Bakıda Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş konfrans keçirilib

Tokio, 3 may , /AJMEDIA/

Mayın 3-də Mətbuat Şurasında Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş konfrans keçirilib.
AJMEDIA xəbər verir ki, tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri Rəşad Məcid mediamızın keçdiyi tarixi yoldan danışıb. Bildirilib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da 3 May -Ümumdünya Mətbuat Azadlığı Günü qeyd edilir. Bu günün qeyd edilməsi imkan verir ki, söz və ifadə azadlığı, medianın sərbəst fəaliyyəti ilə bağlı məqamlara nəzər salınsın. Bugünkü konfransın Ulu Öndər Heydər Əliyevin 100 illiyi ərəfəsinə təsadüf etdiyini deyən Mətbuat Şurasının sədri qeyd edib ki, Ümummilli Lider bütün varlığı ilə cəmiyyətdə plüralist fikrin inkişafına böyük dəyər verirdi.
Şura sədri vurğulayıb ki, Prezident İlham Əliyev də Ulu Öndərin media siyasətinə sadiqliyini nümayiş etdirdi. Onun sözlərinə görə, ölkəmizdə dövlətin informasiya siyasəti Konstitusiyamızda əks olunmuş fikir, söz və məlumat azadlığının, vətəndaşların informasiya əldə etmək hüququnun ardıcıl və tam təmin edilməsinə yönəlib.
Rəşad Məcid jurnalistlərin Vətən müharibəsində iştirakına da toxunub. Qeyd edib ki, jurnalistlər müharibə dövründə aktiv fəaliyyət göstəriblər. Kəlbəcərdə mina partlaması nəticəsində həmkarlarımız Məhərrəm İbrahimov və Sirac Abışov şəhid oldular.
Sonra çıxış edən Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov bildirib ki, 1993-cü il dekabrın 20-də BMT Baş Məclisinin qərarı ilə mayın 3-ü Ümumdünya Mətbuat Azadlığı Günü elan olunub. Məhz 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müstəqillik tarixinin əsasını qoymaqla yanaşı, dövlətimizin idarəçilik mexanizmlərini formalaşdırıb, ölkəmiz müstəqil dövlət olaraq beynəlxalq birliyə uğurla inteqrasiya edib. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyamızda söz, fikir və məlumat azadlığına dair konkret müddəalar öz əksini tapıb.
Ə. İsmayılov əlavə edib ki, plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr Ümummilli Liderin siyasi iradəsi və böyük səyləri nəticəsində aradan qaldırılıb.
Diqqətə çatdırılıb ki, Azərbaycan müstəqil siyasət yürüdən, müasir, güclü, beynəlxalq münasibətlər sistemində layiqli yeri olan dövlətə çevrildiyi üçün müxtəlif səviyyələrdə dezinformasiya savaşının hədəfinə tuş gəlib. Çıxış yolu isə Azərbaycan mediasının güclü olması, ölkəmiz haqqında həqiqətlərin dünyaya çatdırılmasında, milli maraqlarımızın müdafiəsində sayıqlığı və fəallığı artırmaqdır.
Əhməd İsmayılov onu da qeyd edib ki, ölkəmizdə ifadə və söz azadlığı yüksək səviyyədə təmin olunub. Media sahəsində institusional quruculuq işlərinin davam etdirilməsi məqsədilə Medianın İnkişafı Agentliyi yaradılıb. Mediaya yanaşmada dövlətin siyasi xəttinin fəlsəfəsi “Media haqqında” Qanunun ruhunda əks olunub. “Media haqqında” Qanun beynəlxalq norma və prinsiplər, habelə mütərəqqi xarici təcrübə nəzərə alınmaqla hazırlanıb. Qanunun ayrı-ayrı normaları işlənərkən müxtəlif dövlətlərin analoji qanunları araşdırılmış, ictimaiyyətin sosial sifarişinə, beynəlxalq hüquqi aktların yanaşmasına, xarici dövlətlərin təcrübəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə uyğun olaraq qabaqcıl standartlara cavab verən normalar formalaşdırılıb” – deyə o bildirib.
Daha sonra Mətbuat Şurasının İdarə heyətinin üzvləri Müşfiq Ələsgərli, Ceyhun Musaoğlu, Azər Həsrət, Aqil Ələsgər, Elçin Mirzəbəyli çıxış edərək, medianın mövcud problemlərindən danışıblar.
Sonda Mətbuat Şurasının Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağlı bəyanatı səsləndirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts