Biz Laçın şəhərinə qayıtdıq – azad Laçından görüntülər

Tokio, 3 sentyabr , /AJMEDIA/

Otuz illik Laçın həsrəti nəhayət ki bitdi… Avqustun 26-da Azərbaycanın nəzarətinə keçən Laçın şəhərində üçrəngli Azərbaycan bayrağı qaldırıldı.
Düşmən ötən 30 ildə Laçında qeyri-qanuni məskunlaşdırma aparsa da, istəyinə nail ola bilmədi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qalib Azərbaycan əsgəri indi Laçının keşiyində dayanır.
AJMEDIA azad Laçın şəhərindən görüntüləri təqdim edir.
Şəhəri tərk edən ermənilər bu dəfə də öz mənfur əməllərindən əl çəkməyiblər. İşğal dövründə qeyri-qanuni məskunlaşdırma zamanı tikilən evlərin bəziləri yandırılıb və ya dağıdılıb.
Bu gün Laçında polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən postlar qurulub. Hərbi polis bölmələrinin Laçın şəhəri, Zabux və Sus kəndlərində xidməti fəaliyyəti təşkil olunub.
“Azərsu” ASC-nin mühəndis-texniki heyəti, qəza-bərpa briqadasından ibarət qrup Laçın şəhərində işlərə başlayıb. Şəhərə alternativ bulaqlardan suyun gətirilməsi təmin edilib.
Artıq Laçının gecələri qaranlığa bürünmür. İndi bu qədim yurdumuzda Azərbaycan işığı yanır. “Azərenerji” ASC ermənilər tərəfindən dağıdılmış yarımstansiyanın ilkin bərpası istiqamətində qısa müddətdə xeyli iş görüb – əraziyə transformatorlar, lazımi elektrik avadanlığı və texnika gətirilib. Laçında cəmi dörd gündə ölkə enerji sistemi ilə əlaqələndirilmiş şəbəkə yaradılıb.
Xatırladaq ki, avqustun 26-da Prezident İlham Əliyev tviter səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı paylaşım edib. Ali Baş Komandan həmin gün Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürüldüyü müjdəsini verib, bu münasibətlə laçınlıları və bütün Azərbaycan xalqını təbrik edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts