Dövlət büdcəsinin 36 milyard manatı ötməsi ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir

Tokio, 12 iyul , /AJMEDIA/

Davamlı inkişaf yolu ilə irəliləyən ölkəmizin bütün sahələrdə göstəriciləri ildən-ilə artmaqdadır. Həyata keçirilən islahatlar, vətəndaşlarımızın sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində atılan addımlar, qeyri-neft sektorunun inkişafı üzrə görülən işlər öz müsbət nəticələrini verməkdədir. Bunu Prezident İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə səslənən rəqəmlər də təsdiqləyir. Ötən altı ayda nəzərdə tutulmuş hədəflərə nail olunub. Belə ki, əvvəlki dövrlərdə olduğu kimi, ölkəmizdə yenə də dayanıqlı inkişaf təmin edilib, qeyri-neft sektoru böyüyüb, Qarabağ və Şərqi Zəngəzurda misli görünməmiş bərpa-quruculuq işləri geniş vüsət alıb, iqtisadi və sosial sahələrdə ardıcıl və sistemli islahatlar həyata keçirilib və uğurlar da ortadadır. Həmçinin ölkəmizin maliyyə imkanları da genişlənib ki, bu da müvafiq sahədə aparılan islahatların uğurlu nəticəsi və şəffaflığın təmin edilməsi ilə bağlıdır. Eləcə də dövlətimizin büdcəsinin 36 milyard manatı ötməsi ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir.
Bu fikirləri AJMEDIA-ya açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
“İşğaldan azad edilmiş ərazilərimizin tez bir zamanda bərpası və ölkəmizin müdafiə qüdrətinin yüksəldilməsi dövlətimizin müəyyən etdiyi prioritet sahələrdən biridir. Büdcə gəlirlərinin artması imkan verib ki, bu istiqamətdə işlər daha sürətlə və uğurla icra edilsin. Qısa müddətdə görülən işlərin nəticəsi odur ki, artıq Şərqi Zəngəzurda və Qarabağda həyat canlanır, sakinlərin öz ata-baba yurduna qayıdışı prosesi başlayıb. Orada tikinti-quruculuq işlərinin aparılması, müasir şəhər və kəndlərin salınması, infrastrukturun yaradılması, təbii ki, Azərbaycanın iqtisadi gücünü göstərir və bütün bu işləri dövlətimiz heç bir kənar kömək olmadan yalnız özünün maliyyə imkanları hesabına həyata keçirir. O ki qaldı ölkəmizin hərbi gücünə, sözsüz ki, bu, müzakirəolunmaz mövzudur. Çünki beynəlxalq aləm 44 günlük Vətən müharibəsində buna şahid oldu. Müharibədən sonra da Azərbaycan öz hərbi potensialına diqqəti artırıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin xüsusi qayğısı sayəsində son illərdə Ordunun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmlənib. Çevik və sürətli manevrə malik, yüksək dağlıq və çətin şəraitdə döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirə biləcək Komando hərbi hissələri yaradılıb. Bütün bu tədbirlər ancaq müdafiə məqsədilə edilir. Bildiyimiz kimi, dünyada son dərəcə mürəkkəb proseslər gedir, beynəlxalq hüququn prinsiplərinə hörmət olunmur. Biz bunu həm də 30 illik işğal dövründə öz həyatımızda yaşamışıq. Odur ki, müstəqilliyimizin və ərazi bütövlüyümüzün etibarlı təminatı üçün Ordumuz daha da güclü olmalıdır və bu belədir”, – deyə deutat bildirib.
O qeyd edib ki, müşavirədə dövlətimizin başçısı ekoloji məsələyə də toxunub və konkret tapşırıqlarını verib. Təbii ki, bu, kifayət qədər aktual məsələdir və ekoloji problemlər dünyanı ən çox narahat edən məqamlar sırasındadır. İşğal dövründə Ermənistanın Şərqi Zəngəzurda və Qarabağda törətdiyi ekoloji terror dəhşət saçırdı. Meşələr qırılırdı, çaylar çirkləndirilirdi. Həmin ərazilərdə 60 min hektardan çox meşə fondu ermənilər tərəfindən məhv edilib. Ermənistan bu gün də Azərbaycanla yaxın ərazilərində ekoloji tarazlığı pozur, bu sahədə beynəlxalq hüququn müddəalarına məhəl qoymur, çayları, təbiəti çirkləndirən müəssisələr tikir. Ekologiyanın təhlükə altına alınması ümumilikdə insanlıq əleyhinə yönəlmiş cinayətdir və Ermənistan bu işindən əl çəkməlidir.
“İlin birinci yarısının sosial-iqtisadi yekunları bizi əmin etdi ki, dövlətimiz 2023-cü ili böyük uğurlarla başa vuracaq, bütün sahələrdə göstəricilər yüksələcək, ölkəmizin iqtisadi imkanları daha da artacaq”, – deyə AHİK sədri vurğulayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts