpası uğrunda Tiflisdə aparılmış mübarizədən; 1921-ci ildə Briand hökuməti və kamalistləri bolşeviklərlə ittifaqdan ayırmaq məqsədilə Sevr müqaviləsinə yenidən baxılması cəhdlərindən, vahid Qafqaz dövlətinin yaradılmasının ilk planlarından; 1921-1923-cü illərdə Azərbaycan diplomatik nümayəndə heyətinin Kann, Genuya və Lozanna konfransları dövründə fəaliyyətlərindən; 1924-1931-ci illərdə Prometey hərəkatı çərçivəsində Polşa-Azərbaycan əlaqələrindən; 1931-1935-ci illərdə Qafqaz Konfederasiyasının Brüssel Paktı və Prometey hərəkatının Qafqaz mühacirləri qruplarının yenidən təşkilindən; 1935-1939-cu illərdə Prometey cəbhəsinin son dövründə Azərbaycanın milli-azadlıq hərəkatından; 1939-1940-cı illərdə Azərbaycan mühacirəti və Qərb dövlətlərinin Qafqaz layihəsindən danışılır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts