Bakı Enerji Forumunun ikinci günü maraqlı müzakirələrlə yadda qaldı

Tokio, 3 iyun , /AJMEDIA/

Bakı Enerji Forumunun ikinci günündə Xəzər regionunda kəşfiyyat və hasilat imkanları, təhlükəsizliyin gücləndirilməsi ilə dayanıqlı inkişafın təmin edilməsi, uğurlu enerji keçidində insan kapitalının rolu, enerji sektorunda texnoloji innovasiyalar, yaşıl enerji və xalis sıfır emissiya mövzuları müzakirə olunub.
AJMEDIA xəbər verir ki, SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə çıxışında Ulu Öndər Heydər Əliyevin neft-qaz sənayesinin inkişafındakı xidmətlərindən danışıb. Bildirib ki, Heydər Əliyev hələ 1970-ci illərdə ölkəmizin neft-qaz sənayesinə xüsusi qayğı ilə yanaşıb, mövcud vəziyyətlə tanış olub və qarşıda duran məsələləri həll etməyə başlayıb: “Qısa zaman ərzində dünyada məşhur olan üzən qazma qurğuları və digər istiqamətlərdə işləməyə imkan verən qurğular əldə edildi. Bu qurğuların sayı 11-ə çatdırıldı. Azərbaycan üçün 75 növdə 400-dən çox gəmi alındı. Bu, çox böyük inkişaf idi. Bu nailiyyətlərdən sonra yataqlar kəşf edilməyə başlandı. Dünyada məşhur olan “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqlarının “Günəşli” hissəsi 1979-cu ildə, “Çıraq” hissəsi 1985-ci ildə, “Azəri” hissəsi 1987-ci ildə kəşf edildi. Bu yataqlarla bərabər bir sıra kiçik platformalar aşkar edildi. Heydər Əliyev sanki bilirdi ki, Azərbaycan müstəqil olacaq, ona görə də sovet dövründə Azərbaycanın neft sənayesini daim diqqətdə saxlayırdı. Sovet dövründə neft sənayemizdə müəyyən işlər görülmüşdü və işləmək üçün şərait yaradılmışdı”.
X.Yusifzadə vurğulayıb ki, “Azəri-Çıraq-Günəşli” sovet dövründə kəşf edilsə də, tam dərinliklərində iş aparılmırdı: “Ölkəmiz müstəqil olandan sonra istəyirdik ki, yataqların birgə işlənməsi ilə bağlı xariciləri dəvət edək. Bir çoxları hesab edirdi ki, bizim sovet dövründən neft sənayesində təcrübəmiz var, xariciləri niyə dəvət etməliyik? Xarici şirkətləri dəvət etmək qəbahətli iş deyildi. Çünki dünyada belə təcrübə çoxdur. Heydər Əliyevlə məsləhətləşəndən sonra belə qərara gəlindi ki, xarici şirkətləri dəvət edək və onlarla birgə işləyək. Tender elan edildi, əsasən ABŞ, İngiltərə, Türkiyə şirkətləri ölkəmizə gəlməyə başladılar. Danışıqlar Bakıda, İstanbulda, ABŞ-ın Hyuston şəhərində keçirilirdi və asan getmirdi, bizim xarici şirkətlərlə danışıq aparmaqla bağlı geniş təcrübəmiz yox idi.
İlham Əliyev həmin dövrdə Dövlət Neft Şirkətində çalışırdı. Onun xarici dilləri bilməsi, xaricdə təhsil alması işin gedişinə çox kömək etdi. Vaşinqtonda görüş zamanı qarşı tərəf bildirdi ki, Azərbaycan Rusiya ilə Xəzər dənizinin statusu məsələsini həll etməlidir. Hələ o vaxt 1994-cü il idi. Həmin vaxt mən Heydər Əliyevə zəng vurdum və qarşı tərəfin istəyini məruzə etdim. Heydər Əliyev İlham Əliyevi Vaşinqtona göndərdi, bu məsələni həll etdi. Biz ümumi razılığa gəldik. Beləliklə, 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləs”inin imzalanmasına nail olduq. Rusiya ilə Xəzər dənizinin statusu ilə bağlı məsələni isə 2002-ci ildə həll etdik.
“Əsrin müqaviləsi”nin Azərbaycana çox xeyri oldu. Dünyanın aparıcı dövlət və şirkətləri bir daha əmin oldular ki, Azərbaycan müstəqil dövlət və etibarlı tərəfdaşdır. Saziş imzalandıqdan sonra xarici şirkətlər daha 35 sazişə imza atdılar. Müqavilənin iqtisadi əhəmiyyəti isə o oldu ki, Azərbaycanın neft sənayesinin hasilatı ən aşağı səviyyədən – 1997-ci ildə 9 milyon tondan 2010-cu ildə 51 milyon tona çatdı. Beləliklə, neft hasilatı 5,6 dəfə artdı”.
Diqqətə çatdırılıb ki, cari il mayın 1-dək “Şahdəniz” qaz-kondensat yatağından 192 milyard kubmetr qaz hasil edilib. Bu günə qədər yataqdan 41 milyon ton kondensat da hasil olunub. Yatağın qaz ehtiyatları 1,2 trilyon kubmetr, kondensat ehtiyatları isə 240 milyon ton qiymətləndirilir. Həmçinin “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənilməsinə başlanılandan mayın 1-dək 573 milyon ton neft hasil edilib. İndiyə qədər yataqlar blokundan 208 milyard kubmetr qaz hasil olunub. İndiyədək AÇG-də hasil edilən neftin 340 milyon tondan çoxu Azərbaycanın mənfəət neftinin payına düşüb. Azərbaycanda hasil edilən 654 milyon ton neftin 484 milyon tonu “Bakı-Tbilisi-Ceyhan” kəməri vasitəsilə dünya bazarlarına çıxarılıb.
Daha sonra SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov yaşıl enerjiyə keçidi sürətləndirmək, keçid prosesini effektiv etmək və gələcəkdə ölkənin yaşıl iqtisadiyyatını səmərəli şəkildə idarə edə bilmək üçün yüksəkixtisaslı kadrların, mütəxəssislərin və mühəndislərin hazırlanmasına ciddi ehtiyac olduğunu qeyd edib.
O bildirib ki, iqlim dəyişikliyi və digər qlobal çağırışlar fonunda SOCAR neft-qaz sənayesində zəngin təcrübədən istifadə etməklə gələcək inkişaf çərçivəsində bioyanacaq və hidrogen kimi digər aşağı karbonlu biznes fəaliyyətlərində iştirakı nəzərdə tutur: “Bərpaolunan enerji sektorunun inkişafı bu sektorda məşğulluq imkanlarını artırır. Təbii ki, əmək bazarı və təhsil müəssisələri bu artıma hazır olmalıdır. Bərpaolunan enerji sektorunda işçi sayı 2020-ci ildə dünya üzrə 12 milyon, 2021-ci ildə 12 milyon 700 min nəfər qeydə alınmışdısa, 2050-ci ildə bu rəqəmin 43 milyona çatacağı gözlənilir”.
Xalik Məmmədov vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərində məhz yaşıl enerji layihələrinə üstünlük verilib. Həmin ərazilərdə günəş enerjisi potensialı 7200 meqavat və külək enerjisi potensialı isə 2000 meqavat olaraq müəyyən edilib.
O, həmçinin qeyd edib ki, yaşıl və rəqəmsal enerji texnologiyalarının tətbiqi, bərpaolunan enerji resurslarından istifadənin genişləndirilməsi və enerji təhlükəsizliyinin gücləndirilməsi üçün innovativ ideyaları artırmaq məqsədilə innovasiya startaplarının sayının artırılması düşünülür.
“TotalEnergies”in Azərbaycan üzrə idarəedici regional direktoru Regis Aqut şirkətin 2024-cü ildə “Abşeron” yatağında hasilata başlamağı planlaşdırdığını diqqətə çatdırıb.
Onun sözlərinə görə, şirkət “yaşıl” texnologiyalardan istifadə etməklə və minimum karbon emissiyası ilə mədən proseslərini həyata keçirməyi nəzərdə tutur: “Bütün bunlar bizə neft hasilatının davamlılığına və təhlükəsizliyinə nail olmağa imkan verəcək. Biz baş ofisimizdə “Smart Home Data Center” işləyib hazırlamışıq, burada qazma prosesini və səmərəliliyini izləyirik. Bu məlumat mərkəzi bizə dünyada olan bütün “TotalEnergies” yataqlarını izləməyə imkan verir”.
Daha sonra İqtisadiyyat Nazirliyi yanında Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzi (4SIM) ilə “Iteca Caspian” şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədi Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktor vəzifəsini icra edən Fariz Cəfərov və “Iteca Caspian” şirkətinin baş direktoru Fərid Məmmədov imzalayıblar.
Forum iyunun 3-də Naxçıvan şəhərində “Naxçıvan və Şərqi Zəngəzurun yaşıl enerji potensialı” mövzusunda xüsusi sessiya ilə öz işini davam etdirəcək

Follow us on social

Facebook Twitter Youtube

Related Posts