Çoxtərəfli qlobal idarəetmə G20 XİN başçılarının Bali görüşünün diqqət mərkəzində olub

Tokio, 9 iyul , /AJMEDIA/

Beynəlxalq nizamın ciddi təhdid altında olduğu, iqlim böhranının isə pik həddinə çatdığı indiki dövrdə G20 ölkələrinin xarici işlər nazirlərinin iyulun 7-8-də İndoneziyanın Bali adasında keçirilən görüşü çoxtərəfli və qlobal idarəetmədə də ciddi problemlərin yaşandığını nümayiş etdirdi. Bəşəriyyət üçün ümumi bəlaya çevrilən COVID-19 pandemiyası milyonlarla insanın həyatını itirməsinə, aclıq və yoxsulluğun artmasına və əldə edilən uğurların azalmasına gətirib çıxarıb. Bununla yanaşı, Avropanın mərkəzində, Ukraynada davam edən müharibə bütün planet üçün yeni təhdidlər yaradıb.
AJMEDIA xəbər verir ki, G20 xarici işlər nazirlərinin Bali görüşü belə bir şəraitdə artan inflyasiyanın, yaranan iqtisadi və enerji böhranının, həmçinin sülh və təhlükəsizlik problemlərinin həlli üçün platforma rolunu oynamağa çalışıb.
“Birlikdə daha dinc, sabit və firavan dünya quraq” mövzusunda keçirilən görüşün qlobal dirçəlişin müzakirə ediləcəyi strateji foruma çevriləcəyi gözlənilirdi.
Bu gözləntiləri doğrultmaq üçün G20-yə sədrlik edən İndoneziya tərəfi görüşün iki əsas sessiya üzrə keçirilməsini təşkil etmişdi. Çoxtərəfliliyin gücləndirilməsinə həsr edilən birinci sessiyada dünyada sabitliyin, sülhün və inkişafın təmin olunması üçün qlobal əməkdaşlığın gücləndirilməsi və ölkələr arasında qarşılıqlı inamın möhkəmləndirilməsi istiqamətində birgə addımlar müzakirə edilib.
Ərzaq və enerji təhlükəsizliyi mövzularına həsr edilən ikinci sessiyada isə ərzaq böhranının, gübrə çatışmazlığının və əmtəələrin qiymətlərinin dünya üzrə artmasının aradan qaldırılması üçün strateji addımlar barədə fikir mübadiləsi aparılıb.
İndoneziya Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı yaydığı məlumatda deyilir: “Əmtəə qiymətlərinin artması və tədarükün qlobal zəncirində yaranan pozulmalar inkişaf etməkdə olan ölkələrə ciddi təsir göstərir. Buna görə də “Böyük iyirmilik” dünyanın müxtəlif regionlarını təmsil edən iqtisadi forum olaraq, davamlı sosial-iqtisadi qərarların axtarışı və qəbulu üçün hərtərəfli müzakirələrin aparılmasına şərait yaradır”.
Görüşün ilk sessiyasında çıxış edən BMT-nin Baş katibi Antonio Quterreş yaranmış geosiyasi şəraitdə çoxtərəfli prinsiplərin və forumların gücləndirilməsi ilə əlaqədar olan fikirlərini iştirakçılara çatdırıb. “Bu sessiyanın mövzusu olan çoxtərəfliliyin gücləndirilməsi bizim seçimimiz deyil, zərurətdir. Bu, geniş yayılmış ərzaq qıtlığından, dərinləşən iqlim xaosundan və heç bir ölkədən yan keçməyəcək yoxsulluq dalğasından qorunmağın yeganə yoludur”, – deyə BMT-nin Baş katibi videoformatda çıxışı zamanı vurğulayıb.
A.Quterreş bir daha təsdiq edib ki, müasir mürəkkəb və bir-biri ilə sıx əlaqəli dünya daha səmərəli, şəbəkəli və əhatəli ola biləcək çoxtərəflilik tələb edir.
“Biz mövcud institutların güclü tərəflərini birləşdirərək, insanlığın ən ciddi problemlərinin həllinə çalışmalıyıq”, – deyə o bildirib.
Baş katib daha davamlı, əhatəli və dayanıqlı qlobal iqtisadiyyatın qurulması üçün “Böyük iyirmiliyin”, BMT-nin İqtisadi və Sosial Şurasının, beynəlxalq maliyyə institutlarının və BMT Baş katibi ofisinin sammitlərinin iki ildən bir keçirilməsini təklif edib.
“Çoxtərəfliliyin gücləndirilməsi sülhün, sabitliyin və hamı üçün inkişaf edən dünyanın formalaşmasının yeganə yoludur. Dünya iqtisadiyyatının 80 faizini əhatə edən G20 ölkələri bunu həyata keçirə bilər”, – deyə A.Quterreş qeyd edib.
Görüşdə qlobal çağırışların həlli ilə əlaqədar müxtəlif təkliflər də səslənib. Belə ki, İndoneziyanın xarici işlər naziri xanım Retno Marsudi öz çıxışında G20 ölkələrini müxtəlif qlobal çağırışları həll etmək üçün birliyə çağırıb: “Yalnız belə olacağı halda G20 təkcə öz üzvləri üçün yox, bütün dünya üçün aktual və faydalı ola bilər”.
Nazir çıxışında dünya qarşısında duran problemləri də sadalayıb. Buraya Ukraynada davam edən müharibə fonunda yaranan ərzaq və enerji problemlərinin, hələ də davam edən COVID-19 pandemiyasının aid olduğunu deyib.
R.Marsudi qeyd edib ki, müharibənin nəticələri inkişaf etməkdə olan və daha az gəlirə malik ölkələrdə daha çox hiss edilir. Həmin ölkələrdə 2022-ci ildə illik inflyasiyanın 8,7 faiz həddinə çatacağı proqnozlaşdırılır. Buna görə də G20-yə cari ildə sədrlik edən İndoneziya xarici işlər nazirlərinin görüşündə qlobal çağırışları cavablandırmaq üçün ölkələr arasında əməkdaşlığın əhəmiyyətini qabartmaq məqsədilə çoxtərəflilik mövzusunu önə çıxarıb.
“Qlobal problemlər qlobal qərarların qəbulunu tələb edir. Lakin səmimi etiraf edək ki, hazırda dünyanın bir masa arxasında əyləşməsi getdikcə daha da çətinləşir”, – deyə indoneziyalı nazir bildirib. Əlavə edib ki, bütün ölkələr çoxtərəflilik prinsipini dəstəkləməli və onu həyata keçirməyə çalışmalıdırlar.
Bu məqsədlə G20-yə sədrlik edən İndoneziya ilk dəfə olaraq, tədbirə inkişaf etməkdə olan və kiçik ada dövlətlərini, o cümlədən Sakit okean Adaları Forumunun və Karib cəmiyyətinin, həmçinin Afrika İttifaqının üzvlərini dəvət edib.
Bundan əlavə, xanım nazir çoxtərəfli mexanizmlərin qlobal çağırışlara cavab verə bilməsi üçün qarşılıqlı inamın artırılmasının zəruriliyini də qeyd edib.
G20 xarici işlər nazirlərinin görüşünün nəticəsi olaraq mətbuata bəyanatla çıxış edən R.Marsudi deyib ki, görüş iştirakçılarının sülh və sabitlik üçün münbit şərait yaradılması məqsədilə xalqlar arasında inamın zəruriliyi fikrini bütün iştirakçı ölkələr dəstəkləyib.
“İştirakçıların əksəriyyəti müharibənin tezliklə dayandırılmasına və münaqişənin diplomatiya və danışıqlar yolu ilə tənzimlənməsinə çağırıblar”, – deyə nazir əlavə edib.
Xarici işlər nazirlərinin görüşündə iştirakçılar, həmçinin çoxtərəfliliyin təhlükə altında olmasından və qlobal çağırışlara səmərəli cavabların verilməsi üçün maneələrin artmasından da narahatlıqlarını ifadə ediblər.
“İştirakçılar çoxtərəfliliyin möhkəmləndirilməsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac olması barədə təkliflə də razılaşıblar”, – deyə R.Marsudi qeyd edib.
İndoneziyalı nazir bir daha vurğulayıb ki, çoxtərəflilik qlobal problemlərin ən yaxşı yolu olaraq qalır.
“Pandemiya dövründə peyvəndlərə bərabər əlçatanlığın təmin olunması məqsədilə əldə edilən əməkdaşlıq çoxtərəfliliyin uğur tarixinin bir nümunəsidir”, – deyə nazir bildirib. O əlavə edib ki, siyasi iradə və qlobal əməkdaşlıq çoxtərəfliliyin bütün dünyaya fayda gətirməsi üçün həlledici əhəmiyyətə malikdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts