Bolqarıstanda Azərbaycan mədəniyyəti gecəsi təşkil olunub

Tokio, 8 iyun , /AJMEDIA/

Bolqarıstanın ən qədim şəhərlərindən olan Sozopolda “Soleil” 11-ci Beynəlxalq Frankofoniya Festivalı çərçivəsində Azərbaycan mədəniyyəti gecəsi təşkil edilib.
AJMEDIA xəbər verir ki, tədbirdə Sozopol meriyasının nümayəndəsi, Bolqarıstanın Xarıcı İşlər Nazirliyinin Dövlət Mədəniyyət İnstitutunun direktoru, Bolqarıstan, Makedoniya, Ruminiya, Albaniya və Gürcüstan rəssamları, KİV nümayəndələri, şəhər sakinləri və digər qonaqlar iştirak ediblər.
Festival çərçivəsində Azərbaycan Mərkəzi tərəfindən şəhərin ən gözəl məkanlarından biri olan Etnoqrafiya muzeyində “Odlar yurdu bolqar uşaqlarının gözü ilə” adlı rəsm sərgisi təqdim olunub.
Tədbiri giriş sözü ilə açan festivalın direktoru Aleksandrina İsaylova Azərbaycanın bir neçə il ardıcıl olaraq festivalda aktiv iştirak etdiyini qeyd edərək Azərbaycanı əks etdirən sərginin festivalın qonaqları arasında çox böyük maraq doğurduğunu söyləyib.
Tədbirdə çıxış edən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin müdiri Sofiya Şıqayeva-Mitreska bu rəsm sərgisinin ötən il Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibətilə təşkil edilmiş uşaq rəsm müsabiqəsində iştirak edən rəsmlərin bir hissəsi olduğunu qeyd edib. Xanım Şıqayeva-Mitreska sərgi barədə məlumat verərək bolqar uşaqların Azərbaycanın rəngarəng adət-ənənələrini, mədəniyyətini, Azərbaycanın multikulturalizm ənənələrini rəsmlərdə nümayiş etdirdiyini bildirib.
Mərkəz müdiri Bolqarıstanın Azərbaycanın müstəqilliyini qəbul edən birinci ölkələrdən olduğunu və bu il yüksək səviyyədə inkişaf edən Azərbaycan və Bolqarıstan arasında diplomatik münasibətlərinin 30-illik yubileyinin qeyd edildiyini vurğulayıb. Həmçinin Sofiyada Azərbaycan Dili Mərkəzinin mövcudluğunun ikitərəfli mədəniyyət münasibətlərinə müsbət təsirindən danışaraq bu sərginin ikitərəfli dostluq münasibətləri üçün simvolik olmasını bildirib.
Qeyd edək ki, Bolqarıstanda Beynəlxalq Frankofoniya Festivalı 2011-ci ildən keçirilir və şəhərinin ictimai və mədəni həyatında böyük mədəni hadisəyə çevrilmiş bu qəbildən yeganə olan tədbir müxtəlif ölkələrin mədəniyyətini bolqar xalqı və ölkənin qonaqlarına nümayiş etdirir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts