Bu il Çinlə Avropa arasında yük daşıyan qatarların sayı 9 faiz artıb

Tokio, 2 aprel , /AJMEDIA/

Çindən Avropaya və əksinə istiqamətdə hərəkət edən yük qatarlarının sayı cari ilin yanvar-fevral ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9 faiz, daşınan yüklərin həcmi isə 10 faiz artıb.

AJMEDIA xəbər verir ki, bu barədə “China Railway Group” açıqlama yayıb.

Bildirilir ki, hazırda Çinin 120, “Bir kəmər, bir yol” ölkələrinin isə 25 şəhəri ilə Avropa arasında qatarlarla yüklərin daşınması həyata keçirilir. Cari ilin yanvar-fevralında qeyd olunan istiqamətlərdə 2928 qatar vasitəsi ilə 317 min konteyner daşınıb. “China Railway Group”un ilin ilk ayında Çinin Sian, Çonçin və İvu şəhərindən Bakı, Tbilisi və İstanbula açdığı yeni marşrutlar üzrə 18 qatar hərəkət edib.

Qeyd edək ki, Çin ilə Avropa arasında dəmir yolu ilə yük daşımalarına 2011-ci ildən başlanılıb. Ötən müddətdə Çindən Avropanın və Asiyanın onlarla şəhərinə və əks istiqamətdə 85 mindən çox qatar səfər edib. Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verildikdən sonra Azərbaycandan keçməklə bir neçə yeni Çin-Avropa yük qatarı marşrutu istifadəyə verilib. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra şimal xətti üzrə dəmir yolu marşrutlarında yaranmış çətinliklər logistika şirkətlərinin Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinə – Orta Dəhlizə marağını əhəmiyyətli dərəcədə artırıb. Son vaxtlar Qırmızı dənizdəki təhlükəsizlik problemləri səbəbindən gəmilərin Çindən Avropaya səyahət müddəti ən azı 12 gün çoxalıb, nəticədə daşıma və sığorta xərcləri 2 dəfədən çox artıb.

Beynəlxalq ticarətdəki gərgin vəziyyət fonunda Çin-Avropa yük qatarları hər 2 istiqamət üzrə sabit, sürətli və sərfəli alternativ yaradıb. Bu kontekstdə Orta Dəhlizin əhəmiyyəti getdikcə daha qabarıq formada özünü göstərir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu yaxınlarda Çində keçirilən Asiya naminə Boao Forumunun illik konfransında çıxışı zamanı bildirib ki, ötən il Orta Dəhliz üzrə yük daşımalarının həcmi 2 dəfə artaraq 3 milyon tona çatıb. Yaxın illərdə bu rəqəmin 10 milyon tona çatacağı gözlənilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts