“Dəyirmi masa” layihəsinin növbəti tədbiri Azərbaycanın ilk qadın pianoçularından biri Xədicə Qayıbovaya həsr olunacaq

Tokio, 11 iyul , /AJMEDIA/

İyulun 12-də Beynəlxalq Muğam Mərkəzi (BMM) muğam və musiqi sənətimizin elmi-nəzəri və praktiki məsələlərinin müzakirə olunduğu “Dəyirmi masa” layihəsinin növbəti tədbiri Azərbaycanın ilk qadın pianoçusu, 1938-ci ildə əks-inqilabi fəaliyyətdə və türkçülük ideyalarının yayılmasında günahlandırılaraq güllələnmiş Xədicə Qayıbovaya həsr ediləcək.
AJMEDIA xəbər verir ki, layihənin ideya müəllifi BMM-nin direktoru, Xalq artisti Murad Hüseynov, koordinatoru filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlıdır.
Xədicə Qayıbova 1893-cü il mayın 24-də ailəsinin altıncı uşağı olaraq Tbilisidə dünyaya gəlmişdir. Atası torpaq idarəsində çalışan və Tbilisinin məşhur ruhanilərindən olan Osman bəy Müftizadə, anası isə XIX əsrdə burada məskunlaşan tatar əsilli Terequlovlar ailəsinə mənsub Züleyxa xanım idi. Atası qızına mükəmməl təhsil vermək arzusunda idi. Ona görə də bütün imkanlarından istifadə edərək onun Müqəddəs Nina Qızlar məktəbinə daxil olmasına nail oldu. Xədicə xanım burada orta təhsillə yanaşı, eyni zamanda, mükəmməl fortepiano təhsili də aldı.
1911-ci ildə buradan ayrılan 18 yaşlı Xədicə xanım Nadir Qayıbovla ailə həyatı qurdu. Onu da qeyd etmək lazımdır ki, Hüseyn Əfəndi Qayıbov, həmçinin bütün Qafqazda məşhur olan Qori Müəllimlər Seminariyasında Azərbaycan bölməsinin açılmasının təşəbbüskarlarından biri olub. Sonrakı bir neçə ildə qadınlar üçün nəzərdə tutulan rus-müsəlman məktəbində dərs deməyə başlayan Xədicə xanım 1919-cu ildə ailəsi ilə birlikdə Bakıya köçür.
Azərbaycanda sovet hökuməti qurulandan sonra X. Qayıbova musiqi mədəniyyəti sahəsində daha aktiv fəaliyyət göstərməyə başlayır. Maarif Komissarlığında Şərq musiqi şöbəsinin müdiri təyin edilir. Onun təşəbbüsü ilə “Qısamüddətli Şərq musiqi kursları” təşkil olunur, ayrı-ayrı məktəblərdə uşaq xoru yaradılır. 1927-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olur. Bəstəkarlıq sənətinin sirlərini, musiqinin nəzəri məsələlərini mənimsəyir. Muğam variasiyalarını ilk dəfə fortepianoda ifa edir. Onun fəallığı sovet hüquq-mühafizə orqanlarının diqqətindən kənarda qalmır. 1933-cü ildə casusluqda, əks-inqilabi fəaliyyətdə və türkçülük ideyalarının yayılmasında günahlandırsalar da heç bir sübut, dəlil olmadığına görə həbsdən azad edirlər.
Bundan sonrakı fəaliyyətini Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki Elmi Tədqiqat Musiqi kabinetində davam etdirir. Burada xalq dastanları, mahnı və muğamların toplanması ilə məşğul olur. Öz evini əsl musiqi mədəniyyəti ocağına çevirir. Burada mütəmadi olaraq musiqi məclisləri keçirir. Qonaqlar arasında dövlət xadimləri, Bakıya qastrola gələn ifaçılar, xarici qonaqlar, xüsusilə Türkiyədən gələn alimlər, şairlər olub. Araşdırmalarda göstərilir ki, bu musiqi məclislərində həm də Ü.Hacıbəyli, R.Qliyer, H.Sarabski, Bülbül, F.Köprülüzadə, İ.Hikmət və başqaları yaxından iştirak ediblər.
Şərq konservatoriyasının banilərindən hesab olunan Xədicə xanım fortepianoda ifa etdiyi klassik muğam əsərləri ilə qısa zamanda şöhrət qazanmışdı. Azərbaycan SSR XDİK-ın Xüsusi Üçlüyünün 1938-ci il 19 oktyabr tarixli qərarına əsasən Xədicə xanım Qayıbova Türkiyə konsulluğu ilə əlaqəsinə və casusluq fəaliyyətinə görə əmlakı müsadirə edilməklə güllələnməyə məhkum edilmişdir.
Xədicə Qayıbovaya həsr edilmiş “Dəyirmi masa”da alimlər, sənətşünaslar, musiqiçilər iştirak edəcək, onun əzablı həyat və sənət yolundan danışacaqlar. Tədbir çərçivəsində konsert proqramı də təqdim ediləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts